Qırğızıstan, Özbəkistan, Türkmənistan səfirləri niyə kənarda qaldılar? - DETALLAR - EKSPERT RƏYİ
“Şuşa səfərinə Azərbaycanda təmsil olunan diplomatik korpusun bəzi nümayəndələrinin qatılmaması birmənalı şəkildə ya onların regionda baş verən proseslərin mahiyyətini tam dərindən dərk etməməsindən və yaxud etinasızlıq sərgiləməsindən irəli gəlir. Düşünürəm ki, Minsk qrupunun həmsədr dövlətlərinin səfirliklərinin Şuşaya getməməsi və bunun ardınca ABŞ və Fransa səfirliklərindən verilən növbəti dişsiz izahlar bu ölkələrə başucalığı gətirmir və ümumiyyətlə onların missiyalarının üzərinə böyük kölgə salır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Politoloqun sözlərinə görə, xüsusilə, Rusiya səfirliyinin addımları bu mənada heç anlaşılan deyil: “Çünki Rusiya bu proseslərdə əsas moderatorlardan biri kimi iştirak edir. Bu məsələlər fonunda Qırğızıstan, Özbəkistan və Türkmənistan səfirlərinin Şuşaya getməməsi bizim üçün çox ağırdır və məntiqi baxımdan heç cür başa düşülən deyil. Həmsədr dövlətlərin bu səfərə getməməsində hər hansı bir geosiyasi maraq, qərəzlilik və rəqabətdən irəli gələn situativ məqamlar dayanırsa, Azərbaycanla türkdilli dövlətlər birliyində birləşən dövlətlərin, xüsusilə mənşəcə bizə yaxın olan 3 türkdilli dövlətin nümayəndələrinin Şuşaya getməməsi böyük təəccüb və qınaq doğurur. Nəzərə alsaq ki, Qırğızıstanın XİN naziri Azərbaycanda idi və burada çox yüksək səviyyəli görüşlər keçirildi. Bütün bunlardan sonra atılan bu addım başa düşülən deyil”.
S.İsgəndərovun fikrincə, bu 3 türk dövlətinin Azərbaycanın haqlı mövqeyinə dəstək verməyən hərəkətləri Türkdilli Dövlətlər Şurası tərəfindən böyük qınağa səbəb olacaq: “Azərbaycan tərəfi də təbii ki, belə halları nəzərə alıb adekvat addımlar atmalıdır. Azərbaycan həmin dövlətlərin ən çətin anlarında yanlarında olub. Həmişə onlara dəstək sərgiləyən mövqe nümayiş etdirmişik. Təəssüflər olsun ki, görünür geosiyasi proseslərdə bir çox məqamlarda kənara çəkilmək və sırf öz dövlət maraqlarımıza köklənmək lazımdır. Düşünürəm ki, bu məsələdə qardaş Türkiyə də öz mövqeyini bildirəcək. Türkdilli Dövlətlər Şurasında birləşən dövlətlərin bu mövqeyi özü başlı başına yanlışdır və sağlam məntiqlə izah olunan deyil. Düşünürəm ki, Azərbaycan XİN məsələ ilə əlaqədar həmin səfirliklərə sorğu göndərib, onların mövqeyini öyrənməlidir. Əgər, onlar da Minsk qrupunda təmsil olunan ölkələrin səfirliklərinin verdiyi kimi azdırıcı açıqlamalar verəcəksə, Azərbaycanda məsələ barədə adekvat addım atmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB