Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir - ŞƏRH

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə habelə Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və davamlı qayğı göstərilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır.

Bu yerdə qələbmizin ilk günündən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının hərbiçilərimizə göstərdiyi qayğını 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bir daha bunun şahidi olduq. Prezident İlham Əliyev hərbiçilərlə görüşü zamanı bildirmişdi: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib".

Dövlət başçısı onu da vurğulayıb ki, “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Hər bir azərbaycanlının Prezidenti olmaq...

Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Bax, budur əsl siyasət, hər bir azərbaycanlının Prezidenti olmaq.

Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir. Dövlət başçısı şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət böyük yaşayış kompleksinin təqdimat mərasimində çıxışı zamanı da bildirmişdir ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə: "Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib".

Son 18 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev hər görüşdə sözünü qətiyyətlə deyir. Bildirir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var".

Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!. Və bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə