“İran olmasaydı, Ermənistan daha da ağır vəziyyətə düşə bilərdi” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Son vaxtlar Ermənistanda istər iqtidar, istərsə də müxalifətdə yer alan siyasətçilər açıq şəkildə dilə gətirməyə başlayıblar ki, Rusiyaya olan ümidləri puça çıxıb. Ona görə də təcili şəkildə İran, Fransa və Çinlə münasibətləri inkişaf etdirmək lazımdır. İran və Ermənistan arasında müttəfiqliyi maksimum həddə çatdırmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan çox yaxşı bilir ki, Türkiyə və Azərbaycan arasında manevr imkanlarında Gürcüstan ona kömək edə bilməyəcək və yeganə onun ümid etdiyi İrandır: “Həqiqəti desək qeyd edə bilərik ki, İran da Ermənistana kifayət qədər ciddi şəkildə imkanlar yaradır. 30 il ərzində əgər İran olmasaydı, Ermənistan bundan da ağır vəziyyətə düşə bilərdi. Elə bu günlərdə İranın müxtəlif siyasətçilərinin sərhədlərin toxunulmazlığı, İranın Ermənistandakı səfirinin durbinlə Azərbaycan hərbçilərinə erməni generalları ilə birlikdə baxması onu deməyə əsas verir ki, Tehran və İrəvan müttəfiqliyi bundan sonra da davam edəcəkdir. Lakin hər kəs bilsin ki, bu müttəfiqliyin nəticəsi necə 44 günlük müharibədə sıfıra bərabər oldusa, bundan sonra da belə olacaqdı. Həm Ermənistan, həm də İran Azərbaycanla münasibətlərdə vacib nüansları nəzərə alsalar yaxşı olar. Bu vacib nüans Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaqdı. Azərbaycan sərhədlərinin tanınması həm də o deməkdir ki, Qarabağla bağlı sərsəm xəyallara son qoyulur. Bunu Ermənistan bilməlidir, İran isə öz növbəsində sərhədlər məsələsində və Qarabağla bağlı çıxışında nəzərə almalıdır ki, 30 il ərzində bir dəfə də olsun Azərbaycanın sərhədlərinin pozulması məsələsində Ermənistana təsir etmədi, bununla bağlı sərhədlərin dəyişdirilməsinin yol verilməzliyi ilə bağlı Ermənistana istiqamətlənən bəyanat vermədi. Eyni zamanda, İranın Azərbaycandakı səfiri, ya da digər bir şəxs Azərbaycan-Ermənistan sərhədinə gedərək durbinlə erməni hərbçilərinə baxmadılar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...