“İlk dəfədir ki, 26 iyun qalib Silahlı Qüvələrin ildönümü kimi qeyd edilir” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu zamana qədər ilk dəfədir ki, 26 iyun tarixini, özünün ildönümünü qalib Silahlı Qüvvələr kimi qeyd edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət və ordu quruculuğu strategiyasının uğurla reallaşdırılması bu qələbənin əldə edilməsində çox mühüm rol oynayır.

“Müdafiə və təhlükəsizlik xərclərinə dövlətmiz hər il böyük vəsaitlər ayırıb, müdafiə sənayemiz yaradılıb. Hərbi-texniki və hərbi-təhsil sahəsində tərəfdaşlıq etdiyimiz ölkələrlə sıx əməkdaşlıq edilib, müasir metodlarla silahlı mübarizə aparması üçün kifayət qədər ciddi silah sistemləri əldə olunub.

Ordu quruculuğunda atılan uğurlu addımlar və Vətən müharibəsindəki uğurlu döyüş əməliyyatları Azərbaycan Ordusunu hazırda dünyanın ən güclü ilk 50 ordu sırasında qərarlaşdırıb. 21-ci əsrin yeni nəsil müharibəsinin qəhrəmanı olan Azərbaycan Ordusunun döyüş potensialını ABŞ, Almaniya, Yaponiya, Rusiya, Britaniya, İtaliya kimi ölkələrin hərbi dairələri, hərbi ekspertləri, nüfuzlu beyin mərkəzləri hələ də müzakirə edirlər. Azərbaycan Ordusunun Vətən müharibəsindəki döyüş təcrübəsi hələ uzun illər boyu müzakirə ediləcək.

Fürsətdən istifadə edərək, Silahlı Qüvvələrimizin bütün mənsublarını, başda cənab Ali Baş Komandan olmaqla, bütün şəxsi heyəti, vətəndaşlarımızı və Azərbaycanın yayında olan hər kəsi Silahlı Qüvvələrimizin yaranmasının 103-cü ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Yaşasın Azərbaycan, yaşasın Silahlı Qüvvələrimiz!”, deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə