“Sarkisyan haqqında da cinayət işi qaldırılacaq” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda keçirilən seçkilərdən sonra hakimiyyətin bir əldə cəmləşməsi prosesi gedir və indiki baş nazir əvəzinin rəhbərlik etdiyi partiyanın mövqeyi möhkəmlənir. Amma nədənsə həmin şəxs müəyyən təhdidlərə məruz qalır. O gah ölkəni prezident idarəçiliyinə çevirmək istəyir, gah parlamentar üsulu qoruyub saxlamaq istəyir və s. Bu da hələ ki hakimiyyət boşluğunu, vakumunu aradan qaldıra bilmir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanda mafiyalaşmış “Qarabağ klanı”nın müqaviməti qırılıb: “Çünki artıq Köçaryan haqqında cinayət işi təzələnib və davam edir. Yəni istintaqın birinci iclası keçirilib, ikinci iclası isə avqustun sonlarına təyin edilib. Belə görünür ki, bir azdan S.Sarkisyan haqqında da cinayət işinin qaldırılmasının şahidi olacağıq. Beləliklə əsas ölkədə anarxiyanı yaradan, aranı qarışdıran və bu mitinqləri keçirən “Qarabağ klanı”nın üzvləri idi, yəni təşəbbüskarları onlar idi. Onların da müqaviməti sındırılmaq üzrədir, hətta mən deyərdim ki, artıq sındırılıbdır. Bundan sonra isə əsas məsələ hökuməti təşkil etmək və Azərbaycanla münasibətlər qurmaq, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Amma bu məsələdə hökumət hədsiz astagəl tərpənir. Buna baxmayaraq Ermənistan mövcudluğunu saxlamaq üçün güclü, qüdrətli Azərbaycanla sülh sazişi imzalamağa məcburdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB