Xilaskarlıq missiyası üçün göndərilən düha - TARİX

Xilaskarlıq missiyası üçün göndərilən düha - TARİX

Söz önü

Dini mənbələrə görə bəşəriyyət tarixində sonuncu peyğəmbər Həzrət Məhəmmədə (s.ə.) qədər 124 000 peygənbər gəlib dünyaya. O da deyilir ki, 124 000 peyğəmbərdən yalnız 13-ü yaradanla müxtəlif vasitələrlə təmasda olub, rəbbin rəsulu, yəni yer üzündəki elçisi kimi insanlara onlar vasitəsilə kəlamlarını göndərib. Qalanları isə bəşəriyyətin, insanlığın, o cümlədən mənsub olduğu xalqın tərəqqisində oynadığı müstəsna roluna görə peyğəmbər kimi qəbul edilib. Bu yerdə unutmayaq ki, “peyğəmbər” sözü hərfi tərcümədə ərəbcə “göndərilən” və ya “göndərilmiş” mənasını verir...

On dörd yaşımdan sonrakı həyatımın bütün dövrlərində məni qeyri-adi fəaliyyəti ilə daim özünə cəlb edən, düşüncələrimi gecə-gündüz “işğal” edən bir düha haqqında içimdə on illərdir gəzdirdiyim bir yazını qələmə almaq fikrinə düşdüm. Nə qədər ağır, nə qədər məsuliyyətli, həm də nə qədər şərəfli bir yükə çiyinlərimi verdiyimin fərqindəyəm. Fəqət 124 000 peyğəmbərin müqəddəs ruhuna xatir rəbbimdən bu ağır yükün öhdəsindən gəlməkdə mənə yardımçı olmasını diləyib qələmi əlimə aldım...

Tarixin yaratdığı elə qüdrətli şəxsiyyətlər olub ki, onun adının qarşısında istənilən epitetli kəlmə cılız görünür. Mənə elə gəlir ki, haqqında yazmaq istədiyim fenomen şəxsiyyətin də, sadəcə adı və soyadı bizə hər şeyi deyir, sadəcə və sadəcə HEYDƏR ƏLİYEV ad-soyadını tələffüz etmək kifayətdir ki, onun əzəmətli obrazı içimizdə möhtəşəm bir abidə kimi ucalsın!..

Sovet imperiyasını dərindən tanımaq istəyi

Hələ gənc yaşlarımdan istedadını və qətiyyətli idarəetmə qabiliyyətini heyranlıqla izlədiyim, ötən əsrin 70-ci illərinin ortalarından isə böyük simalardan eşitdiklərim, nəhayət 1991-ci ildən etibarən bir neçə dəfə şəxsən görüşüb, saatlarla söhbətləşdiyim bu fövqəlbəşər azərbaycanlıdan dinlədiklərim içimdə hər zaman bir sual doğururdu: istedad, zəhmətkeşlik, qeyri-adi təşkilatçılıq qabiliyyəti, fenomen yaddaşı olan milyonlarla insan olub, var və olacaq. Ancaq ondakı Vətən, Millət, Xalq naminə bu qədər insan düşüncəsinə belə sığmayan məhəbbətin mənbəyi hardandır? İçimdə hər zaman məni müşayiət edən bu suala, nəhayət, Akademik Yaqub Mahmudlunun son zamanlar etdiyi aşıqlamasından cavab tapdım: hələ dünyaya gəlməzdən öncə, 1920-ci illərin əvvəllərində Qarabağ və Zəngəzur uğrunda gedən savaşlarda qadınlar, uşaqlar da daxil çox sayda yaxın qohumlarının ermənilər tərəfindən qətlə yetirildiyini dedi Akademik! Heydər Əliyevin yaxınları da daxil, yüz minlərlə Azərbaycan türkünün günahsız ölümünə yerin, göyün, bütün kainatın xaliqi olan rəbbim biganə qala bilməzdi. Nahaqqın haqq üzərindəki bu amansız zülmünün qisası alınmalı, ədalətin təcəlle etməsi və iblislərin şərrindən bəşəriyyətin xilas olması, insanlığın düzənə qayıtması gərəkirdi.

Bu gərəklik üçün elə nahaqqa dəstək verildiyi – İrəvan, Dərələyəz, Göyçə kimi tarixi Azərbaycan torpaqlarında iblis xislətli "hay"lara dövlət qurulması yetməzmiş kimi, Zəngəzurun da sahiblərindən alınıb "hay"lara bağışlandığı, Qarabağda bu iblis övladlarına muxtariyyət verildiyi 1923-cü ilin mayında dünyaya göz açan körpəni seçmiş və ona tükənməyən məhəbbət hissi ilə yanaşı xilaskarlıq, haqq-ədalətin qələbəsi naminə qeyri-adi qabiliyyət ruhu bəxş etmişdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətini öyrəndikcə, indiyədək açılmayan, bəzi məqamları indi də gizlin saxlamaq zorunda qaldığımız faktlarla üz-üzə qaldıqca “sığal saçlarına allahımın əli dəydiyi” haqqında deyilən məşhur kəlamın yersiz olmadığı qənaətinə gəlirsən.

Yuxarıda yazdığım kimi, “peyğəmbər” ərəbcə “göndərilmiş” deməkdir. Heydər Əliyevin əzəmətli tarix yaradan bir millətin xilası, bununla da yeni dünyada ədalətə inamın bərqərar edilməsi missiyası ilə dünyaya gəldiyi, daha doğrusi rəbbin göndərdiyi haqqında mühakimə yürütməyə şübhə yeri qalmır. Dünyanı anladıqca, olanları öyrəndikcə gənc yaşlarından xalqının, o cümlədən yaxınlarının başına gətirilənlərin qisasını almaq, bütöv bir milləti imperiya caynaqlarından xilas etmək kimi ağır və şərəfli missiyanın onun üzərinə qoyulduğunu sanki anlamış kimi, qətiyyətli addımlar atmağa başlamışdı. Ermənilərin sadəcə bir maşa olduğunu, xalqa verilən bu zülmün fitvasının nəhəng bir imperiyadan qaynaqlandığını anlayan gənc Heydər Əliyev, məhz imperiyanın içində olmaq, onun idarəçilik mətbəxini dərindən mənimsəmək, ona içindən zərbələr vurmaqla gücsüzləşdirmək, zəiflətmək və sonda gücünü itirmiş imperiyanın caynaqlarından xalqını xilas etmək yolu tutdu.

Oxucuma məlum olan həyat yollarından söz açıb, onun vaxtını almağa lüzum görmür və hər kəsə məlum bir neçə faktları xatırladaraq əsas mətləbə keçmək istəyirəm. Sovet DTK-nın gənc məsul işçisi Heydər Əliyevə Böyük vətən müharibəsində “xain” olmuş 3 minə yaxın azərbaycanlının siyahısı verilir və onların fəaliyyətlərinin araşdırılması kimi ağır iş həvalə edilir. Gənc DTK zabiti bundan istifadə edib Sovet rəhbərliyinin gözündə daha da ucalmaq imkanından yararlanmaq əvəzinə, xalqının oğul və qızlarının xain olmadığını sübut etməyi qarşısına məqsəd qoyur. Araşdırmalar nəticəsində Mehdi Hüseynzadə haqqında ətraflı məlumatlar əldə edərək siyahının saxta olduğunu, qərəzli tərtib edildiyini üzə çıxarır. Nəticədə xain damğası vurulan Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür və siyahının qərəzli olması əsas gətirilərək icrası dayandırılmaqla arxivə verilir. Bununla da xalqının adına vurula biləcək “xain” damğasından onu xilas edir.

1960-cı illərin ortalarında Ermənistana səfər edən Sovet rəhbəri L.İ.Brejnevə qarşı hazırlanan sui-qəsdi aşkar edir və bununla ermənilərin xain bir toplum olduğu faktını ortaya qoymuş olur. 1967-ci ildə Qarabağda ermənilərin növbəti “miatsum” bağırtısını beşiyindəcə boğur və qətlə yetirilən üç günahsız azərbaycanlının qatilləri tapılaraq həbs edilir. Bu və digər bacarıqlı və etibarlı xidmətlərinin nəticəsi olaraq 1969-cu ilin 14 iyul tarixində Azərbaycan KP MK-nın birinci katibi təyin edilir. Məhz bu vəsilə ilə SSRİ-nin bütün plan və proqramlarını, onun zəif nöqtələrini tam öyrənmək mümkün idi...

Mətbəxini öyrəndiyi anti-türk imperiyadan qurtulmaq istəyi

Azərbaycan cəmiyyətində, əminəm ki, əksəriyyətin bilmədiyi elə məqamlar var ki, bunlar haqqında danışmağa Dahi Öndər Heydər Əliyev sağlığında icazə vermirdi. Görüşlərimizdə bu məsələlərdən hər dəfə söhbət açanda gülümsəyərək üstündən keçərdi. Başlıcası ona görə ki, hələ müstəqilliyi tam möhkəmlənməyən, ərazisinin bir hissəsi düşmən tapdağında olan Azərbaycana qarşı Şimal qonşumuzu qıcıqlandıracaq açıqlamaların fayda verməyəcəyini yaxşı bilirdi. Lakin artıq Azərbaycan tamamilə oturuşmuş, müstəqilliyi möhkəmlənmiş bir dövlət olduğuna, 44 günlük savaşla tarixi zəfər qazanıb, ərazimizin bütövlüyünü bərpa etdiyimizə görə, bəzi məqamların açıqlanması vaxtının çatdığını düşünürəm…

Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başlamasından cəmi dörd ay sonra – 1969-cu ulin noyabr ayında, o zaman “Gülüstan” poemasına görə ciddi təqib altında olan, 1968-ci ildə çap olunmuş “Tökülən yarpaqlar” kitabındakı “Latın dili” şerinə görə ev dustağı edilərək Şəkidəki ata evində qalan Bəxtiyar Vahabzadəni və şairin yaxın dostu, böyük ziyalı, Akademik Xudu Məmmədovu yanına dəvət etmişdi. Uzun çəkən həmin görüşün bütün detalları haqqında danışmaq imkanım yoxdu. Və bu detalların heç də hamısı mənə məlum deyil.

Lakin mənə məlum olan iki məqama oxucunun diqqətini cəlb etmək istərdim. Birinci məqam odur ki, Bəxtiyar müəllimə çılğın hərəkətlərdən əl çəkməyi, xalqın milli ruhunu qaldırmaq üçün ağıllı-başlı təşkilatlanmağın və bütün istiqaməti buna yönəltməyin vacibliyini tövsiyə etməsidir. İkinci məqam isə, 1985-1990-cı illərdə SSRİ-nin çökəcəyini proqnozlaşdırması və həmin məqamdan istifadə edib Azərbaycanın müstəqilliyə nail olmasını təmin etməyə xalqı hazırlamaqla bağlı tövsiyəsidir. Bu barədə ilk dəfə 1976-cı ilin aprel ayında, tələbəlik dövründə növbəti görüşümüz zamanı inqilabçı-şair Xəlil Rza Ulutürk mənə açıqlamış, bundan xəbər tutan Bəxtiyar Vahabzadənin xahişi ilə, şairin yaxın dostu, Qarabağda “Bala Marks” kimi tanınan Zeynal Məmmədov məni atamın vasitəsilə təcili rayona apartmış və məni hərtərəfli yoxlayıb, sirr açmayacağıma əmin olduqdan sonra gedən proses barədə ətraflı danışmışdı. Sonradan həm Bəxtiyar müəllim, həm Xudu müəllim, daha sonralar isə akademik Ziya Bünyadov, İsmayıl Şıxlı mənimlə həmin görüş barədə danışmışlar. Qaçılmaz faktdır ki, görüş keçirilən günün axşamı Bəxtiyar Vahabzadə ilə birlikdə evinə qayıdan Xudu Məmmədov, onunla qonşuluqda yaşayan gənc şərqşünas Əbülfəz Əliyevi (Elçibəy) də dəvət etmiş və sonralar Milli Azadıq Hərəkatı tarixinə qızıl hərflərlə yazılan “Üçlər hərəkatı”nın bünövrəsi qoyulmuşdur. Atomun bölünməsi prinsipinə uyğun yaranan bu hərakatda üç nəfər bir-birini tanıyırdı və hər birinin əlavə üç nəfər məxvi hərəkatçı əlaqəçisi varıdı. Beləcə, həndəsi silsilə ilə artan hərəkat fəalları az zamanda bütün Azərbaycanda milli ideologiyanın formalaşmasına yönəlik planlı, təşkilatlanmış bir sistemə çevrilmişdi. 1976-cı ilin sonlarında 25 nəfər tələbə-gənclərdən ibarət yaranan fəallar qrupunda da həmin prinsip gözlənilmişdi. Bu qrup hərəkatın üstqurumu tərəfindən tövsiyyə edilən kiçik həcmli milli ruhlu bədii əsərlərin yayılması, antisovet məzmunlu plakatların küçələrə vurulması ilə məşğul olurdu.

Bu yerdə bir məqamı da qeyd etməyi vacib sayıram. 1991-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasında, iş otağında görüşümüz zamanı bu barədə söhbət salmaq istədim. Fenomen yaddaşlı Ulu Öndər Heydər Əliyev yenə xəfifcə gülümsündü və bu söhbətləri hələ danışmağın zamanı çatmadığını bildirdikdən sonra qısaca bunları dedi:

- Bilirəm, o zaman sənə verilən antisovet plakatın birini Andropovun şəklinin altına yapışdırmışdın. O vaxt mənə bu barədə dərhal məlumat verdilər. Bildim ki, ölkənin baş çekisti bundan bərk qəzəblənəcək və bunu edəni mütləq tapıb cəzalandırmaq istəyəcək. Mən təcili İsmayıl Şıxlıya xəbər göndərdim ki, o tələbəni dərhal gizlədin, bir müddət üzə çıxmasın...

Həqiqətən, 1978-ci il may ayının 27-dən 28-nə keçən gecə həmin hadisə baş vermişdi və səhəri dərsdə ikən auditoriyadan məhz, o zaman Yazıçılar İttifaqının Sədri və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyən, bizə xarici ölkələr ədəbiyyatından dərs deyən İsmayıl Şıxlı məni rəhbərlik etdiyi kafedraya çağırtdırıb evə getməyimi, onun xəbəri olmadan evdən bayıra addım atmamağımı tapşırdı.

Mənim bildiyim başqa bir neçə fakt!

1956-cı il may ayının 28-də Bakıda bir qrup millətçi-gənclər üçrəngli Azərbaycan bayrağını dənizkənarı bulvarda dalğalandıraraq yürüşə çıxırlar. Yürüşün təşkilatçısı o zaman Azərbaycan Dövlət İncəsənət İnstitutu rejissorluq fakültəsinin sonuncu kurs tələbəsi Cahid Hilaloğlu isə onları dağıtmaq istəyən milis işçilərinin əlindən çıxaraq, bayrağı Qız qalasının üstünə qaldırır və ordan dalğalandırır. Həbs edilən Cahid bəy 15 il Sibirə sürgün cəzası alır və institutdan xaric edilir. 1970-ci ildə məhz Heydər Əliyevin köməyi ilə azadlığa buraxılan Cahid Hilaloğlunun rejissorluq diplomu da verilir və diqqətləri cəlb etməmək üçün İrəvandakı Azərbaycan Dövlət Dram Teatrına rejissor təyin edilir. Bu faktı 1989-cu ildən sonra doğulduğu bölgədə fəaliyyət göstərən Ağdam Dövlət Dram Teatrının Baş rejissoru təyin edilən Cahid Hilaloğlu mənim yazdığım “Qozbeli qəbir düzəldər” tamaşasına quruluş verdiyi 1990-cı ildə şəxsən danışıb.

1968-ci ildə “Latın dili” şeirinə görə cəzalandırılan Bəxtiyar Vahabzadənin həmin şeiri 1974-cü ildə nəşr olunan “Dan yeri” kitabında təkrar çap olunur. Ancaq bu dəfə B.Vahabzadəyə cəza deyil, “Oktyabr İnqilabı” ordeni verilir.

Ümumiyyətlə, o dövrdə Azərbaycanın milli ruhlu şairlərinin, yazıçılarının, sənət adamlarının SSRİ rəhbərliyi tərəfindən müxtəlif adlarla, orden-medallarla təltif edilməsi geniş vüsət almışdı ki, burda da məqsəd yalnız SSRİ DTK-dan həmin şəxsləri qorumaqdan ibarət ola bilərdi. Televiziyada Cənubi Azərbaycan şairi M.Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça səsləndirən böyük elm adamı, nizamişunas Rüstəm Əliyevi saxta ittihamla həbs etdikləri halda, az keçməmiş Ulu Öndər Heydər Əliyev onun azadlığa buraxılmasına nail olur. 1978-ci ildə isə M.Şəhriyarın həm “Heydərbabaya salam” poeması, həm də inqilabi çağırış ruhlu “Azərbaycan” şeiri də daxil olmaqla, kitabı Bakıda böyük tirajla çap olunur. 1974- cü ildə tələbə auditoriyasında antisovet çıxışlarına görə həbs olunan Xəlil Rzanı, ardınca Əbülfəz Əliyevi, Vilayət Rüstəmzadəni, Anarı, Asəf Kərimovu, 1978-ci ildə Nəsir Ağayevi və digər mücahidləri Sovet İmperiyasının caynağından alıb xilas etməsi də danılmaz tarixi faktlardır. 1970-ci illərdə milli ruhlu kino-filmlərin, radio, televiziya proqramlarının sayının ilbəil artması da, Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi də, dilin inkişafına yönəlik mühüm qərarların qəbul edilməsi də, 1978-ci ildə Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı Katibliyinin yaradılması da, digər bu kimi saysız-hesabsız addımların atılması da məhz dövlət səviyyəsində Dahi Öndər Heydər Əliyevin milli ruhun artırılmasına diqqətinin danılmaz olduğundan xəbər verir. Müstəqil Azərbaycan üçün güclü iqtisadi potensial yaradılması, dövlət idarəçiliyi üçün lazım olan kadrların hazırlanması, xüsusilə hərbi kadr potensialının gücləndirilməsi və sair sahələrdə 70-ci illərdə atılan addımlar, heç şübhəsiz, müstəqil dövlət olacağına qətiyyətlə əmin olan bu fövqəlinsanın gələcəyə hesablanmış addımları idi.

Daha bir məqama diqqət verilməsini istərdim. 1970-ci illərdə təkcə Azərbaycanda deyil, ümumən SSRİ-də türkçülük ideologiyası yeni inkişaf dövrünə qədəm qoydu. Bir vaxtlar türkçülük ideologiyasını “pantürkizm” adlandırıb, türkpərəstliyi cinayət hesab edən ölkədə necə oldu ki, birdən-birə dövlət səviyyəsində türkçülük təbliğ olunmağa, Moskvada “Sovetskaya türkologiya” adlı nüfuzlu jurnal nəşr edilməyə başladı? Əlimdə konkret fakt olmasa da, həmin dövrdə SSRİ-nin müxtəlif siyasi diskussiyalarında işlədilən “Turetskaya troyka” (“Türk üçlüyü”) haqqında da söz açmağa dəyər. Qazaxstanın birinci katibi Kunayevin, Azərbaycanın birinci katibi Əliyevin və Özbəkistanın birinci katibi Rəşidovun soyadlarının baş hərflərindən ibarət olmaqla ittifaqda müzakirə obyektinə çevrilən “TT-KAR” niyə sovet rəhbərlərini ciddi narahat etməyə başlamışdı? Təsadüfi deyil ki, M.Qorbaçov sovet rəhbərliyinə gəldikdən sonra, onun anti-türk proqramında əsas tədbirlərindən biri bu üçlükdən qisas almaq olmuşdu. Əvvəl hər üç respublikada “perepiska” axtarışına çıxdılar. Bundan bir şey çıxmayanda ilk olaraq Qazaxstanda, ardınca Özbəkistanın Öş vilayətində və Azərbaycanın Qarabağ bölgəsində silahlı toqquşmalara rəvac verildi. Bütün bunların təsadüf olduğunu düşünmək, zənnimcə sadəlövhlük olardı. Və əminliklə demək olar ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə aparılması, sadəcə, onun istedad və bacarığından ölkənin idarə olunmasında istifadə etməkdən daha çox, Azərbaycanda ilbəil güclənən milli ruhun qarşısını almağa, Azərbaycanı gerçək sahibindən təcrid etməyə yönələn addım idi. Sonda Heydər Əliyevi də Nəriman Nərimanovun taleyi gözləyirdi. İstədilər! Çox çalışdılar! Amma, sadəcə bacarmadılar! Çünki rəbbim tərəfindən ona verilən, ruhuna, canına, qanına hopdurulan ən böyük missiya – xalqının məhvolma təhlükəsindən xilasını və Azərbaycanın dünyaya günəş kimi döğmasını təmin etmək missiyası hələ qarşıda idi. Və Heydər Əliyevin öz sözlərini burda xatırlatmaq yerinə düşər: “Bir insanı allah qoruyursa, bəndə ona heç bir şey eliyə bilməz!”.

Xalqının xilası və əzəmətli dövlət quruculuğu missiyası

Yenə hər kəsə məlum faktları təkrarlamaq fikrindən uzağam. 1993-cü ildə xalqının təkidli istəyi ilə yaşının ahıl çağında növbəti ağır tarixi yükü çiyinlərinə alaraq təkrar ölkəyə rəhbərlik etməyə razılıq verən Heydər Əliyevin elədikləri və bu gün siyasi varisi tərəfindən uğurla davam etdirildiyi qədirbilən xalqımıza yaxşı məlumdur. Təkcə ölkənin ən qiymətli sərvəti olan karbohidrogen ehtiyatlarından nə qədər siyasi bacarıqla, səriştəli və uzaq gələcəyə hesablanaraq istifadə olunması faktı bu missiyanın da uğurla davam etdirildiyini deməyə tam əsas verir.

Bu yaxınlarda Gürcüstanın eks-prezidenti M.Saakaşvilinin Rusiya televiziya kanallalarından birinə verdiyi müsahibədə dediyi kimi, çox ölkələrin nefti, qazı var, ancaq onların dahi Öndər Heydər Əliyevi və İlham Əliyev kimi sadiq davamçısı yoxdur. Neft strategiyasının başlandığı ilk dövrlə bağlı, nədənsə indiyə kimi siyasi şərhçilərin də diqqətini cəlb etməyən bir məqamı xatırlatmaq kifayətdir ki, Dahi Öndər Heydər Əliyev fenomenini qismən də olsa anlamaq mümkün olsun.

1994-cü il sentyabr ayının 15-də Dahi Öndər Heydər Əliyev ABŞ-ın nüfuzlu “Assoşiayted press” qəzetinə müsahibə verir. Həmin müsahibə tərcümə olunaraq bir gün sonar “Xalq qəzeti”ndə çap edilmışdir. Müsahibənin sonunda neft müqaviləsi ilə bağlı danışıqların necə getdiyi, yaxın vaxtlarda bu müqavilənin bağlanıb-bağlanmayacağı ilə bağlı jurnalistin sualını cavablandıran Dahi Öndər Heydər Əliyev bildirir ki, danışıqlar çox çətin gedir, hələ razılaşdırılmamış çox məsələlər açıq qalıb və yaxın zamanlarda bu müqavilənin imzalanması gözlənilmir. Cəmi beş gün sonra, sentyabrın 20-də isə Əsrin Müqaviləsi imzalanır. Həmin dövrü xatırlayan hər kəs bilir ki, həm şimaldan, həm də cənubdan dərhal Azərbaycana qarşı hansı planlar işə salındı. Müqavilənin imzalanmasından sonrakı on dörd gün ərzində ölkədə baş verənləri xatırlamaq kifayətdir ki, Azərbaycanın gələcəyini müəyyən edəcək Əsrin Müqaviləsinin bağlanmasına qarşı nə qədər güclü təzyiqlər olduğunu anlaya bilək.

Hər bir gedişi zərgər dəqiqliyi ilə ölçüb-biçən Dahi Öndər Heydər Əliyev bütün bunların baş verəcəyini əvvəlcədən planlaşdırmışdı və onları zərərsizləşdirməyin yollarını da öncədər çızmışdı. Hər kəsə məlum olan nəticə haqqında isə danışmağa ehtiyac görmürəm...

Sonda!

Bir-iki dəfə görüşüb, onunla fikir mübadiləsində olmaq şərəfinə nail olmuş hər kəs təsdiq edər ki, Dahi Öndər Heydər Əliyevin yuxarıda sadaladığım və hər kəsin bildiyini nəzərə alıb sadalamadığım fövqəlbəşər qabiliyyətləri hər zaman dərin zəka və fenomenal yaddaşı ilə birlikdə irəliləyib. Ömrünün sonuna qədər, ən gənc yaşlarında belə baş vermiş hər bir hadisəni bütün təfərrüatı ilə yadda saxlayan bu, qüdrətdən qopmuş dühanın ilahi varlıq olduğuna şübhə edə bilmirsən. Böyük bir respublikaya rəhbərlik edib, bu respublikanın istənilən əyalətlərində, kəndlərində, qəsəbələrində baş vermiş olaylardan söhbət düşdüyü zaman, həmin olayı təfərrüatı ilə danışmasına, olay iştrakçılarının hər birinin adını, soyadını birbaşa söyləməsinə heyran qalmamaq mümkün deyildi. Rəbbim seçib göndərdiyi bu sevimli bəndəsinə sonsuz sevgi, sədaqət, yorulmaz mübarizlik, müdriklik, səbr, dözüm, uzaqgörənlik, siyasi manevrlər etmək bacarığı, iblislərə qarşı barışmazlıq duyğusu ilə bərabər iti zəka və sonsuzluq qədər dərin yaddaş da əta eləmişdi.

Kainatın sahibi olan rəbbim yalnız sevib, seçib, xilaskarlıq missiyası ilə bəşəriyyətə bəxş etdiyi fövqəlinsanlara əta edir bütün bu keyfiyyətləri...

Və ən sonda!

Tarixən rəbbimin məxsusi missiya ilə bütün göndərdiklərinin missiyasını davam etdirən xələfləri olub. Sadiq, bacarıqlı, yaradıcı xələflər göndərilmiş sələfin başladığını daha da inkişaf etdirərək, yeni böyük uğurlara nail olur. Hesab edirəm ki, rəbbimin göndərdikləri sırasında Dahi Öndər Heydər Əliyev həm də o dühalardandır ki, onun,sözün bütün mənalarında layiqli xələfi – varisi oldu. Heydər Əliyevin bu xalqa etdiyi xidmətlər sırasında ikisini xüsusi qeyd etmədən yazını tamamlanaq istəmədim. Bunun biri yuxarıda qeyd etdiyim nəhəng neft strategiyasıdır ki, məhz bu strategiya Azərbaycanın gerçək müstəqilliyini və bütün sahələrdə irimiqyaslı inkişafını təmin etdi. Qeyd etmək istədiyim ikinci tarixi xidməti isə Cənab İlham Əliyev kimi dünya siyasətini dərindən bilən, labirintləşmiş dünyanın siyasi səhnəsində ən nəhəng siyasiləri belə gözlənilməz usta gedişləri ilə mat qoya bilən, yurduna, Vətəninə, Xalqına, Dövlətinə möhkəm tellərlə bağlı olan, ən başlıcası isə tanrının göndərdiyi Dahi Öndər Heydər Əliyevin ilahi missiyasına sadiq qalan bir varis hazırlayıb, başladığı missiyanın sona qədər davam olunmasını təmin etməsidir...

Bir də bunu deməyə məcburam. Yazımın cəmiyyətdə birmənalı, hətta iki mənalı da qarşılanmayacağına əminəm. Mənalardan biri də bu olacaq: Necə oldu ki, bütün bu gizli fəaliyyət haqqında təkcə mən məlumatlı oldum? Necə oldu ki, bütün insanlar həmin gizlinləri məhz mənimlə bölüşdülər? Sualı verməkdə haqlı olsalar belə, onu da qəbul etməlidirlər ki, həyatda hər kəsin missiyası var və bu missiya yaradan tərəfindən müəyyən edilir. Göndərilmişləri gələcək nəsillərə olduğu kimi tanıtmaq missiyası da yüzlərlə, bəlkə də minlərlə insanlarla bərabər, görünür mənə də həvalə edilmiş bir yaşam vəzifəsidir. Bəlkə də buna görə çox şanslarımdan ya imtina etmişəm, ya da kimlərsə onun puç olmasında vəsilə olub.

Hesab edirəm ki, yazdıqlarım və yazmadığım minlərlə faktlar haqqında məndən də çox məlumatı olan insanlar olub və var. Kimsə bütün bunlar haqqında ilk addımı atmalı idi. Yəqin bu ilk addım missiyası mənim boynuma biçilibmiş ki, özüm də gözləmədiyim halda zaman-zaman bütün bunları bilən və özləri ilə məzara aparan böyük şəxsiyyətlərlə tale məni görüşdürmüş və bu faktların itib-batmaması üçün mənə söyləməyi lazım bilmişlər. Belədirsə, nə xoş mənə, ölmədən bu ilkə imza atmaq mənə nəsib oldu. Arxivlər açılsın, daha nələr və nələr çıxacaq üzə o zaman!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə