Azərbaycan brendi “ASAN Xidmət” dünya üçün nümunədir - ŞƏRH

Prezident İlham Əliyev: “Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur”

Məlumdur ki, ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açan “ASAN xidmət” mərkəzlərinin yaradılması buna əyani nümunədir. Ölkəmizdə aparılan islahatlar çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi idarəetmənin optimallaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasına, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

İnnovasiya sahəsində dünyada tanındılan Azərbaycan brendi

Elə bu günlərdə Prezidenti İlham Əliyevin iştirakı ilə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı da dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı. Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir. Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. “ASAN Xidmət” mərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir. Bu mərkəzlərdə müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verir. Qürurverici hal ondan ibarətdir ki, dünya ölkələri Azərbaycanın təcrübəsini öyrənir və “ASAN Xidmət” modelini özlərində tətbiq edirlər. Bir sözlə, Azərbaycan brendi olan “ASAN Xidmət” dünya üçün nümunə olan bir modeldir.

“ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıdan və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir.

Bir sözlə, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallığa çevrilən və vətəndaş məmnunluğuna xidmət edən belə mərkəzlərin sayının artması həm dövlətin iqtisadi qüdrətinin yüksəldiyini, həm də verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən reallıqdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...