"Rəsmi Bakı İrəvanın iradəsini gözləməyəcək" - DEPUTAT AÇIQLADI

"Rəsmi Bakı İrəvanın iradəsini gözləməyəcək" - DEPUTAT AÇIQLADI

“Münaqişələrin tarixinə baxsaq, müharibə başa çatan kimi tərəflər sülh niyyətinin ifadəsi olaraq hərbi əməliyyatları dayandırır. Habelə, minalanmış ərazilərin xəritəsini qarşı tərəfə təqdim etməklə əlavə insan itkisinin qarşısını alır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin verilməsində əsas məqsəd bəşəri məfhum olan insanların yaşamaq hüququna maneəni aradan qaldırmaqdır: “Əgər hansısa dövlət mina xəritələrini gizlədirsə, o bütövlükdə bəşəri dəyərlərə qarşı çıxır və bu əməl hərbi cinayətdir. Bu mənada münaqişə Azərbaycanın qələbəsi ilə bitsə də, ermənilər məğlub olsalar da xəritələri gizlətməklə haylar hərbi cinayətləri davam edirlər. Hərbi zərurətin insana hörmətlə uzlaşdırılmaması baxımdan ermənilərin mina xəritərlərini verməməsi, yaxud şərtlərlə vermək niyyəti hər şeydən öncə beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir. Bu elə prinsiplərdir ki, pozulmasına heç bir formada haqq qazandırılması mümkün deyil və cənab Prezident də təsadüfən Ermənistanın bu yanaşmasını vicdansızlıq, əxlaqsızlıq və mənəviyyatsızlıq adlandırmadı. Hesab edirəm ki, Azərbaycan onsuz da mina təhlükəsini aradan qaldıracaq. Lakin hər itirilən gün ermənilərin özlərinin ziyanınadır”.

Deputat sözlərinə davam edərək həmçinin onu qeyd edib ki, Ermənistan mina təhlükəsi baxımından kommunikasiyaların ləngiməsinə görə öz dalanda qalma müddətini uzadır, habelə, əlavə xərclərə səbəb olduğu üçün Azərbaycanın haqlı təzminat iddialarının həcmini artmasına yol açır: “Heç şübhəsiz ki, yalnız elə mina xəritələrinin gecikdirilməsinə görə Azərbaycanın tələb edəcəyi və ermənilərin ödəməyə vadar ediləcəyi təzminatın miqdarı Ermənistanı daha da bataqlığa sürükləməyə kifayətdir ki, bu da yaxın gələcəkdə erməni xalqının özünün hazırkı Ermənistan rəhbərliyini mühakimə etməsi üçün əsas olacaq. Ümumiyyətlə isə təbii ki, biz bu prosesləri Ermənistanın ümidinə buraxmırıq, yəni rəsmi Bakı İrəvanın iradəsini gözləməyəcək. Hazırda işğaldan azad edilmiş ərazilərdə mina təmizliyi, təhlükəsizləşmiş zonalarda isə quruculuq bərpa prosesi davam edir. Paralel olaraq isə Ermənistanın dövlət səviyyəsində səbəb olduğu vandalizm və müharibə cinayətlərinə görə cavab verməsi, canilərin cəzalandırılması, vurulmuş zərərə görə isə təzminat ödənməsi üçün hüquqi prosedurlar davam edir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə