Ombudsman KİV nümayəndələri ilə məsləhətləşmələr keçirib

Ombudsman KİV nümayəndələri ilə məsləhətləşmələr keçirib

Ombudsman Elmira Süleymanova kütləvi informasiya vasitələrinin təmsilçiləri və informasiya sahibləri olan dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, media hüquqları üzrə tanınmış ekspertlərlə məsləhətləşmələr keçirib. Ombusman Apparatından SİA-ya verilən məlumata görə, tədbir "İnformasiya əldə etmək azadlığı" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin təmsilçisi, Milli Məclisin deputatlarının və KİV nümayəndələrinin iştirak etdiyi ilk məsləhətləşmədə Müvəkkilə adı çəkilən qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun xüsusiyyətləri, KİV-lər, dövlət qurumları və QHT-lərlə əməkdaşlıq məsələləri müzakirə olunub.


E.Süleymanova tədbir iştirakçılarına məsləhətləşmənin məqsəd və məramını açıqlayıb, iştirakçıları fəal müzakirələrə, təklif və mülahizələrini söyləməyə dəvət edib. O, qeyd edib ki, hazırda bütün dünyada, o cümlədən ölkəmizdə informasiya cəmiyyəti qurulması prioritet istiqamətlərdəndir və respublikamızda bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. O, ölkə Konstitusiyasında təsbit olunmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı olduğunu vurğulayıb, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun təkcə jurnalistlərə, KİV nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğunu diqqətə çatdırıb.


Ombudsman Aparatının rəhbəri A.Səfixanlı müvəkkilə adı çəkilən qanunun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun xüsusiyyətləri barədə danışıb.


Aparatın İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Z.Məhərrəmli təmsil etdiyi təsisatın informasiya sahibi kimi fəaliyyəti, müvəkkilin KİV-lə əməkdaşlığı barədə danışıb. O, təsisatın fəaliyyəti barədə bu günədək 7.800-dən çox məqalə və informasiyanın dərc olunduğunu, fəaliyyət dövrü ərzində Ombudsmanın mətbuat xidmətinin 2.400-dək press reliz yaydığını, ingilis dilinə çevrilmiş bu press relizlərin Avropa Şurasına göndərildiyini qeyd edib.


"525-ci qəzet"in baş redaktoru R.Məcid müvəkkilə adı çəkilən qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə səlahiyyətlərin verilməsini məqsədəmüvafiq hesab etdiyini, KİV təmsilçilərinin də Ombudsmana bu işdə kömək göstərməsinin zəruriliyini vurğulayıb.


Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri V. Əliyev bu gün KİV-in cəmiyyətdə demokratik mühitin və aşkarlığın etibarlı tribunasına çevrildiyini, hər bir fərdin informasiya almaq hüququna malik olduğunu söyləyib, Ombudsmanın keçirdiyi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. O, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq strukturlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də belə məsləhətləşmələrin keçirilməsinin vacibliyini önə çəkib.


AzərTAC-ın baş direktorunun müavini D.İsmayılov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru E.Şıxlı, Mətbuat Şurası sədrinin müavini M.Ələsgərli, Media Hüququ İnstitutunun direktoru R.Hacılı, Demokratik Jurnalistlər Liqasının sədri Y. Məmmədli və b. çıxışlarında bu qanunun qəbul edilməsinin irəliyə doğru mühüm addım olduğunu, ölkəmizdə demokratik dəyərlərdən xəbər verdiyini söyləyib, mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня