Yeni seçilmiş parlament niyə toplaşmır? - EKSPERT AÇIQLADI

Yeni seçilmiş parlament niyə toplaşmır? - EKSPERT AÇIQLADI

“Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin nəticəsi dünya təcrübəsində analoqu olmayan hadisə idi. Mühribədə məğlub olan lider seçkidə qalib gəldi. Ermənistan cəmiyyəti bu şəkildə səs verməklə bir neçə istiqamətdə mesaj verdi. Burada bizim üçün önəmli mesaj erməni xalqının revanşizmə yox deməsi, Qarabağ klanın İrəvan klanı qarşısında məğlubiyyətə uğramasıdır. Deməli, qarşı tərəf Qarabağla bağlı yeni vəziyyətlə barışıb. Bu da bizim diplomatik uğurumuzdur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, bu həm də o deməkdir ki, Azərbaycanla savaşa getməyəcəklər: “Heç bunun üçün nə hərbi, nə siyasi, nə sosial baza da mövcud deyil. Bu qələbə həm də Rusiyanın dayaqlarının məğlubiyyəti idi. Bu, regionda yeni geosiyasi reallıqlar yarandığını deməyə əsas verir. Geopolitiok orientasiyalar yönünü dəyişir. Erməni xalqı başa düşür ki, bu çətin vəziyyətdən çıxmaq üçün Azərbaycan və Türkiyə ilə danışıqlar qaçılmazdır. Seçkidən sonrakı vəziyyət isə təəccüb doğurur. Artıq bir aya yaxın zaman keçməsinə baxmayaraq parlament hökuməti formalaşdırmır. Seçki nəticələrinə görə Paşinyanın partiyası 54 faiz səs aldı. Koçaryanın Ermənistan bloku 20-21 faiz, Sarksyanın şərəfim var bloku 5 faiz aldı. Seçki məcəlləsinə görə 7 faizlik baryeri keçməyən blok parlamentə daxil ola bilmir. Parlament sisteminin qaydalarına görə, parlamentdə üç partiya təmsil olunmalıdır. Buna görə də, istisna vəziyyət olaraq, parlamentdə şərəfim var bloku da təmsil olunmalıdır. Seçki ərəfəsində Koçaryanın məğlub olduğu təqdirdə seçki nəticələrini boykot edəcəyi ilə bağlı bəyanatlar səsləndirilsə də, müxalifət bloku nəticələrə etiraz etsə də, mandatdan imtina etmədi. Çünki seçki məcəlləsinə görə, blok üzvləri yalnız fərdi qaydada mandatdan imtina edə bilərlər. Görünən odur ki, 30 namizəd arasında bu barədə yekdil qərar alına bilinməyib”.

Z.Qarayeva vurğulayıb ki, bu fonda Paşinyanın hökumət formalaşdırmadan Rusiyaya rəsmi səfər adı ilə getməsi oldu: “Təbii ki, bu rəsmi səfər deyildi. Belə olsaydı, Paşinyan Putinlə hökuməti formalaşdırdıqdan sonra gedərdi. Bu faktor özü göstərir ki, Rusiya ona loyal olan Koçaryanın məğlubiyyətindən sonra Paşinyan komandası içərisində Moskvaya meyilli şəxslərin yerləşdirilməsini təşviq edir. Sərhəd xəttində baş verən insidentlər fonunda Paşinyanın məhz hökumət qurulması prosesi ilə bağlı Rusiyaya qarşılıqlı güzəştlərə gedəcəyi gün kimi aydındır. Görüşün ardınca isə erməni "Teleqram" kanalı "Bagramyan26"-da yayımlanan məlumatlara görə, iqtidar yeni parlamenti idarə edəcək şəxsləri müəyyənləşdirib. Buna görə Vətəndaş Müqaviləsi partiyasından Alen Simonyan spiker, Ruben Rubinyan ilə Akop Arşakyan vitse-spiker olacaqlar. Nikolun “Mənim addımım” blokunun üzvü, parlamentin xarici əlaqələr komissiyasının sədri, sülh istəyən xalqından təzəcə deputat mandatı almış Ruben Rubinyan isə seçki sonrası bəyanatı Moskvada nələrin anlaşıldığından xəbər verir: Sitat: “İrəvan Bakı ilə sülh sazişi imzalamaq niyyətində deyil.

Əgər münaqişə “Artsax xalqı”nın öz müqəddəratını təyinetmə hüququ əsasında həllini taparsa, o zaman Ermənistan məmnuniyyətlə Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalayacaq”. Paşinyan Rubinyanın “barıt qoxusu” verən açıqlamasına reaksiya verməyib, onu təkzib eləməyib. Susqunluğu razılıq əlaməti saysaq, deməli, o özü də bu avantürist, erməni xalqına yalnız yeni fəlakət vəd edən mövqeyi bölüşür. Qısacası, proseslər göstərir ki, Paşinyan Rusiyanın maraqlarına uyğun hökuməti formalaşdırması hələ biraz zaman alacaq. Bu fonda Paşinyanın hökumət formalaşdrımadan Rusiyaya rəsmi səfər adı ilə getməsi də maraqlı məqamlardan oldu”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə