Birinci xanım - Mehriban Əliyeva - MƏQALƏ

Birinci xanım - Mehriban Əliyeva - MƏQALƏ

Türkanə Abdullazadə,

Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin müəllimi

Yaxşılıq insanlıq sənətidir (Nizami Gəncəvi)

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Təmənna güdülmədən olunan əsl xeyirxahlıq hissi hər insana xas xüsusiyyət deyildir. Buna yalnız incə ruhlu, təmizqəlbli, saf niyyətli kəslər sahib ola bilər. Humanizm və xeyirxahlıqdan danışarkən ilk növbədə insanın ağlına xalqını sevdiyi qədər sevilən, sədaqət, mərhəmət, insanlara qayğı kimi fəaliyyətləri özünə həyat amalı seçən ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva gəlir. Düşünmürəm ki, damarında azərbaycanlı qanı axan bir kimsə bu qadını, qayğıkeş ananı sevməyə, ona xüsusi rəğbət bəsləməyə bilsin. O, daim xalqının rifahı naminə saysız-hesabsız işlər görür və bu yolda əsla yorulmur.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Əvvəlcə ölkədaxili siyasətdə atılan əvəzsiz uğurlu addımlardan söhbət açaq. İnkişafın təməli təhsildir-şüarına uyğun olaraq Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Bununla yanaşı, daimi olaraq Fond qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqət və qayğısını çatdırır. Daxili siyasətlə yanaşı xarici siyasət istiqamətində də uğurlu addımlar atmış Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək sayəsində vaxtaşırı olaraq idmançılarımızın dünyada keçirilən yarışlardakı qalibiyyəti vətənə də yeni müvəffəqiyyətlər qazandırmasına səbəb olmuşdur.

Mehriban xanım Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. Onun bu sahədə böyük uğurlara nail olması 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcrayə Komitəsinə üzv seçilməsi ölkəmizdə idmanın inkişafında məqsədyönlü fəaliyyətinin aparılmasına öz təsirini göstərdi. Azərbaycanda bir-birinin ardınca baş tutmuş beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunmuş idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Mehriban xanımın “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olaraq əlahiddə bir bacarıq nümayiş etdirməsi ölkəmizə başqa dövlətlərin böyük marağının yaranmasına səbəb olmuşdur. Bununla yanaşı ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının, Formula1 sürət yarışının uğurla keçirilməsində də bu oyunların Təşkilat Komutəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir. Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm vermişdir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur.

Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş olaraq yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirmişdir. Bir dastan qədər xalqın inkişafı, gələcəyi naminə xidmətləri olmuş iti zəkaya, incə ruha, geniş qəlbə sahib, uşaqdan böyüyə, cavandan yaşlıya, kasıbdan varlıya hər kəsin ürəyində özünə sevgi qazanmış bu qadın mübaliğəsiz, sözün əsl mənasında xalq incisidir - Birinci Xanım Mehriban Əliyeva.

Bütün xəbərlər Facebook səhifəmizdə