"Silah ikinci dəfə danışmağa başlasa..." - MÜSAHİBƏ

"Silah ikinci dəfə danışmağa başlasa..." - MÜSAHİBƏ

Hərbi ekspert Üzeyir Cəfərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Müharibə başa çatandan sonra qalib ordumuz qardaş ölkə Türkiyə ilə hərbi təlimlər keçir. Bu gün Azərbaycan Ordusunda ab-hava necədir? Azərbaycan Ordusunun inkişafı üçün daha hansı işlər görülür?

- Çox böyük inkişaf var, çox böyük dəyişiklik var. Azərbaycan Ordusu günü-gündən qüvvətlənir, günü-gündən öz döyüş qabiliyyətlərini artırır. Bildiyimiz kimi dünən “Mustafa Kamal Atatürk-2021” adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başladı. Bu təlimlər 600 nəfər heyətin iştirakı ilə Azərbaycanda keçirilir. Eyni zamanda qardaş Türkiyədə "Anadolu qartalı-2021" təlimləri də davam edir. Güclü ordumuz varsa, deməli biz regionda, dünyada güc sahibiyik. Zatən artıq Azərbaycanı tam fərqli rakursda qəbul edirlər. Ordumuz da həm öz bacarığı ilə, həm də ortaya qoyduğu nəticələrlə bu reytinqi bir qədər də yüksəltdi. Bu yaxınlarda Silahlı Qüvvələr günü ilə əlaqədar Ali Baş Komandan şəxsi heyətlə görüşdü. 2021-ci ilin nəticələri ilə bağlı müəyyən təhlillər olacaq. Azərbaycan 44 günlük müharibədə 21-ci əsrin tələblərinə uyğun olaraq, döyüş nümunəsi sərgilədi. Biz ordumuzla fəxr edirik, biz ordumuzla qürur duyuruq. Ordu mürəkkəb bir mexanizmdir. Silahlı qüvvələrin bütün sahəsində Azərbaycan ordusunda inkişaf gedir. Sözsüz ki, iş olan yerdə nöqsanlar da var. Bu bütün dünya ordularında belədir. Əsgərlərimiz hava şəraitindən asılı olmayaraq onlar vətən qarşısında öz borclarını şərəflə yerinə yetirirlər.

- 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində sıravi əagərindən tutmuş generala qədər bir çox insanı mükafatlandırdı. Bir neçə gün öncə saytların birində sizin belə bir açıqlamanız var idi ki, bununla bağlı qanun qəbul olunacaq. Bu yeni qanun layihəsində hansı yeniliklər var?

- Zaman-zaman qanunlarımız təkmilləşir. O cümlədən də hərbi qulluqçuların statusu haqqında da müəyyən əlavələr və dəyişikliklər qələbədən sonra ordunun şəxsi heyətinin rifahının, maddi-texniki bazasının yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən, Ali Baş Komandandan silahlı qüvvələrin müvafiq şəxslərinə göstəriş verildi. Yeni qanun layihəsi daha çox sosialyönümlüdü. Daha çox insan naminə, insan rifahı üçün hazırlanan müddəalardır. Bu, əvvəllər də vardı. İndi isə daha müasir tələblərlə ayaqlaşan, müasir tələblərə cavab verən müddəalar daxil edilib. Bir sözlə zabit, gizir, əsgərlərin hər birinin mənafeələri nəzərə alınıb. Təkcə özləri deyil, həmçinin ailə üzvləri də nəzərdə tutulub.

- Tovuz və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri düşmən tərəfindən atəşə tutulub. Bunu qarşısını almaq üçün hansı adekvat addımlar atılmalıdır? Ümumiyyətlə Azərbaycan Ordusunu təxribata cəlb etməyə çalışan ermənilərə hansı cavabı verməliyik?

- Erməni ağılsızlığına heç vaxt təəccüblənməmişəm. Ölkə başçısı da Gülüstan sarayındakı çıxışında qeyd etdi ki, "Dəmir yumruq" yerindədir. Doğurdan da rəmzi mənada desək, silah ikinci dəfə danışmağa başlasa, Ermənistan üçün nəticələr çox ağır olacaq. Bunu təkcə biz demirik. Onlara havadarlıq edən ölkələrin siyasiləri, ekspertləri də bunu deyir. Onlar istəyirlər ki, Tovuz istiqamətində Azərbaycan onlara cavab atəşi açsın. Biz heç vaxt onların təxribatına uymamışıq. İstər Azərbaycan Ordusu olsun, istər bizim Silahlı Qüvvələrin digər xidmətdə olan qoşun növləri olsun onlar verilən tapşırıqları çox dəqiqliklə yerinə yetirir. Beynəlxalq müstəvidə bəzi nüanslar var ki, həmin nüanslar Azərbaycanı məcbur edir ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşan bir dövlət kimi, bu çərçivədən kənara çıxmayaq. Şükürlər olsun ki, bu günə qədər biz haqlı olduğumuzu bütün dünyaya car edirdik. ATƏT-in boş-boğaz həmsədrlərinə artıq ehtiyac yoxdur. Onlar çalışırlar ki, yenə qan tökülsün, yenə onlar gəlsinlər guya bunlar nəyisə həll edirlər. Şuşa bəyannaməsindən sonra Azərbaycan daha etibarlıdır. Cənab Prezidentin də dediyi kimi heç vaxt Azərbaycan bu günki qədər güclü olmamışdır.

- Bakı Ağır Cinayətlər məhkəməsində erməni terror dəstəsinin üzvünün məhkəmə iclası davam edir. Biz həmin 15 terrorçunu qaytarmaq şərti ilə Ağdamın minalanmış yerlərinin xəritələrini aldıq. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə bir çox fikirlər səslənib. Deyirlər ki, həmin xəritələrin bir qismi düzgün deyil. Belə bir şey mümkündürmü?

- Biz xəritələri ona görə istəyirik ki, minalardan təmizlənmə işləri daha sürətlə getsin. Biz nə olursa-olsun o əraziləri təmizləyəcəyik. Azərbaycan vətəndaşının nəfəsi oraya dəyməlidir ki, o torpaq dirçəlsin. Xəritələrin həqiqi olub-olmaması ilə bağlı biraz fərqli düşünürəm. Onlar xəritələri verməyəcəklərsə, biz öz işimizi görəcəyik. Bir gün tez olmasın, iki gün gec olsun. Onsuz da biz öz ərazilərimizi təmizləyəcəyik. Onsuz da orada həyat və fəaliyyət bərpa olunacaq. Artıq bu proses Şuşada. Ağdamda və Füzulidə sürətlə davam edir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə