“Təlimlərdən rıçaq kimi istifadə etmək olar” POLİTOLOQUN YANAŞMASI

Baxmayaraq ki, Ermənistan tərəfi rəzil bir durumda məğlub oldu, onların təxribatları davam edir və hesab edirəm ki, bu təxribatlar uzun müddət davam edəcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, nə qədər ki, bölgədə Rusiya var, nə qədər ki, bölgədə Rusiya öz maraqlarını güdməyə çalışır Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması olduqca müşkül bir məsələyə çevriləcəkdir.

“Hesab edirəm ki, bu məsələdə, yəni Ermənistanın atdığı təxribatçı addımların qarşısının alınması məsələsində Azərbaycan konkret olaraq mövqe ortaya qoymalıdır. Mövqe isə ondan ibarətdir ki, Rusiya qarşısında şərt qoyulmalıdır, ya Ermənistan- Azərbaycan dövlət sərhəddində və Rusiya dırnaqarası sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Qarabağ bölgəsində erməniləri sakitləşdirməlidirlər, yaxud da biz ikinci dəfə, yəni söhbət Qarabağ ərazisindən gedir ki, orada antiterror əməliyyatı keçirəcəyik, erməniləri oradan təmizləyəcəyik. Təbii ki, burada söhbət əli silahlı ermənilərdən gedir. Əgər erməni əhalisi Azərbaycan vətəndaşı olacaqlarsa, burada heç bir problem olmayacaqdır.

Qaldı ki, baş verən məsələlərlə bağlı, Ermənistanın mövqeyi bəllidir. Daha doğrusu mövqesizliyi bəllidir bizim üçün. Çünki, Ermənistan qətiyyən vəziyyətlə barışmaq niyyətində görünmür. Ona görə ki, onların hər zaman avantürist siyasəti olubdur, bu gün də var və təbii, nə qədər ki, Rusiya onların arxalarında dayanıbdır, nə qədər ki, Rusiya onlara dəstək verir bu və ya digər şəkildə, ermənilər beləcə ortada fırlanacaqlar. Məsələni hansı formada həll etmək sualına gəlincə, yaxın müddətdə hansısa sülh müqaviləsini imzalayacağımızı, yaxud da tərəflər arasında yaxın vaxtda sülh müqaviləsinin imzalanacağını görmürəm. Çünki, aramızda həll olunmamış hələ çox böyük problemlər var. 10 noyabr, 11 yanvar üçtərəfli müqavilələrin icrası ilə bağlı Ermənistan tərəfi demək olar ki, üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Azərbaycanın ərazilərinin bəziləri hələ də onlarda qalıb. Məsələn, Qazağın 7 kəndi, Naxçıvanın 1 kəndi hələ Azərbaycana qaytarılmayıbdır, Zəngəzur dəhlizi hələ açılmayıbdır, eyni zamanda erməni terrorçu qruplaşmaları 10 noyabr sazişinin dördüncü bəndinə uyğun olaraq həmin ərazidən çıxarılmayıbdır. Yəni, bunların hamısı mütləq şəkildə həyata keçirilməlidir. Bir sözlə, biz müqavilə bağlayırıq, Ermənistan tərəfi həyata keçirmir və bu da nəticə etibarı ilə, belə deyək ki, müqavilənin kağız üzərində qalması deməkdir.

Digər tərəfdən isə burada Ermənistanın daxili siyasəti ilə bağlı da böyük problemlər var. Təbii ki, Paşinyan hakimiyyətə gəldi, seçildi, təkbaşına bir hakimiyyət qurur və bu da o demək deyil ki, Rusiya Paşinyanla işləməyə hazırdır və Paşinyanı qəbul edibdir. Sözsüz ki, Paşinyanın Qərbyönümlü olduğu üçün Rusiya bu məsələdə bir az özü tərəddüd edir və hətta Paşinyan hakimiyyəti daxilində belə Rusiyanın adamlarının olması onu göstərir ki, Ermənistanda stabillik həm daxili faktorlar səbəbi ilə, həm xarici faktorlar səbəbi ilə mümkün olmayacaqdır. Bundan sonrakı mərhələdə uzun müddət hələ Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulması müşahidə olunacaq. Atəşkəsin müxtəlif istiqamətdə olması onu göstərir ki, onlar tərəfindən Rusiyanın “xeyir-duası” alınıb, Rusiya buna razılıq verib. Amma açıq şəkildə bu bir az da Azərbaycana təzyiq etməkdir.

Hesab edirəm ki, bu gün Türkiyə və Azərbaycan ordusunun müəyyən hissələri Laçın dəhlizi yaxınlığında təlimlər keçirlər və bu təlimlərdən müəyyən bir rıçaq kimi istifadə etmək olar. Yaxın günlərdə, hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyə hərbi bazalarının Laçın ərazisində yerləşdirilməsini, eyni zamanda Qarabağın digər işğal olunmuş ərazilərində yerləşdirilməsinə nail olmalıdır və bundan sonra artıq bölgədə balans yarana bilər. Sözsüz ki, bu da hadisələrin gedişatına təsir edə bilər və nəticə etibarı ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşa bilər və ola bilsin ki, o zaman mərhələli bir şəkildə sülh müqaviləsinə doğru addımlar atıla bilər”, deyə Samir Hümbətov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə