“Sərhədsiz reportyorlar”ın qərəzli hesabatına - MEDİA KAPİTANLARININ BAXIŞI
“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir.
SİA “Sərhədsiz reportyorlar”ın qərəzli hesabatı ilə bağlı media kapitanlarının fikirlərini öyrənib. Həmin sorğunu təqdim edirik:

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: “"Sərhədsiz reportyorlar"ın Azərbaycanla bağlı münasibəti kifayət qədər qərəzlidir. Bu qərəz onların yaydığı bütün hesabatlarda öz əksini tapır. Burada əsas məqsəd Azərbaycanla bağlı məsələlərə mənfi rəy verməklə baş verən müsbət prosesləri görməzdən gəlməkdir. Qurumun 44 günlük Vətən müharibəsi zamanı baş verən olaylara münasibətini gördük. Onlar birmənalı qaydada Azərbaycanın əksinə rəylər verdi. Guya, Azərbaycan tərəfi Qarabağa gələn jurnalistlərə bu və ya digər şəkildə təziq göstərib.
Əlbəttə bu ittihamların heç bir əsası yoxdur. "Sərhədsiz reportyorlar" hazırladıqları hesabatlarda Azərbaycanın adını bilərəkdən sonlarda verib. Faktlar kifayət qədər şişirdilir və məsələlər manipulyasiya edilərək tamam fərqli məcrada göstərilir. Qeyd edim ki, Azərbaycan jurnalistləri bu qurumun qaldırdığı məsələləri müzakirə etmək üçün onlarla açıq dialoqa hazırdır. Lakin çox təəssüf ki, qurum bu dialoqlara getməkdən həmişə imtina edib”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev: “"Sərhədsiz reportyorlar" təşkilatının Azərbaycana qarşı dəfələrlə uydurulmuş neqativ informasiya yaymasının şahidi olmuşuq. Xüsusən də biz bunu Azərbaycanın hər hansı sahədə uğur qazandığı anlarda müşaiyət edirik. Misal üçün, Vətən müharibəsi zamanı və ondan sonra bu təşkilat tərəfindən Azərbaycana qarşı qərəzli siyasətin həyata keçirildiyi açıq-aşkar göründü. Burada xarici jurnalistlər aktiv döyüş fazasının getdiyi yerə gətirilərək guya onların qəsdən hədəf seçilməsini göstərmək niyyəti var idi. Halbuki, Azərbaycanlı jurnalistlərin erməni silahlılarının basdırdığı minaların qurbanı olması faktına göz yumdular. Həmin hadisə barədə bütün beynəlxalq təşkilatlar bəyanat verdilər, amma bu təşkilat uzun müddət sonra ümumi bir açıqlama yaydı.
Bu və digər misallar onu deməyə əsas verir ki, "Sərhədsiz reportyorlar" təşkilatı bir beynəlxalq təşkilat kimi öz missiyasının öhdəsindən gəlmir, neytrallıq və obyektivliyi qoruya bilmir. Görünür, Parisdə yerləşən bu təşkilatın əsas məqsədi Azərbaycanla bağlı neqativ kontent uydurmaqla görülən işlərə kölgə salmaqdır. Şübhəsiz ki, belə hallara ölkə mediası tərəfindən dərhal reaksiya verilməli və qarşısının alınması üçün mümkün olan bütün tədbirlər görülməlidir”.

Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli: “"Sərhəsiz reportyorlar" təşkilatı beynəlxalq təşkilatdır və beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdə proseslərə yanaşma tərzi qərəzsiz və ədalətli olmalıdır. Təəssüf ki, "Sərhədsiz reortyorlar" təşkilatı yarandığı gündən bu günə qədər Azərbaycana qarşı qərəzli mövqe tutmaqla Ermənistanın yandaşı kimi çıxış edib. Bunu sübut edən çoxsaylı faktlar var. Azərbaycanda jurnalistika ilə əlaqədar bir sıra hadisələr olub, lakin sözügedən təşkilat bu məsələləri diqqətdənkənar saxlayıb. Beləki, bizim iki jurnalistimizin minaya düşərək həlak olması məsələsinə "Sərhədsiz reportyorlar" təşkilatı bir həftə sonra simvolik bir münasibət bildirdi. Hansı ki, Ermənistanda bu cür hadisələr olsaydı, "Sərhədsiz reportyorlar" dünyaya car çəkib Azərbaycanı rüsvay etməyə çalışardı.
Vətən müharibəsi dövründə "Sərhədsiz reportyorlar" Azərbaycana qarşı şər-böhtan kampaniyası apardılar. Qurum Azərbaycanın guya Xankəndində 80 nəfərə yaxın beynəlxalq jurnalisti əsir kimi saxlaması barədə absurd bir xəbər yaymağa çalışdı. Bu kimi çoxsaylı qondarma informasiyalar verildi. Lakin bütün bunların əksinə Azərbaycan jurnalistləri Ermənistan sərhədindən atəşə məruz qalanda "Sərhədsiz reportyorlar" susmaqla kifayətləndi. Eyni zamanda "Sərhədsiz reportyorlar" təşkilatı dərc etdiyi illik hesabatlarda Azərbaycanın adını haqsız olaraq ən geri sıralara atır, Ermənistanın adını isə əksinə ən ön sıralarda göstərirlər. Guya, Ermənistanda söz azadlığı yüksək səviyyədə təmin olunub. Ermənistanda medianın vəziyyətinin nə qədər pis olduğunu bütün təşkilatlar görüb və biz də bunu isbat edə bilmişik”.
Proseslər onu göstərir ki, "Sərhədsiz reportyorlar" hər zaman birtərəfli mövqe tutur və Azərbaycanı neqativ siyahıda, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışırlar. Biz bunun səbəblərini aydınlaşdırmağa çalışırıq. "Sərhədsiz reportyorlar"ın illər ərzində sərgilədiyi münasibətə aydınlıq gətirməsini istəyirik. Biz nə etməliyik ki, "Sərhədsiz reportyorlar"ın möveyi obyektiv və qərəzsiz olsun. Bununla bağlı biz artıq ikinci dəfədir ki, bu quruma məsələyə aydınlıq gətirməsi üçün müraciət imzalıyırıq. Əgər, aydınlıq gətirməzlərsə, biz növbəti mərhələlərdə başqa addımlar atmaqla, digər beynəlxalq təşkilatlara "Sərhədsiz reportyorlar"ın bu cür rüsvayçı hesabatları ilə əlaqədar sorğulama istəyəcəyik”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "Sərhədsiz reportyorlar" demək olar əksər vaxtlarda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Bu baxımdan Azərbaycan media rəhbərləri və Azərbaycan ictimaiyyətinin etirazı təbiidir. Biz bu məsələdə haqlı-ədalətli mövqeyimizi həm "Sərhədsiz reportyorlar"a, həm də digər beynəlxalq qurumlara, dünya ictimaiyyətinə çatdırmaq məqsədi güdmüşük”.
R.Məcid qeyd edib ki, "Sərhədsiz reportyorlar"a Azərbaycana münasibətdə hər hansı kənar təsirlərdən uzaq olmasını arzulayardıq: “Obyektiv, real şəraiti nəzərə alaraq bəyanatlar versinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB