Gülər Əhmədova: \"Azərbaycanda uşaqların təhsillə təmin olunmasına dövlət qayğısı birmənalı şəkildə digər dövlətlərdən fərqlənir\" - MÜSAHİBƏ (Səs TV)
Millət vəkili Gülər Əhmədova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdir müavini Xəyal Məmmədovun Səs TV-yə müsahibəsi:
- Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Beynəlxalq aləmin tərkib hissəsi olan Azərbaycanda uşaqların bilikli və savadlı, milli vətənpərvərlik ruhunda böyüdülməsi üçün görülən işləri qənaətbəxş hesab etmək olarmı?
Gülər Əhmədova: - Azərbaycanda uşaqlarla bağlı görülən işləri dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisə etsək, bu sahədə xeyli uğurlar qazanmış ölkə olduğumuzu açıq-aşkar görərik. Təbii ki, bu və ya digər sahələrdə görülən bütün işlər yerli qanunvericilik və beynəlxalq sənədlər üzərində qurulur. Bu baxımdan uşaq hüquqları ilə bağlı beynəlxalq sənədlərin bir çox hissəsi Azərbaycanda tətbiq olunur. Yəni, görüləcək işlərin qanuni bazasının yaradılması çox vacibdir və bu Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Bu sənədlər üzərindən həyata keçirilən proqramlara nəzər saldıqda isə, ilk olaraq Heydər Əliyev Fondunun gördüyü işləri diqqətə çatdırmalıyıq. Söhbət ondan gedir ki, Azərbaycanda bir çox hallarda ümidsiz sayılan, həlli mümkün olmayan layihələr artıq öz həllini tapıb. Məsələn, uşaqların sağlamlığı ilə bağlı məsələlərə diqqət yetirsək bu sahədə şəkərli diabet, talassemiya və digər xəstəlikləri olan uşaqlarla bağlı problemlərin həllinin uğurla həyata keçirildiyini misal göstərə bilərik. Digər yandan, fiziki qüsuru olan uşaqlarla yanaşı xüsusi istedadı olan uşaqlarla da aparılan işlərə nəzər salmaq lazımdır. Ulu öndər Heydər Əliyevin siyasətinin 20 ildir davam etdirilməsi və bu yaxınlarda ölkə prezidenti İlham ƏIiyevin xüsusi istedadı olan uşaqların təhsilinə dövlət qayğısı ilə bağlı sərəncamı da bunun bariz nümunəsidir. Üçüncü diqqət yetirilməsi lazım olan məsələ isə uşaqların fiziki hazırlığı və idman sahəsində görülən işlərdir. Azərbaycanın müxtəlif bölgələrində Olimpiya məktəblərinin tikilməsi və uşaqların peşəkar idmanla məşğul olmasına hər cür şərait yaradılması da bu sahədə görülən işlərə misaldır.
- 2009-cu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən \"Uşaq ili\" elan olunmuşdu. Dövlətimizin uşaqların hərtərəfli inkişafına göstərdiyi qayğıdan başqa daha hansı işlər görmək lazımdır?
Xəyal Məmmədov: - Təbii ki, bu qərar ölkə rəhbərliyinin müxtəlif sahələrə verdiyi xüsusi diqqətin uşaq hüquqlarına da aid olunduğunu göstərdi. Bu sahədə olan dövlət proqramı sadəcə olaraq 2009-cu illə yekunlaşmır. Bu qərarda irəli sürülən məqsədlər, əsas götürlən prinsiplər sonrakı illəri də əhatə edir. Yəni, \"Uşaq İli\"ndən başlayaraq həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. AQUPDK də bu sahədə uşaq hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində görüləcək bütün işləri araşdırır və beynəlxalaq konvensiyalardakı bütün sənədlərin yerli qanunvericilikdə icrasına çalışır.
- Ulu öndər Heydər Əliyev uşaqların sağlamlığı, vətənə faydalı formada yetişdirilməsi üçün müvafiq addımları özündə əks etdirən bir sıra dövlət proqramları təsdiqləyib. Bu gün ulu öndərin kursu Azərbaycanda necə və hansı formada davam etdirilir?
Gülər Əhmədova: - Bu gün Heydər Əliyev siyasi kursunun uğurlu davamı ondan ibarətdir ki, Azərbaycanda məktəbdən, təhsildən uzaq qalan uşaq ifadəsi kifayət qədər ciddi səslənən bir ittihamdır. Əgər biz Sovet dövründə qonşu olduğumuz bir çox dövlətlərlə müqayisə etsək görərik ki, Azərbaycanda uşaqların təhsillə təmin olunmasına dövlət qayğısı birmənalı şəkildə digər dövlətlərdən fərqlənir. Bu gün ən ucqar kəndlərdə Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş məktəblərdə uşaqların təhsilə cəlb olunması da bu fərqin əsas göstəricisidir. Digər bir tərəfdən isə, uzun illər kənd məktəblərində müəllim çatışmazlığı problemi səbəbilə tədris oluna bilməyən fənnlər, xarici dillər artıq dövlət səviyyəsində öz həllini tapıb. Unutmayaq ki, Azərbaycan cəmi 20 ildir ki, müstəqillik tarixini yaşayır. Lakin bu 20 il ərzində 200 illik tarixi olan Avropa ölkələrinin səviyyəsinə çatmaq kifayət qədər ciddi məsələdir və bütün bunlar ulu öndər siyasətinin uğurlu davamıdır.
- Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi uşuq hüquqlarının müdafiəsi istiqamətində konkret olaraq hansı işləri görüb?
Xəyal Məmmədov: - İlk öncə qeyd edim ki, Komitə 2006-cı ildən fəaliyyət göstərir və fəaliyyəti dövründə qurumun əsas işi ailə, qadın və uşaq problemləri üzrə dövlət siyasətinin formalaşdırılmasıdır. Keçən dövr ərzində komitənin gördüyü işlərə nəzər salsaq ilk növbədə gender bərabərliyi, məişət zorakılığı haqda qanunların qəbul olunmasında irəli sürülən təşəbbüsləri nümunə göstərə bilərik. Sırf uşaq hüquqları məslələrinə gəldikdə isə hazırda bizim üçün ən aktual mövzu, valideyn məsuliyyəti ilə bağlı məsələdir. Bu məsələ müxtəlif istiqamətlərdə araşdırılır, təkliflər hazırlanır. Eyni zamanda, komitənin ən önəm verdiyi məsələlərdən biri də, Azərbaycan dövlətinin öhdəsinə götürdüyü beynəlxalq məsələlərin icra olunmasıdır. Bunu üçün də biz mütəmadi olaraq bu mövzuları əhatə edən dövri hesabatlar hazırlayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB