“Makronun səfəri Ermənistana yaxşı heç nə vəd etmir” - ÖZƏL-MÜNASİBƏT

“Fransa prezidenti Emanuel Makronun Ermənistana səfəri aylar əvvəl planlaşdırılıb və “yaxın qonşumuza” yaxşı heç nə vəd etmir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Fransa xüsusilə, son illər qatı ermənipərəst siyasət yürüdür və ermənilər bu yanlış siyasətin nəticələrini 44 günlük müharibə dövründə kifayət qədər hiss etdilər: “Həmin günlərdə Ermənistan verilən vədlərin yerinə yetirilməməsinin, heç bir real kömək göstərilməməsinin fəlakətli sonucunu yaşadı. Hərbi əməliyyatlar bitdi. Ermənistan tarixinin ən dəhşətli fəlakətini yaşadı, ancaq həmişə olduğu kimi, yenə də başına gələnlərdən düzgün nəticə çıxarmadı”.

A.Səmədov bildirib ki, bir neçə ay əvvəl baş verən “Qaragöl” hadisələrinə ermənicə tvitlə münasibət bildirən və Ermənistanın yanında olduqlarını bəyan edən E.Makronun Yerevana özü ilə “yeni vədlər” gətirdiyi şəksizdir: “Çox güman ki, o, ilk növbədə, ATƏT-in Minsk qrupunun “bitərəf” həmsədri kimi Ermənistana “Dağlıq Qarabağ”ın müstəqilliyi uğrunda çalışacağını söyləyəcək. Çünki sərhəddə son hadisələr zamanı ABŞ və Rusiya delimitasiya və demarkasiya işlərinin qısa müddətdə aparılması zəruriliyini söylədilər və bununla Azərbaycanın ərazi bütövlüyünün mübahisəsiz olduğunu və Ermənistanın onu tanımasının qaçılmaz olduğunu açıq şəkildə bəyan etdilər. Ancaq Fransa prezidenti bu barədə danışmamağa üstünlük verdi. Görünür, Makron bədnam “Madrid prinsipləri”ni bir daha Minsk qrupunun gündəliyinə gətirəcəyinə hələ də ümid edir və zavallı Ermənistanı da bunun mümkünlüyünə inandırmağa çalışır. Həm Yerevanda, həm də Xankəndidə ermənilərin səsləndirdikləri “müstəqillik” barədə sərsəm bəyanatlar yəqin ki, bunun nəticəsidir. Fransa prezidenti səfər zamanı daha hansı bəyanatlar, məsləhətlər, vədlər verəcək? Yaxın günlərdə görəcəyik. Bir şey aydındır. Bu reallıqdan uzaq vədlərdən ermənilər kifayət qədər zərər çəkdilər və ayılmasalar bundan sonra da çəkməkdə davam edəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə