Dünya birliyi anlayır ki, Azərbaycan 30 il ərzində necə vəhşi düşmənlə üz-üzə qalıb - DEPUTAT RƏY VERDİ
“Azərbaycanın "Qoşulmama Hərəkatına" sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatında çox ciddi canlanma hiss olunur. Cənab prezident İlham Əliyevin bu hərəkata sədrliyi ilə təşkilata və dünya birliyinə verdiyi töhfə bütün dünya liderləri tərəfindən çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Qoşulxmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çox tarixi bir çıxış etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə dünyanı ağuşuna almış Covid-19 pandemiyası ilə əlaqədar ölkəmizin məsələyə cəld və dünya səviyyəsində bu problemin həlli üçün adekvat addımlar atması, beynəlxalq səviyyəli yardımlar ayırması təqdirəlayiq addım idi: “İyulun 13-də videokonfrans formatında keçirilən tədbirdə cənab Prezident 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatına üzv ölkələrin ədalətin bərpası üçün Azərbaycana verdiyi dəstəkdən danışıb. Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətini bir daha ortaya qoydu, işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin viran edilməsindən söz açaraq xüsusi qeyd edib ki, Füzuli şəhərində bayraq asılması üçün salamat bina tapılmayıb. Bütün bunlar erməni vandalizminin bir nümunəsi idi. Cənab Prezident çıxışı zamanı nəzərə çatdırıb ki, Şanlı Azərbaycan ordusu BMT-nin 4 qətnaməsini və həm də beynəlxalq ədaləti bərpa etmiş oldu. Bütün bunlar dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Qoşulmama Hərəkatına üzv dövlətlərinin rəsmiləri də, həmin ölkələrin xalqları da Azərbaycanın haqq işini dəstəkləyir və demək olar ki, dünya birliyi görür və anlayır ki, Azərbaycan 30 il ərzində necə vəhşi düşmənlə üz-üzə qalıb”.
V. İsgəndərov sonda qeyd edib ki, Cənab prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi dünya səviyyəsində ağır çəkili siyasətçi kimi tanınır və cənab Prezidentin hər bir fikri, hər bir bəyanatı dünyada rezonans doğurur və bu fikirlər dünyanın aparıcı KİV-lərinin manşetlərində tirajlanır. Bu da ölkəmizin və cənab Prezidentin nüfuzundan xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB