Zəfərimizin müəllifi Qalib Lider Qarabağın dirçəlişini də təmin edəcək - ŞƏRH
Prezident İlham Əliyev cənablarının “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” imzaladığı Fərman reallığın göstəricisidir
Prezident İlham Əliyev 2021-ci id avqustun 12-də “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” imzaladığı Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini (bundan sonra – reyestr) yaratsın; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etsin; işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılır ki, fərmandan irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Prezident İlham Əliyevin 8 ay ərzində işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu sahəsində imzaladığı fərman və sərəncamlar həmin ərazilərdə artıq böyük inkişafın təməlinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdədir.
Azad olunmuş ərazilərdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq
Bu gün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu hər gün, hər an yaşayır. Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu" cəmi 44 gün müddətində Ermənistana elə bir zərbə vurdu ki, tarix boyu işğalçılar bunu unuda bilməyəcəklər. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Artıq bu gün qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərləri zamanı vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması işğaldan azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməllərinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.
Böyük qayıdış başlayıb
Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Hər birimiz hələ o zaman İlham Əliyevin qələbə və quruculuq əzminin, qətiyyətinin şahidi olmuşduq. İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır. Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.
İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb.
“Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır”
Bəli, 44 günlük qələbəmizdən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq az müddətdə çox işlər görülüb. Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanın qərb bölgəsinə - Daşkəsən, Naftalan və Goranboya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri və bu istiqamətdə yeniliklər barədə məlumat verərək bildirib ki, biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq: «Belə ki, hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür”.Prezident İlham Əliyev, həmçinin infrastruktur layihələri ilə də bağlı məlumat verərək bildirib ki, üç aeroport tikilir: «Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır».
“Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq”
Dövlət başçısı, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə, ümumiyyətlə ölkəmizdə yol infrastrukturunun vacib olduğunu deyərək bildirib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur: «Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var”.
“Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”
“Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz”. İlin sonuna qədər planlaşdırılır ki, tam yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim kimi, yaşıl enerji layihəsi icra ediləcək. Artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mən bilirəm ki, indi dünyanın müxtəlif enerji şirkətləri öz prioriteti üçün bərpaolunan enerjini təsbit ediblər. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə xüsusi önəm daşıyır”.
Dövlət başçısı onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik: «Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”. Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində verilən sərəncam və fərmanlar, həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib.
Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər. Tezliklə işğaldan azad edilən ərazilərdə reallaşacaq sosial layihələr də həm Qarabağın dirçəlişinə təkan verəcək, həm də “Böyük Qayıdış”ı sürətləndirəcək. Dövlət başçımızın dediyi kimi: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB