"Azərbaycan artıq şərt diqtə edən dövlətdir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Bu gün Qafqaz İslam Ordusu və Azərbaycan komandanlığı Bakı şəhərini bolşevik-daşnaqların işğalından azad edib. 100 il bundan əvvəl də millətimizin ağır günündə qardaş türklər bizim köməyimizə gəlib". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi: "Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türk Azərbaycana yardım etdi. Biz Nuru və Ənvər Paşanı minnətdarlıqla xatırlamalıyıq".

E.Musayev vurğulayıb ki, bu gün də aydın görünür ki, çətin gündə Azərbaycan və Türkiyə bir yerdədirlər. 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük: "Dünyanın belə çətin zamanında Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diqtə edən dövlətdir. Çox xoşbəxt haldır ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...