"Qlobal güclər Ermənistan üzərindən öz maraqlarını təmin etməyə çalışırlar" POLİTOLOQ AÇIQLADI

"Prezident İlham Əliyevin CNN Türkə verdiyi müsahibə yalnız ermənilərə deyil, həm də Ermənistanı müəyyən xülyalara sövq edən bəzi havadar dövlətlərə xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə verdiyi mesaj idi". Bunu SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, hələ də bəzi qlobal güclər və təşkilatlar var ki, onlar Ermənistan hökumətini müəyyən məsələlərə sövq etməklə özlərinin geosiyasi maraqlarını təmin etmək istəyirlər: "Azərbaycan və Ermənistan sərhədində tez-tez atəşkəsin pozulması və Azərbaycan mövqelərinin atəşə tutulması, təxribatlar törədilməsi hadisələrindən suni olaraq istifadə edib, ard-arda sövdələşmiş kimi bəyanatlar verirlər. Bu bəyanatlar, əsasən, Ermənistanın maraqlarını özündə ehtiva edir. ABŞ-nı Ermənistandakı səfirliyinin və Avropa birliyinin, ATƏT-in Minsk qrupunun üçlüyünün Moskvadakı görüşü konteksində verdiyi bəyanat və nəhayət, Fransanın verdiyi bəynatlar regionda yeni müharibə təhlükəsi xəbərdarlığı etməklə, Ermənistana dolayısı yolla verdiyi dəstəyi nümayiş etdirirlər. Bu günə kimi bu hərbi təxribatlar Ermənistan tərəfindən davam edir. Çünki hələ də Ermənistanın hökumətində belə bir xülya var ki, onlar bu cür addımlarla, vəziyyəti mürəkkəbləşdirməklə və gərginləşdirməklə guya prosesə dördüncü və beşinci xarici qüvvələrin və təşkilatların müdaxiləsinə imkan yaradacaqlar ki, bu müdaxilə çərçivəsində proseslərin tənzimlənməsində Ermənistanın maraqları təmin olunacaq.

Azərbaycan prezidentinin CNN televiziyasına verdiyi açılamada təxminən bu xülyaların, sözün əsil mənasında, həqiqətən xülya olduğunu göstərdi. Azərbaycanın zərrə qədər də özünün maraqlarından geriyə çəkilməyəcəyini bir daha sübut etdi. Ermənistanın danışmaqdan və razılaşmaqdan başqa alternativi yoxdur. Çox maraqlıdır ki, məhz bu açıqlamadan sonra Moskvada baş nazirlərin müavinləri ilə yaradılmış işçi qrupun yenidən görüşməsinə şərait yaratdı. Bu proses yenidən başlandı. Bu, o deməkdir ki, Ermənistan hökuməti anlayır ki, Ermənistan dövləti üçün başqa yol yoxdur. Bu gün yeni bir müharibə başladığı təqdirdə, Azərbaycan Ermənistan sərhədində heç bir ölkənin əsgəri Ermənistan tərəfindən döyüşə bilməz. Biz bunu Əfqanıstan hadisələrində də gördük. Amerika və NATO qüvvələri Əfqanıstana kömək etmir. Bu hadisə Ermənistana dərs olmalıdır. Bundan sonra Paşinyanın ritorikasında müəyyən yumuşalmalar hiss olunur. Bu məsələdə də müəyyən qədər erməni hiyləsi var. Hər bir halda diplomatik danışıqlar davam etməlidir. Bu məsələdə özləri üçün yeni geosiyasi maraqlar axtaranlara da mesaj verildi. Mesaj verildi ki, hər hansı bir güzəştə getmək prosesi olmayacaq. Azərbaycan Qarabağ məsələsində qəti mövqedə dayanıb. Müharibə dövründə Azərbaycanın dayanacağı ilə bağlı xülyaların tamamilə iflasa uğradığı yönündə prezidentin açıqlamaları bilavəstə Ermənistana deyil, havadarlarına verilən mesajdır. Bilirsiniz ki, Rusiya prosesə birtərəfli qaydada müdaxilə etməklə müharibəni dayandırıb. 2016-cı ildə 4 günlük müharibə heç kəsin yaddaşından çıxmayıb. Rusiyanın prosesə müdaxiləsi ilə dayanmışıdı. Bu dəfə də ermənilər hərbi əməliyyatları ciddi qəbul etmirdilər.

Qardaş Türkiyə müharibə zamanı Azərbaycanın tək olmadığını bütün dünyaya sərgilədi. Prezidentin verdiyi müsahibəni "Şuşa Bəyannaməsi" konteksində dəyərləndirmək lazımdır. "Şuşa Bəyannaməsi" birmənalı olaraq Azərbaycanla Türkiyənin müttəfiqliyini ortaya qoydu. Prezident İlham Əliyevin verdiyi mesajlar dəqiqdir və ünvanına çatıb. Bütün prosesin beynəlxalq hüquq çərçivəsində və 44 günlük vətən müharibəsinin nəticəsi konteksində həyata keçirilir. Bu, Azərbaycanın liderinin yolunu ortaya qoydu və başqa alternativin olmadığını bütün dünyaya bəyan etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə