“Şuşa Bəyannaməsi bütün Türk dünyasının zəfəridir”

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə torpaqlarını işğaldan azad etdi. Bununla da öz ərazi bütövlüyünü təmin edən ölkəmiz tarixi ədaləti bərpa etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. O cümlədən, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin bundan sonra da işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində aparıcı rol oynayacağını deməyə əsas verir”. Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları Müttəfiqlik Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir nümayişi olmaqla, eyni zamanda da hər iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun yüksəlişini şərtləndirən bir tarixi sənəddir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir. Öz növbəsində yeni, daha yüksək mərhələyə keçid alan əməkdaşlıq əlaqələri hər iki qardaş ölkənin Cənubi Qafqazda rolunun və nüfuzunun artmasına səbəb olacaq.” Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsinin ölkələrimizin imkanlarını birləşdirəcək və bütün Türk dünyasının maraqlarına cavab verən tarixi sənəd olduğunu vurğulayaraq bunları deyib: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Möhtərəm dövlət başçımızın da öz çıxışında dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Şuşa Bəyannaməsi mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinin təmin olunmasına hesablanmış unikal tarixi sənəddir. Belə ki, Bəyannamədə silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Bu isə, birmənalı olaraq, bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir məqamdır.”

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə