Böyük Qayıdış Azərbaycan reallıqlarına söykənir ŞƏRH

Azərbaycan istər coğrafi relyefi, istər təbiəti, istər tarixi, istər turizmi, istərsə də mədəniyyəti və adət-ənənələri ilə dünya üçün maraqlı, sirli bir ölkə kimi diqqətdə olub. Son illərin ictimai-siyasi hadisələrində də dünyanın nəzəri Azərbaycana yönəlmiş, bu ölkədə baş verən proseslər daim izlənilmiş, müxtəlif fikirlər söylənilmişdir. 44 günlük Vətən müharibəsinə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt etdikləri ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətinin yeridilməsi diqqətdən kənarda qalmamış, bununla bağlı dünya mətbuatında kifayət qədər məqalələr, reportajlar dərc olunmuşdur. Bu və digər amillər, əlbəttə ki, beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə təbii ehtiyatların talanması, Qafqaz Albaniyasına məxsus abidələrin və digər milli abidələrimizin məhv edilməsi ətrafında məqalələrin qələmə alınması, deməyə əsas verir ki, dünya, beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı laqeyd münasibətdə olmayıb. Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilmiş, ekoloji fəlakət yaşanılmışdır.

ERMƏNİSTANIN TORPAQLARIMIZDA TÖRƏTDİYİ VƏHŞİLİKLƏRİ, BARBARLIĞI DÜNYA İCTİMAİYYƏTİNİN NƏZƏRİNDƏ

Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan bu gün öz torpaqlarına sahibdir. Dünya ölkələrindən gələn nümayəndələr erməni xisləti, barbarlığı ilə yaxından tanış olur və real vəziyyət onların acı təəssüratlarını qələmə almağa, fikirlərini dünya ictmaiyyətinə çatdırmağa vadar edir. Bildiyimiz kimi, dünya ölkələrində olan KİV-lər müharibə dövründə hadisələrin gedişi ilə yaxından tanış oldudar və erməni təcavüzkarlığı ilə bağlı gördükləri bu vəhşiliklərlə bağlı olan düşüncələrini daha da dərinləşdirdi. Bərdə, Gəncə kimi şəhərlərə dinc əhaliyə qarşı vandallıqları hər kəsi hiddətləndirdi. Bu gün Qalib bir dövlətin işğaldan azad olunan torpaqlarına səfər edərək mövcud vəziyyətlə, dağıdılmış və viran qoyulmuş ərazilərimizlə yaxından tanış olurlar. Əlbəttə ki, bu gün Böyük qələbədən sonra işğaldan azad olunuan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Böyük Qayıdış və görülən işlər, icra olunan layihələr də dünyaya Azərbaycanın iqtisadi gücünü, potensialını nümayiş etdirir. Elə İordaniya mətbuatında yer alan məqalə də təəssüratların ifadəsidir. Belə ki, İordaniya mətbuatı akademik Mərvan Sudanın bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri barədə məqaləsini yayıb. "Əl-Ənbat", "Ağnaden", "Şaaabnews", "Cuhayna" informasiya portallarında, həmçinin "Eurasia Diary" saytında yayımlanmış məqalədə İordaniya, İtaliya, İspaniya, Bolqarıstan və Yaponiyadan olan jurnalistlərin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, minatəmizləmə əməliyyatları, eyni zamanda, Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış olduqları qeyd olunur.

Müəllif diqqətə çatdırır ki, Azərbaycan əsl həqiqətləri -Ermənistanın Qarabağ ərazisini işğal etməsi, bu torpaqlarda törətdiyi vəhşilikləri və barbarlığı, ermənilərin azərbaycanlılara məxsus qədim əraziləri uğursuzluqla nəticələnən özününküləşdirmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bir çox nüfuzlu jurnalistləri ölkəyə dəvət edib. Uzun illər ərzində güclü dövlətlərin ədaləti bərpa etmək səyləri iflasa uğrasa da, Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında və Ordunun qüdrəti sayəsində buna nail ola bildi. Məqalədə jurnalistlərin Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Şuşa rayonlarında, həmçinin Ermənistanın raket hücumuna məruz qalmış Gəncə şəhərində olması yer alıb. Bu gün işğaldan azad olunan ərazilərində üçrəngli Azərbaycan bayrağı dalğalanır. Media nümayəndələrinə ermənilərin məscidləri və tarixi abidələri dağıtması, qədim Alban abidələrini və kilsələrini öz adlarına çıxması və üzərlərindəki yazıları dəyişdirməsi barədə məlumat da verilib. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir.

Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Ermənistan tərəfindən təkcə Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktı ekoloji terroru göstərən dəlildir. Ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə ediblər. Qeyri-qanuni bir şəkildə Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər qəsdən ekoloji mühitə zərbə vurublar. İndi bu ərazilərə gələn hər kəsi erməni terroru, vandallığı ilə bağlı mövcud dəlillər əsasında kifayət qədər materiallar əldə edir və dünya mətbuatında buna xüsusi yer ayrılır və manşetlərə çevrilir. Ermənistan ordusunun və erməni terror dəstələrinin törətdikləri vəhşiliklər bu gün dünyaya çatdırılır və dünya həqiqəti bilməlidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə