Lev Aronovu Levon Aronyana çevirən tsexakronizm zəhəri ANALİTİK

Lev Aronovu Levon Aronyana çevirən tsexakronizm zəhəri ANALİTİK

Yaxud, günahsız “günahkar” - bakılı Albert İsakovun 12 illik İrəvan məşəqqətlərindən doğan 30 illik acı gerçəkliyi

Vaxtilə Bakıda yaşamış, təhsil almış və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsindən sonra doğma paytaxtını tərk etmiş atası yəhudi, anası isə erməni olan Albert İsakov hazırda Kanadada yaşayır. O, eyni zamanda YouTube-də kanal açaraq müharibənin ağrı-acılarından, insanlara yaşatdığı faciələrdən bəhs edir, Qarabağ münaqişəsinin, yaşanan qanlı olayların əsl günahkarlarının, məhz Ermənistanın daşnak xislətli siyasətçiləri olduğunu çəkinmədən danışır. SİA-nın əldə etdiyi məlumata görə, məhz Bakıda yaşadığı dövrləri xoşbəxt zamanlar kimi xatırlayan Albert videobloqlarında da bu barədə tez-tez danışdığını deyir və o illəri nostalgiya hissləri ilə yaşayır.

Albert İsakov: “Öz evimə yaxınlaşıb onun divarlarına toxunacam, məktəbimə gedəcəm, “Gənclik” metrosuna qədər piyada addımlayacam, lap uşaqlıqda anamla getdiyim kimi”

“Mənim küçəm İnqilab idi (indiki Həsən Əliyev) və mən orada doğulmuşam, 16 yaşıma qədər yaşamışam. Yaxınlıqda anamın çalışdığı Tağı Şahbazi adına kitabxana var idi. Evimizin yanındakı 47 nömrəli məktəbdə təhsil alırdım. Dərslərdən sonrakı boş vaxtlarımı anamın çalışdığı kitabxanada keçirirdim. Kitablar mənim ən yaxın dostlarım idi. Yeri gəlmişkən, hazırda ən yaxın və xeyirxah dostlarımı düşündüm, hansı ki, onlarla indi də münasibət saxlayıram, onlar Şamsud və İlqar idi”, deyən Albert əlavə edib ki, o saatlarla oxuduğu tarixi kitablar barədə dostlarına izahlar verir və onlar da söhbətləri diqqətlə dinləyirdilər.

Lakin hər şey o zamana qədər davam etdi ki, qara buludlar uşaqlığımız üzərində bərq saçan işıqlı və ilıq günəşin üzərini tutdu... Əlbəttə, mən Bakıya geri dönmək istəyirəm, ən azından qonaq kimi. Əgər gələrsəm, öz evimə yaxınlaşıb onun divarlarına toxunacam, məktəbimə gedəcəm, “Gənclik” metrosuna qədər piyada addımlayacam, lap uşaqlıqda anamla getdiyim kimi”, Albert İsakov xatırlayır.

Daha bir etiraf: “Mən, monomillətli Ermənistanda qaçqın kimi 12 il – 1990-cı ildən 2002-ci ilə qədər çox ağır vəziyyətdə yaşayırdım”

Ancaq onun ağır günləri də məhz İrəvana köçəndən sonra başlayır. O, bütün qaçqınlar kimi 30 il susduğunu deyib və məhz İkinci Qarabağ müharibəsi başladıqdan sonra hadisələri diqqətlə izlədiyini bildirib: “Hər iki tərəfin informasiyalarını oxuyub-baxırdım. Məni ictimai fəaliyyətə bir vəziyyət təkan verdi. O, hərfi mənada mənə canlı kimi gəldi və mən susa bilməzdim. Mən, monomillətli Ermənistanda qaçqın kimi 12 il – 1990-cı ildən 2002-ci ilə qədər çox ağır vəziyyətdə yaşayırdım. Bu haqda mən özümün YouTube kanalımda dəqiqliklə bölüşürəm. Yerli İrəvan erməniləri bakılı ermənilərə qarşı çox ağır münasibət göstərirdilər. Bakılılar onlar üçün tullantıdan başqa heç nə idi. Bu, məşhur faktdır, yeni heç nə deyə bilməyəcəyəm. Mənim anam erməni, atam isə dağ yəhudisidir. Ermənistanda çox kiçik, bir neçə insandan ibarət yəhudi icması var. Onların çoxu qarışıq nikahdadırlar. Mən sinaqoqu ziyarət etməyə və İsrailə repatriasiya etməyə hazırlaşırdım. Mənim atam və bütün doğmalarım artıq İsraildə idilər”.

Ermənistanı tərk edərək ABŞ-a mühacirət edən Levon Aronyan heç də erməni deyilmiş, o yəhudiymiş!!!

Albert söhbəti əsnasında olduqca maraqlı və çoxlarımızın məlumatlı olmadığımız bir faktı da açıqlayıb. Sən demə, bu gün ermənilərin fəxrlə, hay-həşirlə təqdim etdikləri məşhur şahmatçı, hazırda Ermənistanı tərk edərək ABŞ-a mühacirət edən Levon Aronyan heç də erməni deyilmiş, o yəhudiymiş!!!

Alber İsakov deyir: “Nəyə görə bunları xatırladıram? Müharibədən sonra mənim gözlərimə Levon Aronyanın anasının yazdığı şərh dəydi. Hansı ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra onu sıxışdırmağa başlamışdılar və o da ABŞ-a köçdü. Onun anası kədərlə öz Feysbuk səhifəsində yazırdı ki, oğlu vətənpərvərdir və bir zamanlarda ermənilər soyadlarının sonluqlarını “ov” və “yevlərə”, hətta “oğlu”lara və s. dəyişirdilərsə, onun oğlu yəhudi ola-ola birdən-birə erməniyə çevrilmək qərarını verdi – Lev Aronovdan Levon Aronyana döndü”.

“Onun atası bir dəfə kədərlə mənə dedi ki, oğlu Lev şahmat dünyasında ümidləri doğrultmağa başladığı ilkin dövrlərdə Ermənistandakı müəyyən strukturlar valideynlərdən onun soyadını dəyişməyə “xahiş” etdilər”

“Onun anası bu oğlunun addımını Ermənistan qarşısında xidmət kimi dəyərləndirdi”, deyə xatırlayan Albert etiraf edib ki, bütün bunlardan sonra o bildiyi, gördüyü hər şeyi açıq-aşıq, tam çılpaqlığı ilə danışacaq, göstərəcək və deyəcək: “Və bu anda mən özümü saxlaya bilmədim. Mən bu şahmatçının atasını tanıyırdım, biz onunla 90-cı illərin sonlarında İrəvandakı sinaqoqda tez-tez söhbətləşirdik. Bu, normal ailə idi – ata Qriqori Aronov, Belarusdan olan yəhudi, ana isə Seda Aronova, erməni. Onun atası bir dəfə kədərlə mənə dedi ki, oğlu Lev şahmat dünyasında ümidləri doğrultmağa başladığı ilkin dövrlərdə Ermənistandakı müəyyən strukturlar valideyinlərdən onun soyadını dəyişməyə “xahiş” etdilər. Mən uşağa valideynlərdən birinin soyadının verilməsinə qarşı deyiləm. Ancaq burada söhbət başqa idi, yəni birmənalı olaraq aşağılayıcı və təhqiredici. Azyaşlı yəhudi oğlanı Lev Aronov atası sağ ola-ola, tam normal ailəsi mövcud olduğu halda Levon Aronyana çevrildi. Məhz bundan sonra o oğlan Ermənistanı təmsil etmək hüququnu əldə etdi. Uşağın yəhudi soyadına özlərinin qısa “yan” sonluğunu yapışdırdılar. Mən həmin addımı aşırı millətçilik, nasizm adlandırdım, sonra isə bunu YouTubedə səsləndirdim...”

“Belə bir məxməri millətçilik mövcud olduqca, ona qulluq göstərilirsə və o da çiçəklənirsə, erməni cəmiyyətində, eləcə də regionda əsl sülhü gözləməyə təəssüf ki, dəyməz”

Albert qeyd edir ki, onun hazırda göstərdiyi fəaliyyəti öz şəxsi təşəbbüsüdür: “Bu, mənim dərk etmək cəhdimdir - əvvəllər və indi nələr baş verib. Mən nəticəyə gəldim ki, mənim, mənim yerlilərimin – Bakıdan olan qaçqınların çəkdikləri əziyyətlərinin təqsiri həmin o erməni millətçiliyi və daşnak ideologiyasıdır, tsexakronizmdir (individium aşırı milli ideologiya, onun millətinin başqa cür mövcud ola bilməməsinə dair ali dəyər).

O, həmçinin nəticəyə gəlib ki, Ermənistan daxili ziddiyyətlər səbəbindən parçalanır. Onlar (daxili ziddiyyətlər) bu cəmiyyətdə yavaş işləyən saatlı minalara bənzəyir. “Mən əminəm ki, Ermənistan yalnız sözdə müstəqil olan ölkədir və bu müstəqillik də yalnız kağız üzərindədir”, deyən Albert İsakov təəssüflə fikirlərini başa çatdırıb: “Oradan səslənən revanşist əhval-ruhiyyə və birmənalı olaraq ağılsız ritorikalar, qisas və qan istəyi, sonsuz nifrət və dözümsüzlük – bütün bunlar kökləri millətçiliyə və milli unikallıq iddialarının dərinliklərinə işləyən ağacın meyvələridir. Problem başlardadır, belə adamların beyinlərindədir. Mən ümidvaram ki, belə bir məxməri millətçilik mövcud olduqca, ona qulluq göstərilirsə və o da çiçəklənirsə, erməni cəmiyyətində, eləcə də regionda əsl sülhü gözləməyə təəssüf ki, dəyməz”, Kanadada yaşayan bakılı Albert etiraf edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə