Rusiyalı ekspert: İrəvan özünəqəsd edir ANALİTİK+ŞƏRH

Rusiyalı ekspert: İrəvan özünəqəsd edir ANALİTİK+ŞƏRH

Pavel Klaçkov: “Ermənistanda bir çoxlarının beyinlərində vacib olan dəyişikliklər baş verməyib”

Son vaxtlar istər Azərbaycanda, istər Rusiyada, istərsə də Ermənistanda ən çox danışılan mövzulardan biri də Cənubi Qafqazda kommunikasiyaların açılması mümkünlüyü ilə bağlıdır. İndi hər kəsi bir sual düşündürür – bu nə qədər mümkün görünür? Əslində isə kommunikasiyaların açılması mümkün olardı, əlbəttə ki, əgər Ermənistan son 8 ayda cərəyan edən postmüharibə dövrünün tələblərini çək-çevirə salmasaydı.

Halbuki 44 günlük müharibədə uğradığı ağır məğlubiyyətinə və məğlub tərəf kimi imzaladığı kapitulyasiya sənədinə baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə öz “şərtlərini” irəli sürür, əks halda sülh müqaviləsinə imza atmayacağını bəyan edir və onu da yaxşı bilir ki, məğlub tərəfin heç bir şərti olmur, şərti yalnız qaliblər müəyyən edir!

Artıq nə Rusiyanın, nə Azərbaycanın, nə də regiondakı digər oyunçuların Ermənistanın nazı ilə oynamağa nə həvəsləri bə də maraqları qalıb və səbr yenidən tükənə bilər

Bakı və Moskvanın Qarabağ münaqişəsinin həll olunduğunu bəyan etməsi, İrəvanın isə hələ də bu məsələyə köhnə nırxını qoymağa çalışması, sərsəm tələblərlə çıxış etməsi isə vəziyyətin hər an dəyişə biləcəyi ehtimallarını da artırır.

Artıq nə Rusiyanın, nə Azərbaycanın, nə də regiondakı digər oyunçuların Ermənistanın nazı ilə oynamağa nə həvəsləri bə də maraqları qalıb və səbr yenidən tükənə bilər. Yəqin ki, İrəvandakı Nikol Paşinyan hökumətinin təmsilçiləri bunu da yaxşı bilirlər və bildikləri halda hələ də prosesi uzatmaqla nə isə əldə edəcəklərini düşünürlər. Ancaq qatar çoxdan gedib və hətta tüstüsü də buludlara qarışıb...

SİA xəbər verir ki, mövzu ilə bağlı Rusiya Federasiyası hökuməti yanında Krasnoyarsk Maliyyə universitetinin direktoru, “İnkişaf komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov caliber.az-a danışıb və o, bir neçə məqamlara maraqlı aydınlıq gətirib.

"Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərini qurarkən birbaşa Ermənistana təsir edəcəyini anlayır"

Onun sözlərinə görə, sülh müqaviləsini imzalamaq əhəmiyyətlidir və buna doğru getmək vacibdir. Belə ki, sülh müqaviləsi olmadan situasiya asılı vəziyyətdə qalacaq.

SİTAT: “Müqaviləni indi imzalana biləcəyini demək çətindir. Həlledici rolu mənim düşüncəmdə Rusiya Federasiyası oynayacaq. Moskva Cənubi Qafqazda sabitliyin qarantı kimi çıxış edir. Bu yaxınlarda Ermənistanın Azərbaycana Zəngilan və Füzulidə 92 min minanın basdırıldığı ərazilərin xəritələrini verilməsini xatırlayın. Bu, Rusiya hərbi kontingenti komandanlığının iştirakı ilə baş verib. Daha böyük işlərə imza atmaq olar. Mən inanıram ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərini qurarkən birbaşa Ermənistana təsir edəcəyini anlayır. Bununla yanaşı, hesab edirəm ki, regionda hər hansı əlavə oyunçuların mövcudluğu situasiyanı çətinləşdirə bilər. Diplomatik balansı saxlamaq mühümdür”.

“Azərbaycan modeli ölkənin öncüllüyünü, regiona və dünyaya təsirlərini təmin edəcək”

Pavel Klaçkov Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olması bəyanatlarına qarşılıq olaraq Nikol Paşinyana yaxınlığı ilə seçilən deputat Ruben Rubinyanın Bakı ilə razılaşmaya getməyəcəkləri, xüsusilə Zəngəzur dəhlizinin açılmayacağı ilə bağlı bəyanatına özünəməxsus cavab verib.

SİTAT: “Qarabağ müharibəsinin nəticə göstəriciləri Azərbaycanın parlaq qələbəsi ilə başa çatdırılıb. Bu, yalnız o demək deyil ki, Ermənistan zəif idi. Bu, Azərbaycanın güclü olduğunu göstərir. Azərbaycanın gücü ondadır ki, inkişaf modelinin seçilməsi, daxili siyasət, hərbi quruculuq və xalqın hadisələrə psixoloji köklənməsi bir sıra faktorlarda qələbəni təmin etdi. Və biz eyni zamanda Ermənistandakı laxlamaları, başıpozuqluqları görürük, davamlı xaos, küçə etirazları.

Azərbaycan modeli ölkənin öncüllüyünü, regiona və dünyaya təsirlərini təmin edəcək. Azərbaycan yanaşması qərarların qəbulunun təmin olunması baxımından daha əhəmiyyətli olacaq”.

“Ermənistan modeli özünəqəsd, intihar xarakterindədir”

Klaçkov Ermənistan modeli barədə də danışaraq etiraf edib ki, bu ölkənin vəziyyətdən çıxa bilməməsi onu daha ağır vəziyyətə doğru sürükləyir və qarşısı alınmazsa, sonrakı taleyi böyük sual altına düşmüş olur. SİTAT: “Ermənistan modeli özünəqəsd, intihar xarakterindədir. Ermənistan tərəfi ardıcıl olmayan, qeyri-konstruktiv addımlar atır. Onlar anlaya bilmirlər ki, situasiya dəyişilib. Dəyişmək, sülhə öyrənmək, hər şeyi başqa cür qurmaq lazımdır. Belə çıxır ki, Ermənistanda bir çoxlarının beyinlərində vacib olan dəyişikliklər baş verməyib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə