Xəzərdəki hərbi təlimləri güc nümayişi olaraq qəbul etmək olar - EKSPERT RƏYİ

Xəzərdəki hərbi təlimləri güc nümayişi olaraq qəbul etmək olar - EKSPERT RƏYİ

“Xəzər dənizinin hərbiləşdirilməsi, hərbi silah-sursatla, hərbi gəmilərlə doldurulmasının qarşısının alınması hələ 20 il bundan öncə aparılan danışıqların müzakirə mövzusu olub və Xəzərin bölünməsi ilə əlaqədar müzakirələrdə də bu məsələ xüsusi yer alıb. Hələ SSRİ dövründə Xəzərin hakim dövləti rəsmi Moskva yəni, SSRİ idi. İrana Xəzər dənizində iri raket-artilleriya gəmiləri saxlanılması qadağan idi. İran yalnız keşikci gəmilərlə sahil zolağının özünə aid olan hissəsinin mühafizəsini təşkil edə bilərdi”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib.

Ekspertin sözlərinə görə, SSRİ-nin süqutundan sonra Xəzər ətrafında İranı çıxmaqla 4 respublika Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycan öz daxili problemləri ilə məşğul olmağa başladılar: “Beləliklə, Xəzərdə üstünlük əldən buraxıldı. İran bu boşluqdan istifadə edərək Xəzərdəki hərbi gəmilərinin sayını artırdı, köhnələri yeniləri ilə əvəzlədi. Bu gün Xəzərin bölünməsi prosesi başa çatıb. Lakin hərbiləşdirmə ilə bağlı məsələ öz həllini tapmayıb. Çünki Türkmənistan, Qazaxıstan, Rusiya və İran dənizdə hərbi qüdrətini artırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Davamlı olaraq yeni raket artilleriya gəmilərinin inşası və Hərbi Dəniz Qüvvələrinin təminatı ilə əlaqədar işlər görürlər. Halbuki, Türkmənistanın, Qazaxıstanın SSRİ süqut edənədək ümumiyyətlə hərbi dəniz qüvvələri yox idi. SSRİ Hərbi Dəniz Qüvvələrinin bazası Bakıda və Həştərxanda yerləşib. Bundan sonra Rusiya həm Həştərxanda, həm Maxacqalada hərbi bazalar tikdi”.

R.Məmmədli vurğulayıb ki, çox təəssüf o zaman Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi üçün hər hansı bir addım atmadı: “Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Sovet dövründə inşa olunmuş gəmilərdir və bu gəmilərin yenilənməsinə ciddi şəkildə ehtiyac var. İranın bu gün Xəzərdə aktivlik nümayiş etdirməsi təhlükə hesab etmək olar, lakin etiraf etməliyik ki, Xəzərdə İranın hər hansı üstünlük qazanması üçün Rusiya amilinin olmaması lazımdır. Bundan başqa Xəzərdə Böyük Britaniyanın, ABŞ-ın öz maraqları var. Bu baxımdan təlimləri görüntü, güc nümayişi olaraq qəbul edək. Lakin narahat olmayaq. Çünki bunun təhlükəsinin olma ehtimalı hələki sıfıra bərabərdir. Amma bu o demək deyil ki, Azərbaycan dənizdə öz hərbi imkanlarını gücləndirməməlidir. Azərbaycan Ordusunun quru ərazilərdə güclü hərbi birləşmələri var, lakin Hərbi Dəniz Qüvvələrinin gücünün artırılması üçün böyük layihələrə start verilməlidir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inkişaf xəritəsi masa üzərindədir, amma bununla bağlı qərar vermək lazımdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə