Prezident İlham Əliyev: “Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır”
Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir: Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.
Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir. Paşinyan başa düşməlidir ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşadan regiona və dünyaya etdiyi çağırışları bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti rəhbəri olduğu ölkə bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün sülhə hazır olmaqla bərabər, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi bunun təsdiqidir.
Şuşa Bəyannaməsi - Bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən tarixi Zəfər
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, həm də tarixi Zəfər Bəyannaməsi olmaqla, eyni zamanda ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs oldu. Digər uğurlu addım Türkiyə Respublikasının Şuşada baş konsulluğun açılması ilə Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə olmaqla, həm də Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
Belə olan halda, ermənilər anlamalıdırlar ki, sülh onların yeganə çıxış yoludur. Bu gün mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq. İqtisadi amillər yeni münasibətlərin formalaşmasına səbəb olacaq. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Ən əsası isə, bu tarixi sənədlər qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirdi. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. Bir sözlə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır. Bu əməkdaşlıq Qafqazın inkişafını təmin etməklə yanaşı, həm də regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir.Lakin buna baxmayaraq, hazırda dünyada elə qüvvələr var ki, regionumuzda sülh və təhlükəzisliyin bərqərar olmağında maraqlı deyil. Revanşist dairələr tərəfindən, “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz”,– kimi absurd iddialar səsləndirilir. Amma unudurlar ki, münaqişə məsələsi, başqa sözlə, Azərbaycanın haqq mübarizəsi 44 günlük Vətən müharibəsində həllini tapıb, Ermənistanın uzun bir dövr ərzində işğal altında saxladığı ərazilər güc yolu ilə azad edilib, ölkəmiz özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini gerçəkləşdirib, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə yerinə yetirib.
Bir məqamı da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev müharibə başlayan ərəfədə, döyüşlər getdiyi günlərdə çıxışlarında, müsahibələrində “Ermənistan tərəfi işğal altında saxladığı bütün ərazilərdən çıxmaq müddəti ilə bağlı bizə cədvəl təqdim edəcəyi anda biz dayanmağa hazırıq”, – deyirdi.Dövlətimizin başçısı müharibənin sonunda, kapitulyasiya aktını imzalayandan sonra isə bildirdi: “Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda, onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub”.
Bəli, bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz.İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib.
Revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək
Bəli, dövlət başçısı İlham Əliyevin Kəlbəcərə və Laçına səfəri zamanı Ermənistanın son təxribatlarına ən tutarlı cavabı yaddaqalandır. "Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir”, - deyən dövlət başçısı səfər zamanı vacib bəyanatlar verməklə bir daha dövlət başçısı Ömər aşırımının ən hündür yerindən ölkəyə müraciət etdi: “Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm”. Kəlbəcərə müharibədən sonra ilk dəfə səfər etdiyini, bu bölgənin yenidən bərpa olunub qurulacağını bəyan edən dövlət başçısı ölkə mətbuatına da səsləndi: “1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.
Dövlət başçısı onu da bildirib ki, müharibə artıq 9 aydır qurtarıb: «Bu müddətdə Azərbaycanın atdığı bütün addımlar sülhə, iqtisadi dirçəlişə və işğal edilmiş ərazilərdə iqtisadiyyatın dirçəlməsinə yönəlib. İşğalçı Ermənistan isə faşizmin quluna çevrildiyini anlamadan revanş siyasətindən əl çəkmir. Paşinyan danışıqlara hazır olduğunu bəyan edir, amma elə bu bəyanatda 30 il erməni vandallığını dilə gətirməyən Minsk qrupundan təkliflər gözlədiyini bildirir. Bütün sərhədlərimiz boyu məğlub və məhv edilən erməni ordusu təxribatlar törədir, qatil və cani Sarkisyan Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan ərazilərində peyda olaraq sərsəm bəyanatlar səsləndirir».
Şərtləri qaliblər diktə edir
Bəli, bu gün şərtləri qaliblər diktə edir. Çünki güclü ideyanı müdafiə edən xalq güclü olduğu kimi, güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 18 il əvvəl «Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Və bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir. Məhz bu gün Qalib Sərkərdə, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır, bunu bilir, çünki şərtləri qaliblər diktə edir. Bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
Bəli, Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfəri isə bütün bunlara ən tutarlı cavabdır
Bəli, dövlətimizin başçısı Kəlbəcər və Laçına səfəri ilə bütün bunlara ən tutarlı cavab verməklə yanaşı, Azərbaycanın sülhün, dostluğun tərəfdarı olduğunu dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev “CNN Türk” Televiziyasına müsahibəsində dünya ictimaiyyətinə, eləcə də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri də daxil olmaqla, ermənilərə kifayət qədər açıq mesajlar verdi. Dövlət başçısı bu günə qədər verdiyi bütün müsahibələrində olduğu kimi, budəfəki müsahibəsində də ermənilərin 30 ilə yaxın apardığı işğalçı siyasətindən və işğal zamanı törətdikləri vəhşiliklərdən danışıb. Dövlətimizin başçısı, eyni zamanda, şanlı Qələbəmizdən sonra bu bölgədə hazırda mövcud vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın bölgədə ölkələr arasında kommunikasiya xətlərinin üzərində yerləşdiyini və bu istiqamətdə böyük işlərin görüldüyünü xatırladaraq, Qarabağın uzunmüddətli inkişafı, burada sabitliyin möhkəmləndirilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələrinin xüsusi rolunu xatırladıb, eyni zamanda, bu layihələrin icrasına qoşulacaq bütün ölkələrin bundan ancaq xeyir götürəcəyini, faydalanacağını vurğulayıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər...”.
Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB