İlham Əliyev “CNN Türk"ə müsahibəsində Ermənistana və üçüncü ölkələrə açıq şəkildə mesaj verdi Məşhur Məmmədov

İlham Əliyev “CNN Türk"ə müsahibəsində Ermənistana və üçüncü ölkələrə açıq şəkildə mesaj verdi Məşhur Məmmədov

“CNN Türk" kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin ardınca Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsi idi. Prezidentin çıxışında diqqətçəkən üç vacib məsələ bundan sonra atılacaq addımların nələr olacağını da anlamağa imkan verir. Sərhəd məsələsi: Ali Baş Komandan sərhədlərlə bağlı ritorikası kifayət qədər sərt idi və Azərbaycan Ordusunun tutduğu mövqelərdən geri çəkilməyəcəyini, məhz sərhəd bölgəsində elan etdi. Və bildirdi ki, Azərbaycan işğal dövründə irəli çəkilən sərhədini faktiki olaraq bərpa edib və hazırda möhkəmlənmə işi aparılır. Həmçinin, Azərbaycan-Ermənistan sərhədində söz sahibi Bakıdır: Prezident bunu sərhəd məsələsinə müdaxilə etmək istəyən üçüncü ölkələrə ünvanladı və açıq şəkildə bəyan etdi ki, “narahat olanlar, su içsinlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Məşhur Məmmədov bildirib.

Məşhur Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsi zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərmanını xatırladı və qeyd etdi ki, «Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Dövlət başçısı həmin çıxışında qeyd edib: “Bildiyiniz kimi, mənim sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

M.Məmmədov dövlət başçısı müsahibə zamanı görülən işlərlə bağlı açıqlama da verdiyini deyib: “Dövlət başçısı deyib: “Qarabağ və Şərqi Zəngəzur “yaşıl gəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir”. Prezident əlavə edib ki, bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır”. Prezident İlham Əliyev bu mesajlarla bir daha bildirdi ki, Azərbaycan bununla Qarabağ məsələsinin bitdiyini və növbəti hədəfinin Zəngəzur olduğunu rəsmi şəkildə elan edir. İkincisi isə, Azərbaycan 100 il öncə Ermənistana verilən tarixi torpaqlarından əl çəkməyəcək. Bakı azərbaycanlıların Zəngəzur və Göyçə mahalına qayıtması məsələsini də beynəlxalq müstəvidə qaldıracaq”.

Millət vəkili, həmçinin Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev müsahibəsində onu da dedi ki, Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib: «Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım da daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu, o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Məşhur Məmmədov bir daha vurğuladı ki, bəli, dövlət başçımızın dediyi kimi, «Biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”. Beləliklə, bu fikirlər bir daha göstərir ki, Azərbaycan dövlətinin bu məsələlər ətrafında prinsipial mövqeyi, əslində, tarixi reallıqlardan irəli gəlir. Çünki indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında xalqımızın iradəsinə zidd olaraq yaradılıb. İkincisi, ermənilərin Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq hüququ olduğu kimi, azərbaycanlıların da tarixi torpaqlarımızda - Göyçədə, Zəngəzurda, İrəvanda və digər ərazilərdə yaşamaq hüququ var. Ermənistan bu fonda Zəngəzur dəhlizinin açılmasını əngəlləmək iqtidarında da ola bilməz”.

Millət vəkili Məşhur Məmmədov xüsusi olaraq vurğulayıb ki, nəzərə almaq lazımdır ki, bu dəhliz təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda, region üçün çox vacib bir layihədir. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, bu, təbii ki, Avropa Birliyi üçün bu yolla Asiyaya daha çox yük daşınmasını təmin edəcək. Beləliklə, Zəngəzur dəhlizinin işə düşməsi təkcə Azərbaycan və Naxçıvan arasında yeni əlaqəni təmin etməyəcək. Bu, həm də Ermənistandan qovulmuş soydaşlarımızın yenidən bu yerlərə qayıtmasında yeni bir başlanğıc olacaq." Prezident İlham Əliyevin "CNN Türk" telekanalına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə də xidmət edəcək",-deyə millət vəkili Məşhur Məmmədov bildirib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə