"Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir" - MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı Aydın Mirzəzadənin yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Aydın müəllim, İkinci Qarabağ savaşının başlandığı 27 sentyabr 2020-ci il tarixindən bizi bir illik zaman ayırır. Tarixi Zəfərimizin fonunda 30 illik işğal dövrünün reallıqları necə görünür?

- 27 sentyabr bundan sonra Azərbaycan xalqının tarixində çox önəmli bir yer tutacaq. Həmin gün Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan bu günü səbirsizliklə gözləyirdi, buna hazırlaşırdı. Ərazi bütövlüyümüzün təmin edilməsi üçün Azərbaycanın Ermənistana etdiyi ən böyük güzəşt diplomatik danışıqların aparılması idi. Ancaq Ermənistan bunu qiymətləndirə bilmədi. İşğalçı dövlət belə hesab etdi ki, onun çirkin niyyətlərinə Azərbaycan əbədi olaraq dözəcək, dünya Ermənistanı dəstəkləyəcək. Dünya tarixində heç zaman tutulan torpaqlarda dağıntılar aparılmır, qəbiristanlıqlar dağıdılmır, yerli əhali qovulmur. Ermənistan bunun hamısını etdi. Özünün xislətini, əsl mahiyyətini ortaya qoydu.

Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı. 1988-ci ildə xalqımızın Ermənistanın Azərbaycan ərazilərinə iddiasına qarşı ayağa qalxması torpağa bağlılığımızın, heç kəsə güzəştə getməyəcəyimizin nümunəsi idi. Baxmayaraq ki, Azərbaycan o zaman başqa dövlətin tərkibində idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Dağlıq Qarabağ məsələsində köklü dəyişikliklər baş verdi. Dövlətçiliyimiz möhkəmləndi. Vahid komandanlıq altında silahlı qüvvələr yaradıldı. Ermənistanın işğalının qarşısı alındı. Hər bir sahədə uğurlara imza atıldı, ordu qələbəyə hazırlandı, ölkəmiz beynəlxalq aləmdə öz haqq səsini bütün ünvanlara çatdırdı. Ən əsası isə 30 il ərzində heç bir zaman Dağlıq Qarabağ məsələsi ümummilli məsələlər çərçivəsində arxa plana keçmədi. Hər bir azərbaycanlı ərazi bütövlüyü məsələsini özünün şəxsi məsələsi hesab edirdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətini gücləndirdi. Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulacaq vəzifələri yerinə yetirəcək qüvvəyə çevrildi. Azərbaycan xalqının milli birliyi təmin olundu. Azərbaycanın bütün resursları ərazi bütövlüyümüzün təmin olunmasına istiqamətləndirildi. Aparılan siyasət Ermənistanın növbəti təxribatının qarşısını alaraq Vətən müharibəsinin başlanmasına, ərazi bütövlüyümüzün təmin olunmasına imkan yaratdı. 44 gündə bir gün də olmayıb ki, Azərbaycan Silahlı Qüvvələri tutduqları mövqedən geri çəkilsinlər. Ermənistana layiq olduğu yer göstərildi. Bu işdə milli birliyimiz, milli ideologiyamız əsas rol oynadı. Cənab Prezidentimizin liderlik qabiliyyəti, onun Azərbaycanın maraqlarını uğurla həyata keçirməsi, hər bir azərbaycanlının etimadını qazanaraq yeni bir tarix yazması bizim üçün çox böyük şərəfdir. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən 3000-ə qədər şəhidimizi böyük ehtiramla xatırlayır. Onlar bizim tariximizin qəhrəmanları, bizim üçün nümunədirlər. Onların ailələri, yaxınları bizim üçün bir əmanətdir ki, dövlət onlara daim diqqət və qayğı göstərir. Qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli dövlətimizin diqqətindədir. 27 sentyabrdan başlanan şərəfli yol Qələbəmizlə başa çatdı. Şuşamız, digər torpaqlarımız işğaldan azad edildi. Müharibədən sonrakı dövrdə Azərbaycan qısa zamanda işğaldan azad olunan torpaqlarda infrastruktur layihələri həyata keçirir. Şuşa dirçəldilir. Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enişi oldu. Ərazilərimizin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin geri qayıtması üçün işlərin görülməsi onu söyləməyə əsas verir ki, 30 il düşmən tapdağı altında qalan, amma azad ediləcəyinə hər zaman əmin olan bu torpaqlarda yeni həyat başlayıb.

- İşğaldan azad edilmiş ərazilərimizə yeni həyat gətirən bərpa və quruculuq işlərinin miqyasının genişliyi hansı çağırışları, məqamları özündə ehtiva edir?

- Azərbaycan quruculuq işləri ilə ilk növbədə yaradıcı xalq olduğunu göstərir. Ermənistan işğal etdiyi torpaqları əgər dağıdırdısa, su, elektrik xətlərini, qəbirüstü daşları söküb aparırdısa, Azərbaycan bu ərazilərdə nümunəvi yaşayış məskənləri salır. Dünya Ermənistanla Azərbaycanın, Ermənistan cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin fərqini görür. Eyni zamanda, torpaqlarımızın bərpa edilməsi, yaşayış üçün rahat şəraitin yaradılması göstərir ki, biz bu torpaqların sahibiyik, bu torpaqlara əbədi gəlmişik.

- Aydın müəllim, alınması möcüzə kimi dəyərləndirilən mədəniyyət paytaxtımız Şuşaya çəkilən Zəfər yolunun tikintisi sentyabrın sonuna başa çatdırılır. Bu yolun mənəvi və strateji əhəmiyyətini necə şərh edərdiniz?

- Füzuli-Şuşa yolu bu gün torpaqlarımızın bərpası məsələsində mərkəzi yer tutur. Bu, böyük bir regionun mədəniyyət paytaxtımıza çıxışını təmin edir. Bütün yolların Şuşaya aparması inamına gətirib çıxarır. Bu yolun böyük strateji əhəmiyyəti vardır. Zəfər yolu ətrafında olan bölgələrin inkişafına dəstək verəcək. Bu yol Şuşamızı, digər bölgələrimizi turizm mərkəzinə çevirəcək. Həmçinin Zəfər yolunun çəkilməsi Azərbaycan dövlətinin qüdrətini göstərir. Təsadüfi deyil ki, bu gün Ermənistan sosial şəbəkələrində Azərbaycanın qısa zamanda böyük layihələr həyata keçirməsi vurğulanır və öz liderlərinə böyük irad bildirilir. Azərbaycan qısa zamanda nələr edə biləcəyini göstərdi. Təkcə Füzuli-Şuşa yolu, Zəfər yolu çəkilmir. İşğaldan azad edilmiş ərazilərdə 700 km-ə qədər uzunluqda olan yol layihələri həyata keçirilir. Ermənistan sərhədinə qədər böyük bir yol çəkilir. Bu, gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün böyük rol oynayacaq. İşğaldan azad edilmiş rayon mərkəzlərinin hər birinin bir-biri ilə əlaqəsi üçün yollar çəkilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qısa zamanda həmin torpaqları bərpa edəcək və dünya nümunəvi şəhərlərin, kəndlərin, turizm mərkəzlərinin, universitetlərin, fermer təsərrüfatlarının yarandığı bir bölgə görəcək.

- Ümumiyyətlə, tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna hansı əlavələri edir?

- Azərbaycan həm ulu öndər Heydər Əliyevin, həm də onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində beynəlxalq arenada yüksək nüfuza malikdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, bir-birinin ardınca beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ünvan seçilməsi, Qoşulmama Hərəkatına üç illik sədr olması Azərbaycanın qazandığı nüfuzu göstərir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin və rolunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın quruma sədrliyinin daha bir il uzadılması qərarını qəbul etdilər. Qoşulmama Hərəkatının tarixində indiyə qədər belə bir hal olmamışdır. Eyni zamanda, Vətən müharibəsinin nəticələri digər dövlətlərə də kiçik bir dövlətin öz gücünə arxalanaraq suveren hüquqlarını bərpa etməsinin mümkünlüyünü göstərdi. Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...