Azərbaycanın məsuliyyət modeli - "Biz birlikdə güclüyük" - TƏHLİL
Koronavirusla mübarizədə real nəticələr Azərbaycan Prezidentinin uğurlu sosial siyasətinin sübutudur
Bütün dünya üçün bir nömrəli problem olan COVİD-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxarmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Belə ki, koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident İlham Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi. Azərbaycan pandemiyanın nəticələrinin təsərrüfat subyektlərinə mənfi təsirinin qarşısını almaq üçün uğurlu bir model qura bildi. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.
Təsadüfi deyil ki, COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq göstərməsi təklifini də məhz Azərbaycan irəli sürüb. Dövlət rəhbərimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsidir.
Ötən il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi. Sözün əsl mənasında, ölkəmiz bu addımı ilə dünyanı birləşdirir.
“Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir”
Dövlət başçısı bu məsələ ilə bağlı vurğulamışdır ki, yaranmış bu rejimin nə vaxta kimi davam edəcəyinin məlum olmadığını deməklə, onu da bildirib ki, virusa yoluxmanın səbəbi insanların məsuliyyətsizliyidir: “Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.
Rəşad Mahmudov: “Azərbaycan yenə sərt karantinə gedir? — “Qarşımızda iki yol var...”
“Yay və payız mövsümündə ehtimal olunan böyük dalğalar olarsa, iki yoldan biri seçilməlidir: A. Yenidən qapanmalar (yollar xaricində); B. "Yaşıl keçid" (GreenPass)”.Bunu deputat, Operativ Qərargahın səhiyyə bölməsinin üzvü Rəşad Mahmudov deyib. O bildirib ki, hər biri variantın ayrı ayrılıqda müsbət və mənfi tərəfləri var: “Ekspertlərin fikrincə, tibbi, hüquqi və iqtisadi cəhətdən B bəndi daha məqbuldur. Keçən ildəkindən fərqli olaraq bu il peyvəndin olması ilə yanaşı, bir çox amillər bizə bunu etməyə imkan verir”.
Deputat qeyd edib ki, çox böyük dalğalarda heç bir yer qapadılmır: “İctimai yerlər, məktəblər, alış veriş mərkəzləri, restoranlara vəs. sadəcə “COVID pasportu” olanlar, son 6 ay içində yoluxanlar və əlində 72 saat içində PCR analizi olanlar daxil ola bilirlər. Beləcə də iqtisadi fəallıq davam etməklə birlikdə epidemiyolojik vəziyyətə mənfi təsir azaldılmış olur. Bu, sadəcə böyük dalğalar zamanı istifadə olunan metoddur. Avropa və bir çox ölkələrində tətbiq artıq var”.
Millət vəkili onu da bildirib ki, fərqli ölkələrdə xəstələr üzərində aparılan dürüst statistik analizlər və tədqiqatlar göstərir ki, 2 doza peyvənd olunan və 2-ci dozanın üzərindən 30 gün keçən yoluxanlarda peyvənd olunmamışlarla müqayisədə 90 faiz fərq mövcuddur. Bu fərqlər yoluxma və semptomların dərəcəsində, xəstəxanaya yatışda, reanimasiyaya düşməkdə, ölümdə özünü göstərməkdədir. Peyvənd yoluxmanın qarşısını almır, amma yuxarıdakılara 90 faiz qadirdir.
Araz İbrahimov: "Sərt qapanmaların olmaması üçün qaydalara ciddi riayət edilməlidir"
“Sərt qapanmaların təkrar olmasını heç kim istəməz. Hər kəs xəstəliyin bitməsini arzulayır. Ona görə də qoyulan qaydalara ciddi riayət etmək lazımdır”. Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. Onun sözlərinə görə, peyvənd olunmaq mütləqdir: “İnsanlar hər şeyi dövlətdən gözləməli deyil. Özümüzü qorumaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni saxlamalıyıq. Nəzərə almalıyıq ki, ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər. Çoxu sual verir ki, peyvənd vurdursaq da, yenidən virusa yoluxacağamsa, o zaman bunun nə xeyri? Buradan həmin insanlara səslənirəm ki, önəmli olan virusa yoluxacağımız təqdirdə bunu yüngül formada, xəstəxanaya düşmədən keçirə bilərik. Unutmayaq ki, pandemiyaya qalib gəlməyimizin yeganə yolu vaksinasiyadır”.
Azərbaycanda daha 2674 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 359732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337021 nəfər müalicə olunaraq sağalıb, 5109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16575, ötən müddət ərzində isə ümumilikdə 4164163 test aparılıb.
Azərbaycanda 64280 nəfər vaksinasiya olunub. Olardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43943, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 20337 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5607591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3287430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2320161 təşkil edir.
Peyvənd olunmaqla yanaşı, qaydalara da əməl edilməlidir
Məhz qaydalara əməl olunmamağın nəticəsidir ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb. Sözügedən məsələ ilə bağlı “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, vətəndaşlar bilməlidirlər ki, “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir: «Poliklinikalar, öz növbəsində, həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” veriləcək”. Səhiyyə Nazirliyi tərəfindən əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırılıb ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Eyni zamanda, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır. Çünki yoluxmamaq üçün qorunmaq ən asan, etibarlı müdafiə üsuludur. Eyni zamanda, “Əks-göstəriş sertfikatı” əldə edənlər ikiqat məsuliyyətli olmalı, bütün qorunma tələblərinə əməl etməlidirlər.
Son həftələrdə virusa yoluxanların sayının artmasının səbəbinə toxunan Y.Abdıyeva bildirib ki, bunun səbəbi əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibət var. Vətəndaşlar həm yorulub, həm də arxayınlaşıblar. Buna görə də ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi tendensiya müşahidə olunur. Belə ki, COVID–19-a yoluxanların sayı həmin xəstəlikdən sağalanların sayını üstələyir. Son statistikaya görə, yoluxma sayı dördrəqəmli ədədlərlə ifadə olunur. Belə ki, avqustun 8-də COVID –19-a 1220 yeni yoluxma faktı qeydə alınıb. Doğrudur, bir sıra məhdudiyyətlərin ləğvindən sonra bu, gözlənilən idi. Lakin yenidən əks tendensiyanı görmək həm narahatedici, həm də üzücüdür. Buna baxmayaraq, ölkədə sanitar epidemioloji vəziyyət hələ ki, nəzarət altındadır. Amma hər halda, vəziyyət ürəkaçan deyil və rəqəmlər təəssüf doğurur. Həmçinin hər gün koronavirus infeksiyasından həyatını itirənlərin sayının ötən günlərlə müqayisədə daha artığını müşahidə edirik. Bunun səbəbi vətəndaşların Nazirlər Kabineti yanında operativ qərargahın COVID–19-la əlaqədar qaydalarına tam riayət etməməsi, bir sıra hallarda qapalı məkanlarda tibbi maska taxmamalarıdır. Aydın olur ki, müəyyən yumşalmaların tətbiq olunmasından sui-istifadə edənlər var. Toy mərasimlərinin təşkili qaydaları izah olunub. Yəni, toyda iştirak edənlərin sayının 150-ni keçməməsi və qonaqların koronavirus əleyhinə peyvənd olunması vacibdir. Lakin sosial şəbəkələrdən, qəzetlərdə verilən xəbərlərdən öyrənirik ki, qaydalara hər vətəndaş riayət etmir. Təbiidir ki, belə halda, kütləvi toplaşmalar olduqda, COVID–19 sürətlə yayılmağa başlayır və nəticədə, bir sutkada virusa yoluxanların sayı 1000-i keçir. Ona görə də peyvəndlənən vətəndaşlar da arxayınlaşmamalı və hər zamankı tələblərə qarşı məsuliyyətli olmalıdırlar. Hamı bilməlidir ki, həm vaksinasiyada aktiv iştirak etməklə, həm də məsuliyyətli davranmaqla bu bəladan tezliklə qurtula bilərik.Bir sözlə həmin adamlar bir daha bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB