Müxalifət reallıq hissini tamamilə itirib

Müxalifət reallıq hissini tamamilə itirib

Hələ də meydan dövrünün düşüncəsində qalan müxalifət milli-siyasi məkanda heç bir halda uğur əldə edə bilməz

Bugünkü reallıq ondan ibarətdir ki, dağıdıcı müxalifət bütün hiyləgər vasitələrdən istifadə etməsinə baxmayaraq uğursuzluq zolağından çıxa bilmir. Əksinə, cəmiyyətin onlara olan nifrət hissi ötən illərə nisbətən daha da sərtləşib. Kimsə dağıdıcı müxalifət liderlərinin adına rast gələndə və ya şəkillərini sosial şəbəkələrdə görəndə onların ünvanına təhqiramiz ittihamlar səsləndirirlər. Bu baxımdan, demək olar ki, bütün cəhdlərinə və planlarına baxmayaraq bu il müxalifət partiyalarının bəzilərinin sıradan çıxacağı il olacaq. Nə qədər ki, adlarını siyasətçi qoyub, əslində, siyasi bizneslə məşğul olurlar, onların xalq tərəfindən dəstək qazanmaları müşkül olaraq qalacaq. Xalqdan dəstək ala bilməyən dağıdıcı siyasi partiyalar uğursuzluq bataqlığından çıxa bilməyəcəklər. Bu reallığı müxalifət dərk etmir. Hər vəchlə siyasi meydanda söz və nüfuz sahibi olduqlarını nümayiş etdirməyə çalışırlar. Burda deyiblər, “heç kəs ayranına turş deməz”.

Fransız dramaturqu Orenna de Balzak da məhz müxalif məxluqlar üçün deyib, “bu sərsəm, sərsəm dünyada kimsə özünə “mən dəliyəm” demir, hər kəs özünü ağıllı göstərməyə çalışır”. Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri onların xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasıdır. Dağıdıcı ünsürlər hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin fərqində deyillər. Yanlış və səhv siyasətlərini davam etdirirlər. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır. Çox istərdik ki, nəhayət, Azərbaycanda məlum həqiqəti qəbul edən konstruktiv siyasi müxalifət formalaşsın. Ancaq indiki halda bu, mümkünsüzdür.

“Onlara xaricdən pulları verənlər bu cür sifarişlər verirlər”

Ən azı müxalif düşərgəni inhisara alan, xarici dəstəklə bu inhisarçılığı davam etdirən Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri siyasi meydandan çəkilmək istəmirlər. Bu da onların siyasətə yaşam tərzi, dolanışıq mənbəyi kimi baxmalarından irəli gəlir. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Kərimov Əli, Qəmbərov İsa və Həsənli Cəmil vicdanını itirmiş və abırları olmayan insanlardır: “Adları çəkilən bu şəxslər üçün əbədi dost yoxdur, əbədi pul var. Onlara xaricdən pulları verənlər bu cür sifarişlər verirlər. Bu simasızlar üçün dostdan öncə başlıca amal pul əldə etməkdir. Ona görə də onların yanında heç kim qalmayıb. Hər zaman bu cür şəxslər belə vəziyyətdə olublar, yəni hər zaman adladıb meydanlara çıxarıblar, döydürüblər, türmələrə saldırıblar. Bunun da hesabına qrant alıb yeyiblər və qrant qurtarandan sonra onların əleyhinə danışmağa başlayıblar. İnsanın namusu və qeyrəti olar, amma bu adamlarda nə namus, nə qeyrət, nə də kişilik var. Ona görə də, bunların vicdanlarına lənət olsun. Faktlar da sübut edir ki, onları vaxtında öyrədib təxribatlar törətməyə təhrik edən və buna görə də, həbsə saldıran da elə Kərimov Əli olubdur. Kərimov Əlinin bu xüsusiyyətini hamı bilir, yəni hamı bildiyinə görə Kərimov Əli qarıyıb, qartımış qızlar kimi evində tək qalıb. Yəni Kərimov Əlinin evində özündən başqa heç kəsi yoxdur, tək qalıbdır, ailəsi də başını götürüb gedibdir, ətrafı yoxdur. Ona görə də, bu adam mənəviyyatını itirmiş bir insandır. Bir daha hər kəs görsün ki, Kərimov Əli heç kim ilə axıra qədər dostluq etmir, axıra qədər bir yerdə olmağı bacarmayan bir insandır. Yəni bunların xisləti bundan ibarətdir. Qoy onun ətrafında olanlar görsün ki, bu adam nəyə qadirdir və nə ilə məşğuldur. Nəhayət, bunu bilənlər və dərk edənlər Kərimov Əli ilə yollarını ayıracaq”.

Müxalifət özünü cəmiyyətdən təcrid edib

Bu, bir faktdır ki, müxalifət milli siyasi məkanda yalnız hakimiyyət əleyhinə yönəlmiş fəaliyyətlə görünür. Bu da onların hələ də meydan təfəkküründən xilas olmadıqlarını göstərir. Ötən illər ərzində onların yalnız xarici görkəmləri və yaşayışları qismən təzələnib. Siyasi baxışları və fəaliyyət istiqamətləri hələ də, ötən əsrin 90-cı illərinin düşüncəsidir. Məhz bu amil müxalifəti cəmiyyətdən özünəməxsus təcrid vəziyyətinə gətirib çıxarıb. Müxalifətin ictimaiyyətlə əlaqələri yox dərəcəsindədir. Onların yaydıqları informasiya yalnız əhalini mövcud olduqlarına inandırmaqdan ibarətdir. Bir sıra qruplarla yalnız icazəsiz aksiyalarda təmasa girməsi də onu göstərir ki, dağıdıcı müxalifət reallıq hissini tamamilə itirib. Görünən odur ki, xarici qüvvələrin sifarişlərini yerinə yetirən müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışan reneqatlar birliyidir. Təbii ki, belə ələbaxım funksiyasını yerinə yetirən müxaifət tarixin zibilliyinə atılmağa məhkumdur. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik. Yəni parçalanma dövrünü başa vuran müxalifət, məhvolma mərhələsinə adlamaqdadır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə