"Ermənistanın Ağdam rayonundan sonra Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələrini Azərbaycana təhvil verməsi dövlətimizin diplomatiyasının növbəti uğurudur". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təhvil vermişdi: “Füzuli və Zəngilanda 92 min minanın basdırılması, onu deməyə əsas verir ki, Ağdamdan sonra bu rayonlar ən çox minalanmış ərazilərimizdir. Əlbəttə ki, Azərbaycan Prezidenti bu istiqamətdə bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparır və Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Məhz dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, ilk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrini Ermənistandan aldıq. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilasında böyük əhəmiyyət daşıyır. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir. Minaların təmizlənməsi maliyyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Onu da xüsusi olaraq qeyd etməliyik ki, bu xəritələrin təhvil verilməsi işğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək. Heç şübhəsiz ki, Ağdamdan sonra Füzuli rayonu ərazisində də daha çox infrastruktur layihələr həyata keçiriləcək. Bildiyiniz kimi, artıq Ağdamda bərpa-quruculuq işlərinə start verilib. Ağdamdan sonra ən böyük infrastruktur layihələrin Füzulidə reallaşdırılması, bu rayonun strateji əhəmiyyət kəsb etməsini göstərir. Bütün yol-nəqliyyat infrastrukturunun bu rayonun ərazisindən keçməsi də mina xəritələrinin alınmasının nə qədər zəruri olduğunu özündə ehtiva edir".
C.Osmanov onu da qeyd etdi ki, Füzulidə beynəlxalq aeroportun tikintisini nəzərə alsaq, bu uğurlu strateji əhəmiyyət daşıyır: "Həyata keçirilən quruculuq işləri, yol-nəqliyyat infrastrukturu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən təsirli, strateji addımlar atılır. Bütün bunlar Cənab Prezidentin həyata keçirdiyi beynəlxalq siyasətin məntiqi nəticəsidir. Onun qətiyyəti, siyasi iradəsi Azərbaycana beynəlxalq müstəvidə növbəti uğurlar qazandırır".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB