Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü - daha bir il
Prezident İlham Əliyev: “Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”
Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətinə sədrlik edəcək. Qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. “Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”. Bunu Prezident İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.
Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi” Azərbaycan Prezidenti İlham Əliyev çıxış zamanı onu da bildirib ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük: «Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq. Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik».
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub”
“Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir»,-deyən dövlət başçısı bildirib ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub: “Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə edib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.
Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi
Göründüyü kimi, on il əvvəl dünyanın ikinci ən böyük təsisatına - Qoşulmama Hərəkatına üzv olan Azərbaycan çox qısa müddətdə böyük etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Bu nüfuzlu təsisata sədrliyi dövrü üçün Azərbaycan hərtərəfli qlobal fəaliyyət planı hazırladı. Lakin COVID-19 pandemiyasının dünyanı bürüməsi beynəlxalq platformaların da gündəmini dəyişdi. Azərbaycan yeni yaranmış vəziyyətə çevik reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüslər irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu.
Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə oldu. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsə qarşı çıxan yeganə ölkə Ermənistan isə bu yanaşmasına görə rəsmən rüsvay oldu.
2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Bütün təşəbbüslər kimi, Azərbaycanın Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasına dair təşəbbüsü də müsbət qarşılandı.
Bütün bu sadalanan amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədr olması, keçmişdə qalan münaqişə ilə bağlı cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən olunmuş, aktiv diplomatiya ilə haqlı olaraq bu böyük təsisatdan dəstək almağımız ölkə başçımızın həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir.
Bir sözlə, istər pandemiya dövründə birgə fəaliyyətin həyata keçirilməsi, istər dünyaya yeni çağırışların həyata keçirilməsi baxımından təşkilatın və ona rəhbərlik edən Azərbaycanın böyük rolu oldu. Həmçinin Vətən müharibəsi dövründə təşkilatın mövqeyi və yanaşması beynəlxalq hüququn təzahürü, Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB