2 sentyabr: qırmızı təqvimin qaraya çevrilməsi - ETİRAF

2 sentyabr: qırmızı təqvimin qaraya çevrilməsi - ETİRAF

Zaman keçdikcə Ermənistanda sağlam düşünmək istəyənlərin sayında artım müşahidə edilir. Obyektiv düşünmək iddiasında olanlar öncə regionda baş verən hadisələrin təhlilini aparır, ölkəsinin harada, nə vaxt və necə səhvlərə yol verdiyini analiz edir, düşdüklərin bu ağır durumdan çıxış yollarını arayır, günahkarları bir daha dəqiqləşdirir. Erməni analitik Tevos Arşakyan da Qarabağda yaşayan ermənilərin indiki durumu, "müstəqillik günü" barədə qeydləri mətbuatda yer alıb.

Arşakyan yazır: Erməni xalqının tarixində daha bir qara tarix təqvimə düşdü - 2 sentyabr. Keçən ilin bu günü bir-birimizi bayram münasibətilə təbrik edirdik, amma bu gün təqvimin qırmızı günü qara rəngə boyandı. Xalqımızın yaddaşında bu qədər kədərli tarixlər çoxdur, ancaq 2 sentyabr 2021-ci il tarixə "Dağlıq Qarabağ Respublikası"nın sonu - ölüm günü kimi düşəcək.

Söhbət təxmin etdiyiniz kimi, ikinci erməni dövlətinin müstəqillik günündən gedir. 30 il əvvəlin bu günü xalq deputatları məclisinin iclasında "Dağlıq Qarabağ Respublikası" elan edildi. Şuşada yaşayan azərbaycanlı silahlılar tərəfindən Qarabağın paytaxtının davamlı atəşə tutulmasına baxmayaraq bu müstəqillik elan edildi. Sonra daha çətin günlər gəldi, şəhər sakinləri evlərinə çevirdikləri zirzəmilərdə gizlənərək sağ qaldılar.

1994-cü ildə bağlanan atəşkəs sazişindən sonra, Ermənistan prezidentləri Koçaryan və Sarkisyan başda olmaqla bütün vəzifəli şəxsləri ildə ən azı iki dəfə - Şuşanın azad edildiyi gün - 8 mayda və 2 sentyabrda Müstəqillik Günündə "Artsax"a gələrdilər.

Amma "Artsax"ın müstəqilliyinin 30-cu ildönümündə Ermənistanın ən yüksək vəzifəli şəxslərindən heç biri özlərinə əziyyət verib unudulmuş, taleyin ümidinə buraxılmış bu torpağa gəlmədi. Prezident Sarkisyanın adından quru kağız üzərində təbrik ünvanlansa da, o da Qarabağa gəlməyi lazım bilmədi və harada olduğu da bəlli deyil. Beləliklə, sentyabrın 2-də Ermənistan rəsmiləri "Artsax"ın müstəqillik günü münasibətilə mesajlarını dincəldikləri istirahət otaqlarından, xarici ölkələrdən göndərdilər. Təmtəraqlı sözlər əvəzinə Qarabağa ayaqüstü də olsa gəlsəydilər bundan min dəfə yaxşı olardı.

Baş nazir Paşinyan da onlardan geri qalmadı, belə çətin dövrdə ya Rusiyanın Soçi şəhərində, ya da Ermənistanın heç kimə bəlli olmayan ucqar məkanlarında qısamüddətli tətil keçirmək qərarına gəldi. Müstəqilliyin 30 illiyi münasibətilə qısa mesaj göndərməklə işini bitmiş hesab etdi. Halbuki, 2020-ci ilin 8 may tarixində Şuşada yallı gedirdi, şənlənirdi. Əslində sonuncu olan şənlikdə onun hərəkətləri Azərbaycana müharibədən başqa yol buraxmadı. Amma bu gün Ermənistanın ali rəhbərliyinin heç bir nümayəndəsi, nə prezident, nə baş nazir, nə tətildə olan baş naziri əvəz edən Papikyan, nə də xarici işlər naziri Mirzoyan Qarabağa gəlmədilər. Deməli, məğlubiyyətlə, Qarabağın itirilməsi ilə barışıblar.

Onların utancverici davranışlarının səbəbi nədir? Cavab dəhşətlidir və aydındır. Bir tərəfdən, Ermənistanın ən yüksək vəzifəli şəxsləri qorxurlar, düşünürlər ki, onların Qarabağa gəlməsi Əliyevi qəzəbləndirər, digər tərəfdən, Qarabağa gəlmədikləri barədə kimin nə deyəcəyi onların vecinə deyil, ən azından onların Qarabağdan da vacib işləri var. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Vahaqn Xaçatryan isə Ermənistan rəhbərliyinin bu gün "Artsax"a getməməsi barədə verdiyi qərarı normal hesab edir: "Deməli, lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Başqa heç nə axtarmayın, hər şey qaydasındadır”.

Ermənistan müxalifətinin indiki "ataları", Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da sentyabrın 2-də "Artsax"a gəlmədilər. Baxmayaraq ki, hər ikisi burada doğulublar, onlar doğma "Artsax"ı ziyarət edə bilərdilər. Amma Köçəryanla Sarkisyan bunu etmədilər, çünki onlarda ürək yoxdur, qorxaqdırlar.

Əlbəttə Qarabağda baş verənlərdən ürəyi dağlanan Ermənistan vətəndaşlarını başa düşmək olar. Həqiqətən də, prezident, baş nazir və Ermənistan hökumət üzvləri sentyabrın 2-də "DQR"-ə gəlsəydilər, Stepanakertin ermənilər üçün İrəvanla eyni paytaxt olduğunu və Artsaxın Ermənistanla eyni erməni dövləti olduğu barədə bir növ ümumi erməni mesajı vermiş olardılar. Ancaq səlahiyyətlilər bunu etmədilər, bu o deməkdir ki, onlar artıq "Artsax"ı ürəklərindən siliblər, onun itirilməsi ilə barışıblar. Ya da Paşinyanın blokundan olan deputatlar kimi daşa basılmaq istəmədilər. Reallıq isə budur ki, "8 may" və "2 sentyabr" erməni xalqı üçün 27 Fevral, 13 Yanvar, 10 Aprel, 27 Oktyabr, 9 Noyabr kimi qara təqvim tarixinə çevrildi...

Özünü Qarabağdakı ermənilərin lideri kimi təqdim edən Arayik Arutyunyan rus sülhməramlılarının mövcudluğundan ilham alaraq, həm də Ermənistan rəhbərlərinə gözdağı vermək üçün nə isə etmək istəsə də, alınmadı. Əksinə, bütün zəifliyini, itdiyini, bitdiyini, məhv olduğunu isbat etmiş oldu. Əslində Arayikə qalsa günü bu gün Moskvaya uçar, bu yaxınlarda açdığı oteldə administrator kimi işini davam etdirərdi. Amma sülhməramlılar imkan verərmi?

Növbəti etirafçı Xaçatur İ. adlı erməni analitik isə digər mətləblərə toxunub:

Belə bir deyim var, "göz yaşı içində bayram". "Artçax"ın 30 illik yubileyində də bu deyim yada düşdü. Bəli, biz bu bayramı belə təsəvvür etmirdik. 30 il zaman etibarilə uzundur. Bu müddət ərzində iri dövlətlər, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ermənilərin öz müqəddaratını təyinetmə hüququndan ağızdolusu danışsalar da "Artçax"ın müstəqilliyini tanımaq barədə düşünmək istəmədilər. Fransanın kiçik şəhərləri ilə "Stepanakert"i qardaşlaşdırdılar, amma Fransanın rəsmi dairələri "Artsax"ı dövlət kimi tanımadılar.

ABŞ rəsmi olaraq "Artçax"a maliyyə vəsaiti ayırdı, Azərbaycana isə silah satışını məhdudlaşdıran "907-ci düzəliş"i tətbiq etdilər, amma rəsmi Vaşinqton "Artçax"ı müstəqil dövlət kimi tanımadı. Hərçənd bunu etmək onlar üçün heç də çətin deyildi.

Rusiyaya gəlincə, Ermənistan hər şeyini, iri müəssisələrini ona verdi. Hətta Türkiyə və İranla sərhədlərinin qorunmasını Rusiya sərhədçilərinə həvalə etdi. İndi də Azərbaycanla sərhədlərimiz rusiyalı sərhədçilər tərəfindən qorunur. Bizim tərəfimizdən nə lazımdırsa, hər çür addım atılıb, amma rəsmi Moskva da 30 il ərzində "Artçax"ın müstəqilliyini tanımaqdan faktiki olaraq imtina edib. 44 günlük müharibə zamanı da Rusiya əlini əlinin üstünə qoyub müşahidə aparmaqla işini bitmiş hesab etdi. Halbuki, Ermənistan Rusiyanın müttəfiqidir, KTMT-də birgə təmsil olunurlar və bu qurumun qanunlarına görə, Moskva İrəvanı tək qoymamalı idi.

Praktika göstərir ki, Rusiya heç vaxt bizim müttəfiqimiz olmayıb. Moskva Ermənistan və "Artçax"dan yalnız öz strateji məqsədlərinə çatmaq üçün istifadə etdi. İndi Laçın dəhlizi Rusiyanın nəzarəti altındadır və sülhməramlı adı altında "Artçax"da ağalıq edir. Dolayısı ilə Rusiya müharibədə iştirak etmədən, döyüşsüz hər iki tərəfdən çox pay qoparıb. Biz 1989-cu ildə müharibəyə başlayanda qarşımıza belə bir məqsəd qoymamışdır. Belə çıxır ki, tökülən qanlar əbəs yerə imiş. 30 ilin nəticəsi budur - qəhrəmanlarımızın məzarı tüpürcək yerinə çevrilib. Ora təkcə Fransa, ABŞ, ya da Rusiya tüpürmür, ora Ermənistanda hakimiyyət davasına çıxan hər kəs tüpürür.

"Qarabağ xalqının öz müqəddaratını təyinetmə mövzusu müzakirə mövzusu ola bilməz" deyən Paşinyan və onun komandası parlamentdə üstünlük təşkil etsələr də, qanunların qəbulunda söz sahibi olsalar da, "Artçax"ın müstəqilliyini tanımağı ağıllarının ucundan da keçirmirlər. Deməli hər şey sözdə imiş. Maraqlar təmin olunandan sonra "miaçume" kimsənin yadına da düşmür...

Bəli, ermənilərin qurmaq istədiyi, lakin 30 il çalışdıqları iş fiaskoya uğradı. Təbii ki, belə də olmalı idi. Dünya ölkələri, hətta Ermənistan və ermənilər tərəfdən 30 il bizə qarşı mübarizə aparan ermənipərəst dövlətlər və təşkilatlar haqqın, ədalətin kimin tərəfində olduğunu bildikləri üçün Azərbaycanın ərazilərində ikinci erməni dövləti yaratmağa cürət edə bilmədilər.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə