DOST mərkəzləri vətəndaş məmnunluğu yaradır

DOST mərkəzləri vətəndaş məmnunluğu yaradır

"ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən "DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə Azərbaycan bu sahədə də öz sözünü demiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir.

Ölkəmizdə bu və ya digər lahiyələrin reallaşması onu göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb.

Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Belə ki, iyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Bu, sayca beşinci mərkəzdir. 4 saylı Binəqədi DOST Mərkəzindən sonra Abşeron DOST Mərkəzinin istifadəyə verildi. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb. Ümumilikdə 445 mindən çox şəxsin DOST mərkəzlərinə müraciəti nəticə etibarilə 97,4 faizlik göstərici ilə vətəndaş məmnunluğuna səbəb olub. Bu gün bu mərkəzlərin sırasına – Abşeron DOST Mərkəzinin daxil olması da sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Yeni Abşeron DOST Mərkəzi də özündə bu xüsusiyyətləri tam əks etdirir.

Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə vətəndaşlar məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 152 adda xidmətdən rahatlıqla yararlana biləcəklər.

Qeyd edək ki, maraqlı memarlıq layihəsi olan yeni DOST Mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək. DOST mərkəzlərinin daha bir əhəmiyyəti həssas təbəqədən olan vətəndaşlara dövlət qayğısını özündə əks etdirməsi ilə bağlıdır. Yaxın iki ay ərzində DOST Mərkəzində Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək, onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək.Onu da vurğulamaq yerinə düşər ki, yaxın zamanda növbəti DOST Mərkəzləri açılacaq. Belə ki, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə, 16 regional mərkəzin yaradılması planlaşdırılır və önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə