“Rusiyanın davranışlarında da ciddi dəyişikliklər var” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanın sərhəddə bu cür təxribatlara əl ataraq gərginlik yaratmasında məqsəd həm sülh müqaviləsindən qaçmaq, həm də sərhədlərin delimitasiyası ilə bağlı məsələləri həll etmək və Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən qaçmaqdır. Bir sözlə, Ermənistan 10 noyabr razılaşmalarını həyata keçirməmək üçün bu üsuldan istifadə edir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Ermənistan bütün bu təxribatları törədir ki, Azərbaycana psixoloji təzyiq göstərsin və digər tərəfdən böyük sülh müqaviləsinin imzalanması üçün açıq-aşkar ciddi problemlər yaradır: “Rusiya da 10 noyabr sazişinin vasitəçi tərəfi kimi öz funksiyalarını yerinə yetirmir. Son vaxtlar Rusiyanın davranışlarında da ciddi dəyişikliklər əmələ gəlir, yəni Ermənistanı silahlandırır və ölkədə yenidən sürətlə silahlanmaya rəvac verir. Bu, kimə lazımdır? İki dövlət arasında sülh yaratmaq əvəzinə, əksinə, Ermənistanı birtərəfli qaydada silahlandırır”.
Xatırladaq ki, avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
DSX-nin yaydığı məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
"Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək", - məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB