Azərbaycan və Serbiya əlaqələri dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanır ŞƏRH
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində Serbiya şirkətləri də fəal iştirak edəcək
Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Bu günlərdə, iyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin davamlı olduğunu göstərir. Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir.Xatıradaq ki, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksadar Vuçiçinin Azərbaycana rəsmi səfəri məöcud əlaqələrin davamı kimi dəyərləndirilir. 3-6 aprel 2018-ci il tarixlərində isə Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Daha sonra 21-26 oktyabr 2019-cu il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji sahələrində yeni prespektivlərə yol açmışdır. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Azərbaycan ilə Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlığın növbəti müsbət nəticəsi kimi, bu il iki ölkənin ticarət dövriyyəsində 3 dəfəyə yaxın artımın qeydə alınması diqqəti çəkən məqamdır. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsində 6,3% artım qeydə alınıb. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb edir.
Onu da vurğulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrindən söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkədə Ulu Öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb.2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr Serbiya-Azərbaycan dostluğunun təzahürüdür. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib. Təbii ki, dost ölkələrin şirkətləri kimi, Serbiya şirkətləri də həmin ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edəcək. Bütün bunlar ölkələrarası münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya söykəndiyini göstərir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB