Rövşən Rəsulov: “Ermənistan həmin məntəqədə yaşayan 65 min vətəndaşının taleyi barədə düşünmür” ŞƏRH

“Gorus-Qafan magistralının Azərbaycan hissəsində yolların hərbçilərimiz tərəfindən bağlanması və paralel olaraq ermənilərin istər hələ də müəyyən olunmamış dövlət sərhədində, istərsə də Qarabağdakı Rusiya SM-nın nəzarəti altında olan Azərbaycan ərazilərində törətdikləri təxribatlar artıq növbəti dəfə deməyə əsas verir ki, onlar ümumiyyətlə sülhə hazır deyillər”. SİA xəbər verir ki, bu fikirləri siyasi yazar Rövşən Rəsulov “İnfoteka” teleqram kanalında yazıb.

Onun sözlərinə görə, kiçik və qorxaqcasına törətdikləri təxribatlar isə erməni revanşistlərin iç üzlərini daha çox qabardır. SİTAT: “İrəvana və onu əllərində ipli kukla kimi oynadanlara da bu lazımdır ki, Azərbaycan qıcıqlansın, xüsusilə sərhəd zolaqlarında onların təxribatçı tələlərinə düşsün. Onlara məhz bu lazımdır ki, Azərbaycan irimiqyaslı cavab versin. Bakı isə 30 ilə yaxın səbr etdi və bu gün də İrəvanın yanında olan bəlli dairələrin məqsədlərinən kifayət qədər agah olsa da, ötən payızda qəti sözünü dedi - cəmi 44 günə! Bu gün də deyə bilər və istənilən dairələrin ağızlarını yummaq gücündədir. Lakin bir var təxribata çəkmək, bir də var məqsədini reallaşdırmaq. Azərbaycan heç bir təxribata getməməklə, öz məqsədlərini təmkinlə, qətiyyətlə gerçəkləşdirəcək və buna da kimsənin şübhəsi olmamalıdır. Ermənistan kirli cəhdlərini realizə etmək düşüncələrini artırınca, boynuna dolanmış ipi boyun fəqərələrini daha da sıxıb-əzəcək”.

Siyasi yazar hesab edir ki, Ermənistan daxili böhranlarını həll edib düşdüyü vəziyyətdən çıxması yerinə odla oynamağı daha çox üstün tutur və bu da ona heç bir səmərə verməyəcək.

“Təsəvvür edin, bu gün Gorus-Qafan yoluna nəzarət edən Azərbaycan əsgəri öz missiyasını həyata keçirir, amma Ermənistan həmin məntəqədə yaşayan 65 min erməni vətəndaşının taleyi barədə düşünmür. Bu say Qarabağda yaşayan ermənilərin sayından kifayət qədər çoxdur. Amma Ermənistan rəhbərliyi hələ də “status” və ya “artsax” ermənilərinin müqəddəratlarının təyin olunması kimi sərsəm ideyaları ilə vaxt uzadırlar. Nə zamana qədər, hansı vaxta kimi?”, deyə qeyd edən Rövşən Rəsulov bildirib ki, əgər ümidlərini Laçın dəhlizinə dikiblərsə və bundan sonra da belə davam edərlərsə, artıq onu da unuda bilərlər. Çünki bu mövzu ümumiyyətlə, müzakirə oluna bilməz. Qarabağın hər nöqtəsi, hər millimetri Azərbaycandır və cümlədən, Şərqi Zəngəzur da daxil olmaqla Qərbi Azərbaycan tarixi torpaqlarımız da Azərbaycan deməkdir. Onlar bunu düşünsünlər və hər dəfə təxribatlara əl atarkən böyük itkilərə məruz qalacaqlarını dərindən dərk etsinlər. Belə ki, səbrin də tükənən vaxtı olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə