Xəbər verildiyi kimi Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan sərhəddəki vəziyyəti müzakirə etmək üçün Moskvaya gedib. SİA-nın Rusiya məmnbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan rəhbərlərinin əsassız şikayətlərinə, qərəzli addımlarına rəğmən Bakı öz mövqeyini çoxdan və kifayət qədər aydın şəkildə ifadə edib – demarkasiya prosesinə başlamağın vaxtıdır, ardınca isə sülh müqaviləsi üzərində iş aparılmalıdır.
"Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı qeyri-stabillik ocaqları yaranır". Bu fikirləri Moskvada səfərdə olan Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Təəssüf ki, son zamanlar biz təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki regionda vəziyyət qeyri-sabitdir. Əlbəttə, hər kəs sizin və Rusiya Federasiyasının 44 günlük müharibədə atəşkəsin əldə olunması üçün göstərdiyiniz səyləri bilir", - Putinlə danışıqlardan əvvəl Paşinyan deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistanın sərhədində isə vəziyyət "elə də sabit deyil".
Qeyd edək ki, bu səfər Paşinyanın partiyasının seçkidə qələbə qazanmasından sonra xarici ölkəyə ilk rəsmi səfəridir. Əslində isə Rusiya və Ermənistan liderləri dəfələrlə bir araya gələrək Qarabağda və Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı müzakirələr aparıblar. Onu da vurğulayaq ki, baş tutan görüşlərin demək olar ki, əksəriyyəti Ermənistan lideri Paşinyanın təşəbbüsləri ilə baş tutub.
Kremlin yaydığı məlumata görə, Paşinyanla Putinin görüşündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası da müzakirə olunub. Döyüş əməliyyatlarından zərər çəkmiş ərazilərin əhalisinə yardım, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib.
Bundan başqa, tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin qurulmasının perspektivlərini də müzakirə ediblər.
Səfər barədə məlumat açıqlanandan dərhal sonra erməni sosial şəbəkələrində KİV-də Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyə hazırlaşdıqlarını əks etdirən fotoşəkillər peyda olmağa başlayıb. Burada təəccüblü bir şey olmasa da yenə də fotoşəkillər erməni cəmiyyətində bir sıra suallar doğurub və cavab tələb edilib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dolayı yolla məlumatı təsdiqləyib və Paşinyanın sərhəddəki vəziyyətin həlli yollarını Putinlə müzakirə etdiyini bildirib. O, İrəvan və Moskvanın rus sərhədçilərinin Sünikə yerləşdirilməsi ilə bağlı uzun müddətdən bəri danışıqlar apardığını da qeyd edib.
Qriqoryanın məlumatına görə, guya iyulun 6-da sərhəddə azərbaycanlı və erməni əsgərlərinin yaralanması ilə nəticələn silahlı insidentin baş verməsində KTMT-nin baş katibi Stanislav Zası günahlandırıb. Onun sözlərinə görə, "məhz Zasın açıqlamaları Azərbaycan tərəfinə təxribat üçün səbəb vermiş ola bilər".
Qriqoryanın KTMT-nin baş katibini günahlandırması da əbəs yerə deyil. Çünki bu günlərdə Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi "təşkilatın kollektiv müdafiə nizamnaməsinə daxil olmayan sərhəd hadisəsi" adlandırmışdı bə bu ermənilərin xoşuna gəlməmişdi.
Rəsmi Bakı isə Ermənistanla sərhəddə atışmanın baş verməsi faktını inkar edib. "Azərbaycan bölmələri atəş açmayıb. Şəxsi heyətdən yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində yaralananlar varsa, bu, yalnız onların öz aralarında baş vermiş insident nəticəsində baş vermiş ola bilər", - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Xüsusi qeyd
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB