“Rus sülhməramlılarının təxribat xarakterli hərəkətləri təbii ki, xalqımızı hiddətləndirir” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya sülhməramlıları üçtərəfli bəyanatın altındakı imzaların qurumasını gözləmədən Azərbaycan ərazisinə daxil oldular. Həmin günlərdə Azərbaycan hakimiyyətinin atdığı bu addım mövcud reallıqlardan doğan yeganə düzgün qərar idi. Lakin əhalinin böyük hissəsi rus hərbçilərinin ərazimizə daxil olmasını kəskin narazılıqla qarşıladı”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, vətəndaşlarımızın bu haqlı narahatlığını anlayan Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin rəhbəri general Muradova lazımi göstərişləri verəcək və davranışlarında son dərəcə diqqətli olmağı tapşıracaq: “Təəssüf ki, gözləntilərimizin əksinə olaraq sülhməramlıların rəhbəri gah qondarma “respublikanın bayrağı” fonunda Araik Arutyunyanla qucaqlaşıb şəkil çəkdirdi, gah ermənilər üçün evlər tikdiklərini bəyan etdi, gah da “qələbə paradı” keçirəcəklərini bildirdi. Azərbaycan rəhbərliyi onların yanlış addımlarını vaxtında göstərməklə düzəlişlərə nail olmaqla yanaşı, bir neçə dəfə sülhməramlı kontingentin fəaliyyətinin bütövlükdə “məqbul” olduğunu qeyd etdi. Ancaq hətta bu istiqamətdə aparılan izahat işi də rus hərbçilərinə əhalinin mənfi münasibətini dəyişdirmədi. Bu narazılığın kökündə təkcə yaxın tariximizdə rusların bizə qarşı törətdikləri zorakılıqlar dayanmırdı. Rus sülhməramlılarının regiondakı mövcud reallıqları nəzərə almaması və bəzi hallarda, açıq təxribat xarakterli hərəkətlər etməsi təbii ki, xalqımızı hiddətləndirir və onlara qarşı kəskin təbliğat aparanların əlini gücləndirirdi.

Çox təəssüf ki, son günlər rus sülhməramlılarının təxribat xarakterli addımları davam edir. İki gün əvvəl rus hərbçiləri erməni uşaqlara “gənc döyüşçü” təlimi keçdikləri barədə məlumat yaydılar. Doğrudur, bu “təlimlər” daha çox dağlarda ekstremal şəraitdə uşaqlara necə davranmağı öyrətməyi nəzərdə tutsa da, “dərs” keçənlər bölgədəki vəziyyəti, hərbi əməliyyatların yenicə başa çatmasını və müharibə zamanı minlərlə şəhid verdiyimizi unutmamalı idilər. Anlamalıydılar ki, onların “köçəri minamyot” adlı təliminə belə səbrlə yanaşanlar “gənc döyüşçü” təlim-təxribatını qətiyyən qəbul etməyəcəklər. Təəssüf ki, onlar nəinki bunu anlamadılar, üstəlik, erməni uşaqları ilə qondarma qurumun “bayrağı” fonunda şəkil çəkdirib, yayılmasını da təmin etdilər”.

A.Səmədov bildirdi ki, artıq Azərbaycanda heç kim rus sülhməramlılarının fəaliyyətinin dəyişəcəyinə, onlar tərəfindən törədilən təxribatlara son qoyulacağına inanmır: “Bundan sonra Türkiyə ilə birlikdə rus hərbçilərinin bölgədən çıxarılması və müddətin uzadılmaması istiqamətində məqsədyönlü fəaliyyət başlamalıdır. Elə etməliyik ki, atacağımız addımlar ermənilərin danışıqlarda mövqeyini möhkəmləndirməsin və Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr bəyanatını reallaşdırmağımıza heç kim mane ola bilməsin”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə