Azərbaycan-Türkiyə qardaşlıq və həmrəyliyinin daha bir nümunəsi - TƏHLİL

Azərbaycan-Türkiyə qardaşlıq və həmrəyliyinin daha bir nümunəsi - TƏHLİL

Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə Ermənistanı məğlub edərək, zəfər qazandı və xalqımız bu qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Azərbaycan əsgəri və zabiti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, birliyini və gücünü nümayiş etdirib işğala, haqsızlığa son qoydu, tariximizə iyirmi birinci əsrdə tarixi zəfəri həkk etdi. Bu müharibə dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdi. Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən, Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etmişdir. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir".

"MÜBARİZ TÜRKİYƏ XALQI BU FƏLAKƏTİN ÖHDƏSİNDƏN TEZLİKLƏ GƏLƏCƏKDİR"

Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir və uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Bu günlərdə Türkiyədə baş verən meşə yanğınları zamanı iki dövlətin dar və çətin, eləcə də yaxşı zamanında bir-birinə dəstək olması möhkəm dostluq tellərinə söykənir. Bəşəriyyətin "ağ ciyərləri" adlandırılan meşələr insan üçün zəruri olan oksigeni buraxır. Bu meşə yanğınlarında çoxlu sayda ağaclar, heyvanat aləmi məhv olur. Çətin bir zamanda Azərbaycan dost əlini Türkiyəyə uzadaraq, onun yanında olduğunu sübut edir. Bildiymiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbərin bizi son dərəcə kədərləndirdiyini bildirmişdi. "Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir", - deyən dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Avqustun 6-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Dövlət başçısı yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirərək və həmrəyliyini ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb. Əlbəttə ki, təbiətə, canlılara qarşı etinasız, soyuq münasibət heç bir ölçüyə sığmaz. Çətin, canlıların məhv olduğu məqamda öz kömək əlini bacardığın qədər uzatmaq və yardım etmək insanlıq nümunəsidir ki, Azərbaycan bunu edə bildi. Güclü yanğınlar nəticəsində insan itkisinə təsadüf edilib. İnsanlar evsiz-eşiksiz qalıb, infrastruktur sıradan çıxıb. Belə bir zamanda Azərbaycan həm texnikası, həm də fiziki gücü ilə Türkiyənin yanıdadır. Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərilib. Dövlət başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınıb. Daha sonra isə avqustun 1-də FHN-in daha bir yanğın-xilasetmə qrupu Türkiyəyə yola salınıb. İkinci qrupa isə bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Daha sonra FHN-in "E-200ÇS" tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yollanıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindəki təyinat məntəqəsində fədakarlıq göstərir. Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan, ümumilikdə, 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də oradadır. Bu dəstək əlbəttə ki, Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Tezliklə Türkiyə bu çətin dönəmi arxada qoyacaq və üzərindəki qara buludları yox edəcəkdir. Güc birlikdə və dostluqda, həmrəylikdədir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə