Növbəti qardaşlıq, əməkdaşlıq və birliyin zirvəsi – Bakı Bəyannaməsi

Növbəti qardaşlıq, əməkdaşlıq və birliyin zirvəsi – Bakı Bəyannaməsi

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, eyni zamanda, qonşu dövlətlər - Rusiya, İran, Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur.

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri yeni mərhələdədir

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edərək tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Çünki Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edib, hər zaman ədalətli və qətiyyətli olub. Həmçinin, hər üç dövlət əməkdaşlığın dərinləşdirilməsində güclü siyasi iradə nümayiş etdirir. İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Pakistan İslam Respublikası Milli Assambleyasının sədrləri arasında imzalanan Üçtərəfli Bakı Bəyannaməsi bu üç dövlətlər arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olmasının göstəricisidir. Azərbaycan, Pakistan və Türkiyə bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir və əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır.

Qeyd etmək dazımdr ki, ölkələrimiz artıq bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Xalqlarımızın hər zaman bir-birinə bağlı olduqlarını və öz dəstəklərini əsirgəməyiblər. Vətən müharibəsi zamanı Pakistan və Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları qürurla dalğalandırılıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsinin göstəricisidir ki, Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürərək, üçtərəfli Bakı Bəyannaməsi imzalanıb. Üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək.

Bakı Bəyannaməsi – “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür

Bəli, bu gün imzalanan üçtərəfli Bakı Bəyannaməsi dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Həmçinin, Pakistan dövlətinin 44 günlük müharibə dövründə Azərbaycanın yanında olması bir daha Azərbaycana dost, qardaşlıq birliyinin nümayişidir. Çünki Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörməti bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi virus yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Pakistan xalqı bu gün də həmin yaxşılığı unutmur.

Qarşılıqlı əlaqələrin inkişafında son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xəttilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib.

Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birinin yanında olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək. 44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı dönəmdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Sözsüz ki, bu, danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: «Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır». Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu, belə olacaq.

Bir sözlə, təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi töhfədir.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə-Pakistan arasında imzalana üçtərəfli Bakı Bəyannaməsi ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri dayanmadan inkişaf edəcəyinə müsbət təsir göstərəcək, bundan sonra da ölkələrimiz müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə