“Münaqişə bitib və rəsmi İrəvan bu reallıqdan çıxış etməlidir” DEPUTAT ŞƏRH ETDİ
Əgər söhbət Ermənistan kimi başqalarının vassallığında olan bir for-postdan deyil, normal dövlətdən getsəydi, onda həmin ölkədə seçkidə qələbə çalmış bu və ya digər siyasi partiyanın, onun liderinin kimliyinə dayanaraq, bu haqda dəqiq proqnoz vermək olardı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Millət vəkili vurğulayıb ki, Ermənistan, bildiyimiz kimi asılı bir dövlətdir, əgər dövlət demək olarsa və oradakı seçki də normal dövlətlərdəkindən fərqli olaraq, siyasi yox, geosiyasi xarakterli bir səsvermə idi.
“Reallıqları nəzərə alaraq demək olar ki, Ermənistanın gələcəkdə hansı addımlar atacağı, orada hakimiyyətdə kimin olmasından daha çox, Ermənistanın asılı olduğu çevrələrin hansı siyasəti yeridəcəklərindən asılıdır. Zəngəzur dəhlizi ilə bağlı onu demək lazımdır ki, o dəhlizin açılması, hiss olunur ki, məhz Ermənistanın vassal asılılığında olduqlarının da maraqlarındadır. Ona görə də bu dəhliz açılacaq. Təbii ki, burada söhbət sadəcə onların maraqlarında olduğuna görə açılmasından getmir. Söhbət ondan gedir ki, əks təqdirdə Azərbaycan əks addımlar ata bilər. Bu addımlar isə nə Ermənistana əl verəsidir, nə də onun vassal asılılığında olduğu çevrələrə.
O ki, qaldı digər məsələlərə, məsələn, sərhədlərin ilkin mərhələdə delimitasiyası, sonra isə demarkasiyası məsələsi, onunla bağlı da cənab Prezidentin qəti mövqeyi ortadadır. Mövqe isə bundan ibarətdir ki, Dağlıq Qarabağ anlayışı artıq yoxdur, Dağlıq Qarabağ münaqişəsi deyilən münaqişə artıq bitib və rəsmi İrəvan bu reallıqdan çıxış etməlidir, sərhədlərin delimitasiyasına başlamalıdır, Azərbaycanla sülh danışıqları üzərində düşünməlidir. Əks təqdirdə onun heç bir çıxış yolu yoxdur. Yəni, reallıq bunu diqtə edir. Baxın, sadəcə bir faktı xatırladım. Bilirsiz ki, artıq Ermənistan Azərbaycanla sərhədlərinin qorunmasını da Rusiyanın sərhəd qoşunlarına etibar edir. Daha dəqiq, yalvararaq, Rusiyadan xahiş edir ki, Azərbaycanla sərhədləri də o ölkənin sərhəd qoşunları qorusun. Bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistan Azərbaycanın timsalında necə güclü bir Türkiyə görürdüsə, necə özündən qat-qat güclü bir iran görürdüsə, elə də özündən qat-qat güclü bir dövlət, Azərbaycan dövlətini görür. Yəni, bu dərk edilirsə, onda o da dərk edilməlidir ki, Qarabağ aranlı, dağlı Azərbaycan torpağıdır və bu BMT Nizamnaməsində də öz əksini tapır. Üstəlik, Azərbaycan hər baxımdan Ermənistandan qat-qat güclü dövlətdir və 44 günlük savaşda qələbə çalmış azərbaycanlı şəhidlərin qanı ilə əbədi olaraq o torpaqlarda bayrağımızı dalğalandırmağa haqq etmiş bir dövlətdir. Ya o dövlətin başçısının şərti yerinə yetiriləcək, ya da 44 günlük savaşda üzləşdiklərindən daha sərt reallıqla üzləşəcəklər”, deyə Sahib Alıyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB