Qoşulmama Hərəkatı Azərbaycanın liderliyini dəstəkləyir! ANALİTİK+AKTUAL
Prezident İlham Əliyevin regional siyasətdəki həlledici rolu artıq çoxdan obyektiv reallığa çevrilib
Məlum olduğu kimi, Qoşulmama Hərəkatı Azərbaycanın bu quruma sədrliyinin daha bir uzadılmasını istəyib və bu barədə müsbət qərar qəbul edilib. Belə ki, Azərbaycanın Hərəkata sədrliyi 2022-ci ildə başa çatırdı və qəbul edilən qərardan sonra ölkəmiz 2023-cü ilə qədər sədrliyini davam etdirəcək.
Bakının bu xüsusda daim öndə olması reallığı isə təbiidir. Müstəqil xarici siyasət, münaqişələrin həllinin konstruktivlik çərçivəsində həll olunmasına çalışmaq və qlobal islahatlarda fəallıq Azərbaycanın beynəlxalq arenadakı yerini, eləcə də rolunu əhəmiyyətli dərəcədə artırır.
Bakının Cənubi Qafqazın lideri mövqeyinə malik olması, Prezident İlham Əliyevin isə regional siyasətdə həlledici rolu artıq çoxdan obyektiv reallığa çevrilib.
Hərəkat daxilində Azərbaycan Prezidenti qədər möhkəm iradəyə malik ikinci dövlət başçısının olmadığını əminliklə vurğulaya bilərik
Bununla yanaşı, İlham Əliyevin nüfuzu Onun Qoşulmama Hərəkatına üzv ölkələrin rəhbərləri sırasındakı liderlik mövqeyini isbatlamış olur. Öz qərarlığında, qətiyyətində və beynəlxalq ədalətin təmin olunması üçün prinsipial müdafiə addımları kontekstində Hərəkat daxilində Azərbaycan Prezidenti qədər möhkəm iradəyə malik ikinci dövlət başçısının olmadığını əminliklə vurğulaya bilərik. Bu xüsusda onu da qeyd edə bilərik ki, Qafqaz regionunun liderinin nüfuzu əsasında Onun ədalətlilik prisnipi, həmçinin cürətli xarakteri də mövcuddur. Eyni zamanda, son 17 ildə aparılan daxili siyasət nəticəsində Azərbaycanın inkişaf və tərəqqisi də beynəlxalq aləmin diqqətindən kənarda qalmayıb – iqtisadi inkişaf, dövlətçiliyin müdafiəsi və bütövlüyünün qorunması, təmin edilməsi İlham Əliyev doktrinasının mükəmməlliyini kifayət qədər təsdiq etməkdədir. Ən əsası isə, Azərbaycan Prezidentinin siyasi iradəsi Qoşulmama Hərəkatının da nüfuzunu möhkəmləndirib.

Məhz İlham Əliyevin sədrliyi dönəmində bu qurum “üçüncü ölkələrin koalisiyası” səviyyəsindən yüksələrək, dünyanın prestijli təşkilatına çevirib. Əbəs deyil ki, zaman-zaman təşkilatın sıralarına daha çox ölkələr qoşulmağa can atır. Buna açıq nümunə kimi dünya supergüclərindən hesab edilən Rusiyanın üzv yazılması qərarını göstərə bilərik. Bütün bunlar isə Azərbaycan diplomatiyasının beynəlxalq siyasi arenadakı uğur tandemi olaraq qiymətləndirilir.
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın bərabərhüquqluluq prinsipi əsasında uğurlu inşaat işini həyata keçirir
Digər tərəfdən, Azərbaycanın sədrliyi sayəsində Qoşulmama Hərəkatının məlumat bazası yaradılıb, humanitar əsaslarla idarəçilik mexanizmi müəyyənləşdirilib, qurum Avropa İttifaqı və s. beynəlxalq institutlarla əlaqələrini möhkəmləndirib, BMT-nin günndəminə bir sıra mühüm qətnamələr daxil edilib, eləcə də “vaksinasiya millətçiliyi” kimi məsələ gündəmləşdirilərək müzakirə olunub və qətnamə çıxarılıb. Beləliklə, Bakının Qoşulmama Hərəkatındakı birillik fəaliyyətini əks etdirən uğurlar barədə saatlarla yazmaq olar.

Söz yox ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın bərabərhüquqluluq prinsipi əsasında uğurlu inşaat işini həyata keçirir. Hər qoyulan kərpic bir yüksəlişdir və bu kərpiclərin sayı artır. Lakin İlham Əliyev bununla da kifayətlənmir və Bakının Hərəkata daha bir il sədrlik etməsi qarşıdakı illərdə nəhəng uğurların anonsunu verməkdədir.
Yeri gəlmişkən, məhz pandemiya şəraitində Azərbaycan Hərəkat daxilində koordinasiyalı, güclü və hədəfli addımlar atmağa müvəffəq oldu.

Ölkəmiz dünyanın bir çox ölkələrinə yardımlar göstərdi və bu gün də göstərməkdədir. Misal üçün, elə bugünlərdə Bakıdan Daşkəndə və Bişkeşə çoxsaylı vaksin partiyaları göndərildi.
İlham Əliyev: “Bir daha sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması yönündə bütün gücünü ortaya qoyacaq”
Bu gün Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan tərəflər də var və bu, sirr deyil. Xüsusilə, 44 günlük müharibədən sonra qazanılan qələbə və işğaldan azad edilmiş ərazilərimizdə hər şeyin demək olar ki, sıfırdan başlaması prosesi dünyanın diqqətini ölkəmizə tərəf çevirib. Minalanmış ərazilərimizin təmizlənməsindən tutmuş bu ərazilərin yaşıl zonaya çevrilməsi, 4-cü sənaye inqilabının tələb etdiyi meyarların yaradılması, tikinti-quruculuq və s. kimi məsələlərin hər biri dostlarımızı sevindirsə də, düşmənlərimizi məyus edir və məhz Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı bizi istəməyən cinahların bundan sonra daha məyus olmalarına səbəb olacaq. Buna kimsənin şübhəsi yoxdur. Bu kimi məsələlərdə isə Azərbaycan dost olan ölkələr də öz dəstəklərini təklif edir, bu vasitə ilə sadiqliklərini nümayiş etdirirlər.

Prezident İlham Əliyev də öz çıxışında vurğulayıb ki, Qoşulmama Hərəkatındakı birlik qarşıda daha böyük uğurların qazanılmasına kifayət qədər zəmin yaradır.
“Bir daha sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması yönündə bütün gücünü ortaya qoyacaq” deyən dövlətimizin başçısı Hərəkata üzv ölkələrin xarici işlər nazirlərinin aralıq konfransında vurğulayıb.
Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB