“Azərbaycan mediası 100 illiklərlə arzuladığı nəticələri bu gün əldə edib” - MEDİA EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan mediası 100 illiklərlə arzuladığı nəticələri bu gün əldə edib” - MEDİA EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

“İlk dəfədir ki, Azərbaycan mediası özünün yubileyini, peşə bayramını çox böyük fərəhlə, ruh yüksəkliyi ilə qeyd edir. Bunun da səbəbi odur ki, Azərbaycan mediası yarandığı gündən bu günə qədər qarşısına qoyduğu hədəflərə ilk dəfə çatmasıdır. “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin məfkurəsi milli məfkurə idi”. Bunu media eksperti Müşfiq Ələsgərli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Həsən bəy Zərdabi millət adamı idi və onunda istəklərində millətin ayılması, inkişaf etməsi maariflənməsi savadlanması və nəhayət gələcəkdə özünün müstəqil dövlətini qurması vardı: “Azərbaycan xalqı Həsən bəy Zərdabinin bu arzularını yerinə yetirdi, müstəqil dövlət qurdu. Amma bizim 30 il ərazilərimizin bir qismi işğal altında oldu. 30 ildən sonra Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdi. Bu baxımdan, Azərbaycan jurnalistikası da Azərbaycan xalqı kimi özünün arzularına tam çatmış oldu. Bu səbəbdən, deyə bilərik ki, bu bayram çox böyük bayramdır və qalibiyyət bayramıdır. Yəni həm ümumilikdə azərbaycançılıq davasının qalib gəlməsində, həm də 44 günlük Qarabağ savaşında Azərbaycan ordusunun, dövlətinin qalib olmasında Azərbaycan mediasını da böyük rolu oldu. Azərbaycan mediası öz sıralarına şəhid verdi, həm cəbhə bölgəsində əsgər, zabit kimi döyüşdü, həm də informasiya cəbhəsində döyüşdü. Hər iki cəbhənin də qalib gəlməsində Azərbaycan jurnalistikasının böyük rolu oldu”.

M.Ələsgərli bildirdi ki, Azərbaycan jurnalistikası bu gün qlobal informasiya məkanının, yəni dünya informasiya məkanının tərkib hissəsidir: “Azərbaycan mediası beynəlxalq media strukturlarına inteqrasiya olunub, orda öz sözünü deyir, Azərbaycan həqiqətlərini ora çatdıra bilir. Eyni zamanda, Azərbaycan xalqının məlumatlanmasında, maariflənməsində çox mühüm rol oynayır. Bu gün Azərbaycanda alternativ fikirdə özünə yer tapıb, istər ənənəvi media, istər yeni media tipləri sürətlə inkişaf edir, Azərbaycan dövləti də buna daimi qayğısını göstərir. Bir sözlə, Azərbaycan mediası, Azərbaycan media təmsilçiləri 100 illiklərlə arzuladıqları nəticələri bu gün əldə edə bilib. Hər kəsin bayramını təbrik edirəm, həmişə bayramımızı səfər dolu, zəfər ovqatlı günlərlə qeyd edək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə