Borislav Beryoza: "Ukrayna Azərbaycanın hərbi təcrübəsini diqqətlə öyrənir" – MÜSAHİBƏ

Borislav Beryoza: "Ukrayna Azərbaycanın hərbi təcrübəsini diqqətlə öyrənir" – MÜSAHİBƏ

Bu günlərdə Azərbaycanda olmuş ukraynalı siyasətçi Borislav Beryoza Caliber analitik mərkəzinə müsahibəsində Ukranya-Azərbaycan əlaqələri və perspektiv əməkdaşlıq imkanları haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Salam, Borislav Efimoviç! Sizi Bakıda görməkdən çox şadıq. Bildiyimizə görə, bu, şəhərimizdə ilk dəfə deyil. Bura son səfərinizdən sonra Azərbaycanın paytaxtı dəyişibmi?

- Bakının hələ də gözəl görünüşünün dəyişmədiyinə sevinirəm, hələ də köhnə Sovet binalarının abadlaşdırılması, onların yeni bir şəkildə ortaya çıxarılması xoşuma gəlir və həqiqətən daha yaxşı, daha gözəl görünürlər. Amma Bakı sakinlərinin yeni gələnlərə münasibətinin dəyişməməsi xüsusilə xoşdur. Qonaqpərvərdirlər, qonaqlarına hörmətlə yanaşırlar.

- Müsahibələrinizin birində Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən müsbət danışdınız. Səhv etmirəmsə 2017-ci ildə idi. Diasporun bugünkü işini necə qiymətləndirirsiniz? Bir şey dəyişibmi?

- Görürəm ki, Azərbaycan diasporu işləyir, amma özü haqqında daha çox danışmalıdır. Bu problem bir çox struklarda var- aktiv olan, lakin fəaliyyətini təbliğ etməyən bir çox quruluşda müşahidə olunur. İnformasiya məkanında iki qayda var: birincisi, əgər etmisinizsə, amma deməmisinizsə, deməli, baş verməmişdir, ikincisi, etməmisinizsə, amma demisinizsə, deməli, baş vermişdir. Buna görə də bunu etmək, söyləmək və işıqlandırmaq lazımdır. Bütün digər cəhətlərdən Azərbaycan diasporu Ukrayna daxilində tam hüquqlu bir qüvvədir və Ukraynanın bir dövlət olaraq qurulmasına kömək edir. Üstəlik, Azərbaycan diasporu təkcə Ukraynaya inteqrasiya olunmayıb, artıq taleyini ölkəmizlə əbədi olaraq bağlayan cəmiyyətin bir hissəsidir.

- Ukrayna ilə Azərbaycan bir çox sahədə əməkdaşlıq edir, lakin ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq ayrıdır. Birgə hərbi texnika istehsalı haqqında nə düşünürsünüz?

- Düşünürəm ki, Ukraynanın bu gün İsrail və Azərbaycanın təcrübəsini mənimsəməsi lazımdır. İsrail Azərbaycanda pilotsuz təyyarələr və digər avadanlıqların istehsalı üçün fabriklər tikib. Sərhəddəki vəziyyətin hələ də qeyri-sabit olduğunu nəzərə alaraq, Azərbaycan hərbi arsenalını daim yenilənməsinə və hərbi gücünün artırılmasına ehtiyac duyur. Və hər cür ssenariləri gözləyərək, həm də Azərbaycanın potensialını nəzərə alaraq, bu, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət üçün yaxşı bir layihə olardı. Hesab edirəm ki, Azərbaycan ərazisində birgə hərbi texnika istehsalı baxımından sözdən əmələ keçmək lazımdır.

- Ölkələrimiz daha hansı sahələrdə əməkdaşlığı gücləndirə bilərdi?

- Burada bir çox istiqamət var. Məsələn, kənd təsərrüfatı. Azərbaycan Ukraynanı bizdə olmayan və ya çatışmayan məhsullarla təmin edə biləcək əla bir kənd təsərrüfatı sənayesinə malikdir. Eyni zamanda, Ukrayna Azərbaycana aqrar məhsullar tədarük edə bilər. Bunlar tamamlayıcı proseslərdir.

Neft emalı sənayesində əməkdaşlıq üçün bir çox ssenari də tapa bilərik.

Digər bir sahə, ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq kontekstində ən dərin potensiala malik olan, lakin təəssüf ki, tam olaraq həyata keçirilməyən turizmdir. Bu işləmək və inkişaf etdirmək üçün yaxşı bir paltformadır. Üstəlik, Xəzər dənizini ziyarət etdiyimdən, gözəl olduğunu deyə bilərəm. Bu barədə danışmalıyıq. Eyni zamanda, Azərbaycan təkcə dəniz deyil. Odur ki, Azərbaycanla Ukrayna arasında turizm sahəsində yeni istiqamətlərin təşviqi vacibdir.

Digər şeylər arasında texniki sahələr də var. Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə görüşdüm, bunlar burada yaşayan və işləyən insanlardır. Onların arasında kompüter alimləri, menecerlər, memarlar var və hamısı burada işləyirlər. Bu, hər iki ölkə üçün maraqla həyata keçirə biləcəyimiz müəyyən bir potensialın olduğunu göstərir.

- Azərbaycan ordusunun qeyd-şərtsiz qələbəsi ilə başa çatan Vətən Müharibəsi mövzusuna toxunmaq istərdim. 44 günlük Qarabağ müharibəsindən sonra bir çox hərbi ekspertlər orduların taktikasını, əməliyyat sənədini və hətta strategiyasını dəyişəcək hərbi işlərdə bir inqilabdan danışmağa başladılar - təkcə inkişaf etməkdə olan ölkələrin deyil, həm də ən güclülərinin. Azərbaycanın hərbi təcrübəsi Ukrayna üçün faydalı ola bilərmi?

- Qarabağın Azərbaycana qayıtması bir günlük tarix deyil. Bu, uzun illərin hazırlıq hekayəsidir. Texniki, hərbi, strateji, geosiyasi və əlbəttə ki, informasiya müharibəsi. Komponentlərin hər biri digərini tamamlayırdı. Axı burada Rusiyanın Ermənistanı dəstəklədiyini nəzərə almaq lazımdır. Amma Türkiyə kimi bir tərəfdaşa sahib olan Azərbaycan özündən əmin idi. Bu əlaqə bir gecədə qurulmayıb. Sonra da bu cür münasibətləri qurmağı bacaran Azərbaycan rəhbərliyinə hörmət və ehtiram olsun. Eyni şey inanılmaz nəticələr göstərən orduya da aiddir. Hərbi düşüncəyə gəldikdə, Şuşa şəhərini azad etmək əməliyyatı, sözün yaxşı mənasında, öz strategiyası ilə heyran qoyur. Çünki bu şəhərin alınmayacağına inanılırdı. Amma Azərbaycan xüsusi təyinatlıları bunun necə əldə oluna biləcəyini göstərdilər. Bəli, itkilər oldu, amma şəhidlərin qanı bahasına Qarabağ Azərbaycana qayıtdı.

İnformasiya komponenti də bu müharibədə əhəmiyyətli rol oynadı. Bütün bu illər ərzində hər gün Azərbaycanın öz ərazilərini qaytaracağı, azərbaycanlıların “Qarabağ Azərbaycandır, bizim missiyamız ölkənin ərazi bütövlüyünü bərpa etməkdir” düşüncəsi ilə yaşadıqları eşidilirdi. Azərbaycan xalqı bunu milli ideya kimi qəbul etdi. Qələbə məlum olanda insanların reaksiyasını gördüm. Küçəyə necə çıxdıqlarını, necə sevindiklərini gördüm. Bakıdakı dostlarım əlaqəni açıb bu xalqın sevincini göstərdilər. Əslində, bu duyğuların atəşfəşanlığı idi. Amma buna uzunmüddətli informasiya kampaniyası vasitəsilə nail olunub. Bütün bunlar birlikdə uğurun açarı oldu.

Azərbaycan uzunmüddətli sistemli iş sayəsində qələbə qazandı. Ukrayna bunu qəbul etməlidir. Gələcəkdə istifadə etmək üçün Azərbaycanın qələbə tarixi öyrənilməli və mümkünsə, ondan bütün müsbət məqamlar çıxarılmalıdır. Qeyd edirəm ki, Şuşa əməliyyatı hazırda Ukrayna hərbçiləri tərəfindən öyrənilir və bunun öz ssenarilərində həyata keçirilməsi tamamilə mümkündür.

Bu gün ən önəmlisi odur ki, Azərbaycan bütün qonşuları ilə sülh yolu ilə birlikdə yaşamaq istəyir. Ukrayna da bunu istəyir. Ölkələrimizin ortaq cəhətləri bizim ərazilərimizin ələ keçirilməsini istəməməyimizdir. Qonşularımızın ölkələrimizin ərazi bütövlüyünə hörmət etmələrini istəyirik. Azərbaycan ərazilərinin azad edilməsi ilə məsələni həll edə bildi. Ukrayna da eyni tarixə malikdir, biz sülh istəyirik, ərazilərimizin, Donbasın və Krımın qaytarılmasını istəyirik. Çalışdığımız işi də eyni şəkildə edirik. Qalan şey Rusiyanın bu münasibətləri normala qaytarmaq istəməsidir. Hələlik, təəssüf ki, bunu görmürük. Ancaq səmimi qəlbdən inanıram ki, gec-tez ərazi bütövlüyünü tam bərpa etdiyimizi deyə biləcəyimiz bir an gələcək. Və o gün gəldikdə, badələrimizi qaldırıb bunu qeyd etmək üçün əla bir fürsətimiz olacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə