Bürokratik əngəlləri və mümkün korrupsiyanı aradan qaldıran xidmət - TƏHLİL

Dünya ölkələrinin bəhrələndiyi Azərbaycan modeli olan "ASAN xidmət" mərkəzlərinin sayı 21-ə çatıb

Ölkəmizdə xoşbəxt gələcəyimizə hesablanılan iri layihələr sırasında "ASAN Xidmət"in özünəməxsus yeri var. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət" mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində qurur və inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, "ASAN xidmət" təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

"ASAN xidmət"in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldıran "ASAN Xidmət" dövlət başçısının bildirdiyi kimi, doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub: "Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir".

Azərbaycanın bu modelindən artıq dünya ölkələri bəhrələnir. Bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığı qeyd olunmalıdır. Əfqanıstan ilə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair imzalanan Anlaşma Memorandumuna əsasən, artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib. Beynəlxalq qabaqcıl təcrübə kimi, bu gün "ASAN Xidmət"in fəaliyyəti Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək dəyərləndirilir. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə də əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"BİZ "ASAN XİDMƏT"İ MƏHZ ONA GÖRƏ YARATDIQ Kİ, BU, ASAN OLSUN, BU XİDMƏT RAHAT OLSUN, NÖVBƏ OLMASIN, HEÇ BİR POZUNTU OLMASIN, ŞƏFFAF OLSUN"

Həqiqətən də, "ASAN Xidmət" dünyaya nümunə olan modeldir. Dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Bu gün ölkəmizdə mərkəzləri sayı artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var: "Çünki "ASAN xidmət"in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz "ASAN xidmət"i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. "ASAN xidmət"in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki "ASAN xidmət" mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq". Bu günlərdə artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə daha bir "ASAN xidmət"in 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu, artıq ölkə üzrə 21-ci olan "ASAN xidmət" mərkəzidir.

Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı bu sahədə böyük əhəmiyyət daşıyır. Bu Fərman ölkəmizdə elektron hökumətin inkişafında, eləcə də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir.

"ASAN XİDMƏT" CƏMİYYƏT ÜÇÜN ÇOX VACİB OLAN BİR İNSTİTUSİONAL MƏRKƏZƏ ÇEVRİLİB

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında təqdirəlayiqdir.Yeni istifadəyə verilən 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Vurğulayaq ki, onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bu gün artıq ölkəmizdə 21 "ASAN xidmət" mərkəzi fəaliyyətdədir. Onlarda 6-sı Bakıda, digərləri isə bölgələrdədir. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu gün "ASAN xidmət" nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəz olaraq dəyərləndirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə