Vaksinasiyaya əməl etmək COVİD-19 bəlasından xilas olmaqdır TƏHLİL

Vaksinasiyaya əməl etmək COVİD-19 bəlasından xilas olmaqdır TƏHLİL

2020-ci il çətinliklər ili olsa da, sonda Azərbaycan üçün Qalib İl oldu. Birlikdə həmrəylik göstərərək 2020-ci il noyabrın 10-u - Azərbaycan Qarabağa qovuşdu, tarixi ədalət bərpa olundu, bütövləşdik, Qarabağ Azərbaycanımız olduğumuzu dünyaya sübut etdik. Həmçinin də, əsrin bəlası olan, bütün dünya üçün bir nömrəli problem sayılan COVİD-19 pandemiyası bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatını iflasa uğratdı, aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı.

Azərbaycanın məsuliyyət modeli

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pademiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Zamanında ölkədə xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı, pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olan ölkələr çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu.

Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə digər dünya ölkələrinə də öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir.

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

Lakin hər bir sahədə məsuliyyət əsas faktordur. Məhz məsuliyyətsizlik nəticəsində xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən: dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur: mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri; mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri. Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.

Eyni zamanda, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur. Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: ictimai iaşə müəssisələrində; mehmanxanalarda; iri ticarət mərkəzlərində.

Yaqut Qarayeva: "Son günlərdə yoluxma faizləri 5 faizədək yüksəlib"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur: "İyun ayının sonuna yoluxma faizi, yəni ümumi test arasında olan pozitiv nəticələrin payı 1 faizdən aşağı idi. Hətta 0.7-0.8 faiz yoluxma qeydə alınırdı. Bu, bizim üçün çox yaxşı göstəricilər idi. Lakin son günlərdə yoluxma faizləri 5 faizədək yüksəlib. Bu, son günlər ərzində ciddi bir yüksəlişdir".

Y.Qarayev onu da bildirib ki, Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur. Bütün vaksinləri Bakıda vurdurmaq olar. Bütün regionlarda, hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur. Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub".Y.Qarayeva bildirib ki, bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər.

Şahmar Mövsümov: "Pandemiyadan yeganə çıxış yolumuz peyvənddir"

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində deyib ki, bu gün pandemiyadan yeganə çıxış yolumuz peyvənddir: «Bu gün pandemiyadan yeganə çıxış yolumuz peyvənddir. Ölkəmizdə istifadə olunan peyvəndlər tamamilə təhlükəsizdir. Vaksinasiyanın stimullaşdırılması istiqamətində bir sıra addımlar atılıb. 1 sentyabrdan etibarən bütün tibb müəssisələrinin ən azı 80 faiz əməkdaşının peyvənd olunması tələb olunur. Tədris prosesinin bərpası təhsil və elm sahəsində 80 faiz işçinin vaksin olunmasını tələb edir. Bu qaydalar bütün xidmət sektorunda çalışan işçilərin peyvənd olunmasına aiddir. Oktyabr ayının 1-dək isə ikinci doza vaksin vurulmalıdır. Bu sahələrin siyahısı Nazirlər Kabinetinin qərarında öz əksini tapıb».

O qeyd edib ki, vaksinasiya prosesi başlayan gündən bu günə qədər koronavirusa yoluxub ölən şəxslərin 99 faizi peyvənd olunmayan şəxslərdir. Ş.Mövsümov əlavə edib ki, idman zalları və toylara vaksinlə daxil olma tələbi 1 sentyabrdan etibarən genişləndiriləcək: "İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində giriş zamanı COVID pasportu tələb ediləcək. Növbəti mərhələdə qərar kinoteatr və teatrlara da aid ediləcək. Vaksin pasportlarının yoxlanması üçün ASAN xidmət tərəfindən proqram təminatı hazırlanır və bununla mobil telefonlarda vakin pasportları sürətli yoxlanacaq".

Şahmar Mövsümov bildirib ki, bu yeniliklərin məqsədi pandemiyadan əvvəlki həyatı bərpa etməkdir. Ş.Mövsümov onu da bildirib ki, əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir. O, qeyd edib ki, növbəti mərhələdə teatr və kinoteatrların açılması müzakirə olunacaq: "Gələcəkdə bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə giriş üçün mütləq şəkildə COVID-19 pasportu tələb ediləcək".

Peyvənd vurdura bilməyənlər üçün xüsusi sertifikat hazırlanacaq

Ş.Mövsümov onu da deyib ki, koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifakatın hazırlanması nəzərdə tutulur. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.

Xilasımız vaksinasiyadan keçir

Bəli, bir sözlə, indiki durumda ən perspektivli variant vaksinasiya hesab olunur. Vaksinasiya süni yolla immunitetin yaranmasını sürətləndirir. Bununla koronavirusa yoluxma zənciri qırılır, infeksiyanın kütləvi yayılma prosesi səngiyir. Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsinə start verildi və bu gün də davam edir.Bir sözlə, bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabliyyətinə malik olmasının bariz göstəricisidir.Göründüyü kimi, Azərbaycan Prezidentinin qlobal liderlik missiyası beynəlxalq müstəvidə pandemiya ilə mübarizəyə birbaşa təkan verməyə istiqamətlənib. Bu missiya qlobal bəladan bütün ölkələrin minimum itkilərlə çıxması üçün dəqiq strategiya müəyyən edir. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar, gördüyü işlər beynəlxalq səviyyədə təqdir olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nümunə kimi göstərilir. Və hər kəs qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmalı, məsuliyyət hiss etməlidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə