“Rus sülhməramlıları boşluqlara və məsuliyyətsizliyə yol verirlər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Rus sülhməramlıları boşluqlara və məsuliyyətsizliyə yol verirlər” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində istənilən tədbirlərin keçirilməsi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Ora kənar ölkələrdən gələn heyət isə tamamilə buraxılmamalı və bunun buraxılması üçün də Azərbaycandan icazə alınmalıdır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Ədalət Verdiyev təəssüflə bildirib ki, artıq rus sülhməramlıları neçənci dəfədir ki, bu məsələlərdə boşluqlara və məsuliyyətsizliyə yol verirlər: “Erməni deputatlarının 20 nəfərlik bir qrupunun “Laçın dəhlizi”ni keçməklə separatçı rejimin “müstəqillik günü”nün qeyd olunmasında iştirak etmək üçün Xankəndinə gəldiyi bildirilir. Məndə olan bəzi təsdiqlənməyən məlumatlara görə, Azərbaycan tərəfi bu fəaliyyətlərin qarşısının alınması üçün tədbirlər görür. Məsələn hazırda Xankəndidə mobil rabitənin basdırılmasına dair müəyyən siqnallar almışam, amma bu, heç də tədbirin keçirilməyəcəyi anlamına gəlməz. Bir necə gün öncə müdafiə naziri də təxribatlarla əlaqədar ordu birləşmələrinə lazımı göstərişləri verib. Separatçı rejimin “müstəqillik gününün” qeyd etməsi tamamilə Azərbaycanın maraqlarına ziddir və bu, siyasi bir təxribatdır. Bu təxribatın qarşısının alınması üçün Azərbaycan əlində olan bütün güc imkan və vasitələrdən istifadə etməlidir. Zərurət yarandığı halda Azərbaycan ərazilərinə qanunsuz keçən erməni deputatların həbs olunması belə mümkündür. Çünki onlar gəlib bizim əsgərimizin düz burnunun ucundan Qafan-Gorus yolundan geri qayıdacaqlar, çünki başqa yol mövcud deyil. Əgər bunu biz indi etməsək, gələcəkdə də bu kimi təxribatlarla qarşılaşmağımız mümkündür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə