“Qoşulmama Hərəkatını təsis etməklə üzv dövlətlər vahid mövqe nümayiş etdilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Qoşulmama Hərəkatını təsis etməklə üzv dövlətlər vahid mövqe nümayiş etdilər” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Bildiyiniz kimi, Qoşulmama Hərəkatı 1955-ci ildə təsis edilib. Artıq bu dönəmdə müxtəlif ictimai siyasi qütblərə malik olan dövlətlər arasında beynəlxalq arenada qarşıdurma kifayət qədər yüksək bir mərhələyə keçib. Əslində 1947-ci ildən sonra beynəlxalq münasibətlərdə soyuq müharibə dönəmi başlamışdır ki, Qoşulmama Hərəkatını təsis etməklə üzv dövlətlər heç bir ictimai siyasi hərbi bloka qoşulmayacaqları ilə bağlı bir mövqe bəyan edirdilər. Yəni neytral mövqedə qalacaqlar”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, əslində bu hərəkatın mövqeyi insan və hüquq azadlıqlarına hörmət, ehtiram bəsləmək və dövlətlərin ərazi bütövlüyünü tanımaq və dövlətlərin daxili işlərinə qarışmamaq kimi qurulmuşdur: “Azərbaycan bu hərəkata 2011-ci ildə üzv olub. Hərəkata üzv olması Azərbaycan Respublikasının apardığı müstəqil xarici siyasətinin prinsiplərindən irəli gəlir. Azərbaycan əslində heç bir bloklara qoşulmamaqla müxtəlif hərbi siyasi bloklarda təmsil olmuş dövlətlərlə münasibətlərə eyni önəm və əhəmiyyət verdiyinin bəyan edir. Eyni zamanda, bu bloklara qoşulmamaqla daha tarazlı siyasətini keçirməsinin mümkünlüyünün mahiyyətinə varır. Qısa müddət ərzində Azərbaycan bloklara qoşulmayan dövlətlərlə və bu blokun özü ilə həm iki tərəfli həm də çox tərəfli münasibətləri, özünün milli təhlükəsizlik maraqlarından çıxış edərək ən yüksək bir məqama çatdırıb. Elə bunun nəticəsidir ki, 2019-cu ildə bloklara qoşulmayan dövlətlərin Bakıda keçirilən sammitində Azərbaycanı bu mötəbər təşkilatın sədarətinə gətirmişdir və qarşıdakı iki il ərzində bu təşkilata sədarətlik edəcək”.

E.Manafov bildirdi ki, zaman göstərdi ki, Azərbaycanın bu təşkilatda təmsil olunması mahiyyət etibarı ilə ölkəmizin milli təhlükəsizlik maraqlarına işləyən və yeri gəldikdə Azərbaycana beynəlxalq güclər tərəfindən tətbiq edilə biləcək təhdid və təzyiqlərdən qoruya biləcək sipər rolunda çıxış edir: “Çünki keçən il Ermənistana qarşı apardığımız Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında təmsil olunmuş və müəyyən mənada Ermənistanın siyasətinə havadarlıq edən məlum dairələr Təhlükəsizlik Şurasının toplantısında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin məzmununa uyğun olmayan bir sənəd qəbul etmək istədikləri təqdirdə məhz bloklara qoşulmayan dövlətlərinin təmsilçilərinin BMT Təhlükəsizlik Şurasındakı üzvləri Azərbaycanı dəstəklədilər və nəticə etibarı ilə Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd ola biləcək və əleyhimizə işləyə biləcək bir sənədin qəbul olunmasına yol vermədilər. Bu faktın özü göstərir ki, Azərbaycan bloklara qoşulmayan quruma üzv olmaqla əslində perspektivdə özünün milli təhlükəsizlik maraqlarına, o cümlədən regionda sülhə və sabitliyə işləyə biləcək çox mühüm beynəlxalq təşkilatla münasibətləri dövlətimizin təhlükəsizlik maraqları müstəvisi üzərinə gətirə bildi. Bu, bir daha Azərbaycan hakimiyyətinin və Azərbaycan dövlət başçısı tərəfindən müəyyən edilmiş xarici siyasətimizin düzgün yolda olduğunun bariz göstəricisidir. Azərbaycanın belə bir mötəbər təşkilata təmsilçiliyi xeyrimizə işləyə biləcək fakt oldu və məhz bu amil 44 günlük Vətən müharibəsi dönəmində bizim diplomatik qələbələrimizin təmin edilməsində müəyyən mənada köməkçi faktor rolunu oynadı və güman edirəm ki biz bundan sonrada bu mötəbər təşkilatdan münasibətlərimizi həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişaf etdirməli və genişləndirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə