"Ermənilər olan ərazidə maraqlı qüvvələr var ki..." - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənilər olan ərazidə maraqlı qüvvələr var ki..." - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Təəssüflər olsun ki, ermənilər təxribat törətməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulması da onu göstərir ki, sülhməramlılar əbəs yerə oraya yerləşdirilməyib: “Yəni sülhməramlı qüvvələrin də qarşısına qoyulan tapşırıqlardan biri də odur ki, orada nəzarət həyata keçirsinlər, bu cür hallara qarşı müəyyən profilaktik tədbirlər görsünlər. Prinsip cəhətdən deyərdim ki, artıq neçə aydır ki, sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə olan ermənilərlə hər hansı bir problem yaşamamışıq. Bu da onu göstərir ki, sülhməramlı qüvvələr prinsip cəhətdən vəziyyəti nəzarətdə saxlaya bilirlər. Bununla əlaqədar dövlət başçısı cənab Prezident öz qəti fikrini söyləyib”.

Şair Ramaldanov həmçinin qeyd edib ki, erməni tərəfinin atəşkəsi pozması məsələsi ilə bağlı Azərbaycan rəhbərliyi sülhməramlı qüvvələrin komandanlığına lazım olan müraciəti edib. Rusiya-Türkiyə monitorinq qrupu da məlumatlandırılıb. Hal-hazırda istintaq gedir. Bu tipli təxribatlar çox ciddi şəkildə nəzarət altına alınmalı və qanun çərçivəsində həll olunmalıdır. Bu bir daha göstərir ki, ermənilər olan ərazidə hələ də maraqlı qüvvələr var ki, onlar Azərbaycan və Rusiyanın orada yerləşən müvəqqəti qüvvələri arasında soyuqluq yaransın”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə